Azərbaycan “Formula-1” dən imtina edir
“Formula-1” rəhbərliyinin, Beynəlxalq Avtomobil Federasiyasının (FİA), yarış təşkilatçılarının və sponsorların iştirakı ilə keçirilən telekonfrans zamanı Azərbaycan tərəfi bildirib ki, iyunun 7-nə planlaşdırılmış Azərbaycan Gran-prisini keçirməkdən imtina etməyi üstün tutur. Virtualaz.org xəbər verir ki, bu haqda “Motorsport” portalı bildirir.
Mart, aprrel və may aylarına nəzərdə tutulan bütün yarışların təxirə salındığı bir vaxtda mövsümün ilk yarışlarının Bakıdan başlayacağı təxmin edilirdi. Lakin Azərbaycan Qran-prisinin promouterləri koronavirus pandemiyası ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. Bu, “Formula-1” təşkilatçıları üçün daha bir zərbədir və ciddi maliyyə itkisidir, çünki Bakı yarışların keçirilməsinə görə ən yuxarı qiyməti ödəyirdi. “Formula-1” artıq yarışların təxirə salınmasına görə 200 milyon dollar itirib.
Azərbaycan iyun yarışlarının keçirilməsi niyyətindən imtinası bununla əsaslandırıb ki, şəhər trasının hazırlanması üçün işlər aprel ayında başlamalıdır. Bu proses böyük xərclər tələb edir və yarışların daha sonraya təxirə salınacağı halda həmin xərclər boşa getmiş olardı. Nümunə kimi başqa şəhər trası göstərilir: Monako Qran-prisi mayın 24-də başlamalı idi, amma təxirə salındı və artıq məlumdur ki, bu il ərzində keçirilməyəcək.
Habelə Kanada Qran-prisi də sual altındadır, bu yarışlar Bakıdan bir həftə sonra başlamalı idi.
Xatırladaq ki, bundan əvvəl “Formula-1” yarışlarının Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya mərhələləri təxirə salınıb. Üstəlik Melburn və Şanxay yarışlarının Monakoda olduğu kimi bu il ümumiyyətlə keçirilməyəcəyi bildirilib. Azərbaycan Qran-prisindən sonra yarışlar iyunun 28-də Fransada, iyulun 5-də Avstriyada, iyulun 19-da Böyük Britanyada, iyulun 26-da İspaniyada, avqustun 2-də Macarıstanda, avqustun 23-də Hollandiyada, 30-da Belçikada, sentyabrın 6-da İtaliyada, 20-də Sinqapurda, ABŞ-da sentyabrın 2-də, Meksikada noyabrın 1-də, Braziliyada isə noyabrın 15-də keçirilməliydi.
İndi bu baxımdan sual yaranır: Azərbaycan yarışı başqa vaxtda keçirməyi istəyirmi? Və əgər belə olsa “Formula-1” təqvimində Azərbaycan Qran-prisi üçün yer tapılacaqmı?
tv713.az