Surəti yenidən meydana kimlər itələyir? - SURƏTin MƏXRƏC olması
Sosial şəbəkələrdə qiyamçı, qanuni hakimiyyətin düşməni Surət Hüseynovun adından bəyanat yayılıb.
Bəyanatda Surət Hüseynov ədalətdən, haqdan, həqiqətdən yazır. Kim, kim, Surət Hüseynov! Surət və haqq, Surət və demokratiya, Surət və seçki nə qədər absurd və qeyri-adekvat səslənsə də, adamın adından məhz bunlar haqqında yazılıb. Doğrudan da, "Utanmasan oynamağa nə var" məsəli bu məqam üçündür. Xalqın ölüm-zülümlə qurduğu hakimiyyəti 1993-cü ilin iyununda bir fitə - özü də rus generalının bir fitinə qiyamla devirən, daha sonra ikinci dəfə, 1994-cü ilin oktyabrında ikinci dəfə qiyama çalışan Surət Hüseynov seçkidən, özü də ədalətli seçkidən, xalqın seçib-seçməmək hüququndan hansı haqla danışır ki?!
Surət Azərbaycan xalqına edə biləcəyi ən böyük xəyanəti iki dəfə etməyə çalışıb. Birində alınıb, birində alınmayıb. İndi nə istəyir ki?
Bu yazının məqsədini kimsə öz bildiyinə, düşündüyünə yozmağa qalxmasın. Amalımız seçkiləri, onun nəticələrini nə savunmaqdır, nə də hədəfə almaq. Zatən, seçkiyə gedən də, seçkidə udan da, uduzan da nə etdiyini bilirdi və bilir. Ona görə də seçkiyə, onun nəticələrinə qiymət vermək, qalibin və ya məğlubun haqlı olmasını iddia etmək bizim reputasiyamıza daxil deyil. Hər kəs öz işini bilir və hər kəs də öz mövqeyində inandığı qədər haqlıdır! Parlament seçkilərinin ABŞ standartları ilə keçdiyini iddia etmək hamı qəbul edir ki, absurddur. Nəticələrə də kimlər etiraz etməlidirsə, edirlər və kimsə də onlara nəsə yazmır. Bizi maraqlandıran illərlə susan, haqq və ədalət, seçkinin dəyərini, xalqın etimadının siyasətin əlifbası olduğunu bilməyən, tabeçiliyindəki orduya Xankəndinin 14 kilometrliyindən geri çəkilmək əmri verən, torpaqlarımızın bu illər ərzində düşmən tapdağında qalmasında ən böyük günahkarlarından birinin - SURƏTin qəfil SÜRƏTə gəlməsidir. Surətin 1993-cü ildə, Qarabağın işğaldan azad olunacağına, Azərbaycanın maraqlarını tam mənada ifadə edən neft müqaviləsinin imzalanmasına sayılı günlər qalanda etdiklərini kimsə unudubmu görəsən? Ya 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanan kimi başlamağa cəhd etdiyi İkinci Qiyam yaddan çıxıb?
1993-cü ildə başlatdığı və canımız qədər sevdiyimiz Gəncəyə, gəncəlilərə aidiyyatı olmayan, qanla yazılan və qana yazılan bir qiyamla vəzifə kreslosunda oturmağa can atan məhz Surət idi. O Surət indi demokratiyadan və seçkidən danışır. Bu Vətən üçün Surət heç nə edə bilməz. O, ancaq dağıtmağı və kiminsə iradəsini yerinə yetirməyi bilir. İndi də Surət Hüseynovu yenidən kimsə və ya kimlərsə qızışdırır, danışdırır. O qüvvələr ki, Surət 1993-cü ildən onların girovudur. Bir zamanlar xalqın SURƏTi olan Hüseynov elə o zamandan da məxrəcdir. Nə o zaman, nə də indi ətrafında xalq adına bir neçə nəfər belə olmayan Surət Hüseynov 93-cü ilin yeni havasına girib. "Qırmızı polkovnik" bu dəfə yenidən ömürlük məxrəcə salmaq vaxtıdır. Eynən 1994-cü ildəki kimi. O zaman ikinci qiyama çalışan Surət Məxrəcə çevrildi və 3 il gizləndiyi Rusiya da onu xilas edə bilmədi, həbs edildi...
Cebhe.info