Baş nazirdən tapşırıq: Bu şəxslərin işləməyi qadağan edilsin!
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.
tv713.az bildirir ki, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb:
1. İclasların, müşavirələri və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilsin;
2. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın;
3. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin;
4. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin;
5. Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətə dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin;
6. Əməkdaşların xarici ölkələrə rəsmi səfərləri dayandırılsın;
7. Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilsin:
7.1 qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulların təxirə salınsın;
7.2 yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılsın;
7.3 vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;
7.4 vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;
7.5 mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin;
7.6 göstərilən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin edilsin;
7.7. mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar.
8. Əməkdaşlara sosial məsuliyyəti davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılsın.
9. Yuxarıda qeyd olunan müddəalar hüquqi mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyta təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir.