13 İL ARAMIZDA OLMASADA QƏLBLƏRDƏ DAİMA YAŞAYAN ƏLİABBAS QƏDİROVUN ƏZİZ XATİRƏSİNƏ.
Yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, psixoloji mahiyyətinə, fəlsəfı dərinliyinə uyğundur. Daxilən hərarətli və ehtiraslı temperamentə, dinamik plastikaya malik aktyor idi. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun aktyor təbiətində ilk baxışda “gizli” görünən, ancaq duzlu və cazibəli yumor idi. O, bu yumordan həssaslıqla, yığcam “xəsisliklə”, lakin bədii məziyyətləri cazibəli, könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edərdi.
Əliabbas Qədirov oynadığı obrazlara ilk növbədə elmi-nəzəri əsaslarla yanaşır, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. Səhnədə diqqətcil və həssas olardı, mürəkkəb mizanlar toplusunda oynamağı xoşlayan aktyor idi. Azərbaycanın məşhur qiraət ustalarından biridir, onun ifasında Füzuli, Vaqif, Nəsimi, Sabir... kimi dahilərin poetik nümunələri lentə alınıb.
Əliabbas Gülabbas[3] oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. On birinci sinfı 105 saylı məktəbdə bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. Elə aktyor olmağı da burada qətiləşdirib.
O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.
Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” (Surxay), Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib.
Əliabbas Qədirov 1970-ci ildən Milli Dram Teatrında oynadığı rollar zaman ardıcıllığı ilə aşağıdakı kimi sistemləşdirilə bilər:
Yusif. “Xəyyam”, Hüseyn Cavid.
Pronya. “Zamanın hokum”, Nikolay Poqodin.
Xosrov. “Küləklər”, Sabit Rəhman.
Vəli. “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə.
Givi. “Darıxma, ana!”, Nodar Dumbadze.
Leytenant və Nicat. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev.
İlyas. “Aydın”, Cəfər Cabbarlı.
Fateh. “Yol ayrıcında”, İslam Səfərli.
Qlumov. “Müdriklər”, Aleksandr Ostrovski.
Kürd Musa və Vaqif. “Vaqif”, Səməd Vurğun.
Fotoqraf. “Şöhrət və ya unudulan adam”, Nazim Hikmət.
Alman oğlu. “İnsan”, Səməd Vurğun.
Məğrur. “Əks-səda”, Nəbi Xəzri.
Coşqun. “Kölgələr pıçıldaşır”, Seyfəddin Dağlı.
Balaağa. “Vəkil neyləsin...”, Ramiz Fətəliyev.
Şərif. “Məhəbbət əfsanəsi”, Nazim Hikmət.
Daşqın. “Yollara iz düşür”, İslam Səfərli.
Balaş. “Sevil”, Cəfər Cabbarlı.
Bəhram. “Fitnə”, Abdulla Şaiq.
Seyid Hüseyn. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev.
Vasif. “İblis”, Hüseyn Cavid.
Rəşad. “Kimdir haqlı?,” Bəxtiyar Vahabzadə.
Həbib. “Büllur sarayda”, İlyas Əfəndiyev.
Toral. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov.
Diş həkimi. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov.
Qazan xan. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri.
Şirzad. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev.
Mirzə Şəfi. “Mənsiz dünya”, Nəbi Xəzri.
Dan. “Tufandan əvvəl”, Arif Süleymanov.
Kamran. “Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev.
Mircəfər Bağırov. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev.
Kərim bəy. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev.
Tərlan. “Sənsiz”, Şıxəli Qurbanov.
Misirxanov. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov.
Qraf Qloster. “Kral Lir”, Vilyam Şekspir.
İbrahim xan. “Hökmdar və qızı”, İlyas Əfəndiyev.
Qara xaqan. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə.
Ənvər. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı.
Nostradamus. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz.
Aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalarda oynamış,uzun illər əvvəlcə gənclər üçün “Məşəl”, sonralar əyləncə xarakterli “Komediyalar aləminə səyahət” verilişlərinin aparıcısı olmuşdur. Onun oynadığı tamaşaların bir qismi televiziyanın “Oızıl fond”una daxildir. Onlardan Süleyman Sani Axundovun, “Laçın yuvası” (Cahangir), Məmməd Muradan “Təkan” (Dilqəm), İlyas Əfəndiyevin “Atayevlər ailəsində” (Cahangir), Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” (Fərhad), Mar Bayciyevin “Duel” (İsgəndər), Dazortsevin “Qəbula gələn sonuncu adam” (Kişi) əsərlərinin teletamaşasında Əliabbas Qədirovun yaradıcılığı daha parlaq şəkildə təcəssüm tapıb.
Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük uğurlar qazanıb. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi “Sevinc buxtası” iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor bundan əlavə “Azərbaycanfilm”də “Xatirələr sahilində” (İmran), “Nəğmə dərsi” (Ata), “Nə yaxşı ki, Səməd Vurğun var” (Vaqif), “Bizim evin kişisi” (Mansur), “Qızıl uçurum” (Cəlil), “Qocalar” (Fəriz), “Babək” (Fəzl), “Dənizdən işarə” (Sultanov), “Sevinc buxtası” (Nazim) kimi kinolentlərinə çəkilib.
Vaxtilə, rejissor Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmmədi rolunu məharətlə ifa edib. Lakin Moskva “millətçi” ruhuna görə o fılmin ekrana çıxmasına icazə verməyib.
BEŞ.AZ saytının Rəhbər Direktoru ilqar Kazımov.
BEŞ.AZ saytının Baş Redaktoru Könül Vəliyeva.