Avropa ölkələrində uşaq bağçaları, parklar, mağazalar açılmağa başlayıb
Dünyada koronavirusa yoluxanların sayında müəyyən azalma müşahidə edilir. Xüsusilə Avropada bu istiqamətlə sabitlik yaranmağa başlayıb. Buna görə də qitənin bir çox dövlətlərində ənənəvi həyatı bərpa etmək qərarına gəliblər.
tv713.az bizimyol.info-ya istinadən xəbər verir ki, Avropa ölkələrində uşaq bağçaları, parklar açılmağa başlayıb. Avstriya bu məsələdə xüsusi fərqlənir. Bu gündən xeyli qadağa aradan götürülür. Cəmi 14 mindən bir az artıq virus daşıyıcısının qeydə alındığı ölkədə kiçik mağazalara işləməyə icazə veriblər. Parklar da avstriyalıların üzünə açıqdır. Sadəcə, insanların maska taxması məcburidir.
Almaniyada son sutka ərzində əvvəlki günlərə nisbətən xeyli az yoluxma müşahidə edilib. Buna görə də həyatın bərpası labüd görünür. Bazar gününə qədər rəsmi karantin rejimidir. Sabah mütəxəssislərin iştirakı ilə federal hakimiyyətin toplantısı olacaq. Böyük ehtimalla karantin rejimi dayandırılacaq. Hərçənd, müddətin 7-10 gün uzadılması da mümkündür.
Danimarkada bu həftədən uşaq bağçaları fəaliyyətini bərpa etməyə başlayıb. Çexiyada karantin qaydalarını yumşaltmaq qərarı veriblər. Bir həftədir burada həyat daha normal təsir bağışlayır. Çexlərdən yalnız sosial məsafəni qorumaq xahiş olunur.
Dünyada virusa yoluxanların sayı 2 milyona yaxınlaşır. 120 mindən çox şəxs həyatını itirib. Virusa yoluxanların 900 minindən, ölənlərin 80 minindən çoxu Avropanın payına düşür.
tv713.az