Rus bölməsi üzrə birinci sinfə qəbul onlayn formada keçiriləcək
Rus bölməsi üzrə birinci sinfə qəbul onlayn formada keçiriləcək.
M.Vəliyeva bildirib ki, Azərbaycan bölməsi üzrə ümumtəhsil müəssisələrinin birinci sinfinə qəbulla bağlı heç bir problem yoxdur:
"Bu proses elektron qaydada keçirilir. Sistem hazırda öz fəaliyyətini davam etdirir. Sadəcə olaraq, valideynlər sənədləri məktəblərə apara bilmirlər. Düşünürəm ki, burada da heç bir problem yoxdur. Zamanı çatdıqda valideynlər sənədləri təqdim etməklə uşaqlarının məktəbdə oxumaq istəyini təsdiq edəcəklər”.
O qeyd edib ki, rus bölməsi üzrə birinci sinfə qəbul üçün canlı müsahibənin keçirilməsi tələb olunur. Hazırkı vəziyyətdə bu müsahibənin onlayn platforma üzərindən keçirilməsi barədə düşünülür:
"Yay aylarında uşaqların müsahibəyə gəlməyəcəyi hökumətin qərarından asılı olacaq. Amma biz çıxış yolu kimi ikinci vəziyyətdən istifadə edirik”.
M.Vəliyeva əlavə edib ki, ilkin olaraq, may ayında rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyən 300-ə yaxın uşağın onlayn müsahibəsi təşkil olunacaq. Həmin müsahibənin nəticəsindən asılı olaraq, rus bölməsi üzrə təhsil almaq istəyən qalan 8 minə yaxın uşaq üçün müsahibənin onlayn keçirilməsi məsələsi müzakirə ediləcək:
"Ümid edək ki, yay aylarında vəziyyət yaxşılaşacaq və biz planlaşdırdığımız bütün tədbirləri əvvəlki illərdə olduğu kimi həyata keçirə biləcəyik. Amma bu, hələ istəkdir, yaranmış vəziyyətə hazır olmaq lazımdır”.
tv713.az