Fransanın Afrikadakı qaranlıq siyasi və hərbi fəaliyyəti
1524-cu ildə müstəmləkəçilik siyasətinə start verən Fransa Afrikanın şimalında və cənubunda 20-dən çox ölkədə hakimiyyət qurub. 300 il qitənin 35 faizini nəzarəti altında saxlayan Fransa, yerli xalqlara qarşı qəddar davranıb, sistemli qətliamlar həyata keçirib;
- Fransa Seneqal, Fildişi Sahili və Benin kimi Afrika ölkələrində qul ticarəti həyata keçirib və bölgədə yerli xalqlara məxsus təbii sərvətləri mənimsəyib. Həmçinin Fransa Tunisdən Toqoya, Malidən Kameruna qədər bir çox Afrika ölkəsini uzun illər öz nəzarəti altında saxlayıb, sərvətlərini istismar edib. Fransa hələ də 14 Afrika ölkəsinin milli sərvətini öz əlində tutur, mədənlərindən çıxan təbii sərvətdən əldə olunan maliyyəni Parisə daşıyır. Hər il Afrika dövlətlərinin təbii sərvətlərinin satışından Fransanın dövlət büdcəsinə 500 milyard dollara yaxın vəsait daxil olur;
- Rəsmi Paris hər iki dünya müharibəsində Afrikadakı yerli xalqları müstəqillik vədi ilə aldadıb. Onlara müharibə zamanı Fransanın tərəfində vuruşmağın əvəzində müstəqillik vəd edib. Müharibə bitdikdən sonra müstəqillik tələb edən Afrika xalqlarının milli hərəkatlarını amansızlıqla yatırıb. Baş verən qətliamlar zamanı 2 milyondan çox insan həyatını itirib;
- Fransa İkinci Dünya Müharibəsində onların tərəfində vuruşan əlcəzairlilərə də müstəqillik vəd etmişdi. Amma Paris müharibə bitdikdən sonra vədinə nəinki yalançı çıxdı, hətta azadlıq hərəkatına başlayan əlcəzairlilərə qarşı sistemli qətliamlar həyata keçirməyə başladı. Fransa əsgərləri 1945-ci ildə Əlcəzairin Setif şəhərində 45 min insanı öldürüblər. Rəsmi Paris 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairlinin etiraz aksiyasını da qəddarlıqla yatırmışdı. Belə ki, Fransa işğalına qarşı etiraz edən əlcəzairlilərin Parisdə keçirdiyi aksiyaya polisin atəş açması nəticəsində mitinqçilər Sena çayına atılmışdılar. Fransa polisi çaya düşən əlcəzairliləri suda qətlə yetirib. Qətliam nəticəsində 1500 nəfər etirazçı həyatını itirib, mindən çox şəxs isə həbs olunub. Baş verənlər tarixə “Sena qətliamı” kimi düşüb. Qeyd edək ki, 132 il fransız işğalına məruz qalan Əlcəzairdə 1,5 milyon insan sistemli qətliamların, soyqırımın qurbanı olub. Fransa Əlcəzairdə törətdiyi cinayətlərə görə üzr istəməkdən imtina edir;
- Paris siyasi baxımdan təsir etdiyi ölkələrdə baş verən qətliamların ya birbaşa icraçısı, ya da təşkilatçısı olub. Məsələn, tarixin ən böyük qətliamı Ruanda soyqırımı Fransanın dəstəyi, hətta birbaşa iştirakı ilə həyata keçirilib. Ruanda soyqırımından qısa müddət öncə Fransız əsgərlərinin aldıqları kəşfiyyat məlumatlarını dəyərləndirməyərək, bölgəni tərk etdikləri bildirilir. Bəzi sənədlərdə isə qətliamda Fransa əsgərlərinin də iştirak etdiyi qeyd olunur. Bildirilir ki, Fransa hakimiyyəti bölgəni tərk etsə də, soyqırımı həyata keçirən Hutu hökumətinə silah və kəşfiyyat dəstəyi verib. 2019-cu ilin fevral ayında Fransanın “Mediapart” saytında “Ruanda soyqırımı: Fransanın yalanları ortaya çıxdı” başlıqlı diqqətçəkən məqalə dərc olunub. Yazıda ölkənin xarici kəşfiyyat xidməti DGSE-yə aid bir sənədə istinadən qeyd olunur ki, Fransa Ruandada 800 min Tutsinin öldürüldüyü soyqırımı törədənlərin həqiqi kimliyini gizlədir. 2021-ci ildə isə Ruandanın paytaxtı Kiqalidə 250 mindən çox tutsinin dəfn olunduğu soyqırımı abidəsinin qarşısında çıxış edən Fransa Prezidenti Emmanuel Makron Ruanda soyqırımına görə ölkəsinin məsuliyyət daşıdığını etiraf edib. Makronun Ruanda soyqırımı ilə bağlı etiraflarından sonra “Mediapart” saytında dərc olunmuş başqa bir xəbərdə qətliamın təşkilatçısı və “İnterpol” tərəfindən axtarılan general Aloys Ntişiragabonun Fransada yaşadığı qeyd olunmuşdu.
Görünür, Fransa həm soyqırımıları təşkil edir, həm də qətliam törədənləri öz himayəsi altına alır. Bundan başqa, Fransa hakimiyyəti bir çox hallarda müstəmləkə siyasəti həyata keçirdiyi ölkələrin Parisdəki arxivinə girişi “dövlət sirridir” adı altında əngəlləyir. Çünki Fransa hakimiyyəti anlayır ki, o arxivlər açılsa, Afrikada törətdiyi bütün cinayətlər sənədlərlə sübut olunacaq.
Elşad Barat