Şəmkirdə karantin rejimini pozaraq qəza törədən şəxslər həbs edilib
Aprelin 10-da Şəmkir rayon sakini Orxan Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə rayonun qərb istiqamətindəki çıxışında xüsusi karantin rejimi ilə bağlı yaradılan polis postuna yaxınlaşaraq Tovuz rayonuna getmək istədiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, pPolis əməkdaşları vətəndaşa karantin qaydalarını izah edərək bunun yol verilməz olduğunu bildiriblər və sürücüdən geri qayıtmasını tələb ediblər. Bu zaman Orxan Hüseynov polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq postu qanunsuz keçib. Məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə ara yollarla Qazax rayonuna qədər gedib çatan sürücü geri qayıdan zaman yenə də Şəmkir rayonun Düyərli kəndi ərazisindəki polis postunu qanunsuz keçmək istəyib. Lakin cəmi bir neçə metr irəlilədikdən sonra idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü və yanındakı sərnişin, Şəmkir rayon sakini Ülvi Süleymanov yüngül bədən xəsarətləri alıb. Polis əməkdaşları dərhal qəza baş verən əraziyə təcili tibbi yardım xidmətinin əməkdaşlarını çağırıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, səhhətlərində ciddi problemin olmadığı aşkarlanıb.
Sürücü və sərnişin aidiyyəti məhkəmənin qərarı ilə 30 sutka həbs olub. Bundan başqa, Orxan Hüseynov bir illik sürücülük hüququndan da məhrum edilib.
tv713.az