Gədəbəyin icra hakimiyyəti başçısı: “Şantaj və reket jurnalistikası işləməyə imkan vermir...”
Bu gün bəzi yerli saytlarda Gədəbəy rayon İcra Hakimiyyətinin vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlunun ürəktutmadan öldüyü haqda xəbərlər yayılıb. Və iddia edilib ki, həmin məmur bir neçə gün əvvəl rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev tərəfindən bərk danlanıb. Və nəticədə vəziyyəti pisləşən şöbə müdiri daha sonra keçinib. O da bildirilir ki, əvvəllər də icra başçısı iki kənd icra nümayəndəsini bərk danladığı üçün onların ürəktutmadan ölümünə səbəb olub.
tv713.az bildirir ki, virtualaz.org məmurun qəfil ölümü və səslənən iddialarla bağlı icra hakimiyyətinin başçısı ilə əlaqə saxlayıb. İbrahim Mustafayev bildirib ki, belə xəbərləri reket və şantajla məşğul olan jurnalistlər yayır.
“Həmin əməkdaş iki həftədir səhhətinə görə işə çıxmırdı. Amma adı xüsusi karantin rejimi dövründə işə çıxmalı olan əməkdaşlar siyahısında idi. Yanvar ayında da məndən icazə aldı, səhhətinə görə 20 gün işə çıxmadı. Ürəyinin xəstə olduğunu deməmişdi, amma sinirləri ilə bağlı problemdən şikayətlənmişdi. Dünən vəziyyəti pisləşib, evindən rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da orada keçinib. Heç bir danlamaqdan, təzyiqdən söhbət gedə bilməz. Onu işə mən götürmüşdüm, işinə məsuliyyətlə yanaşan işçi idi. Araşdırmışıq ki, belə xəbərləri rayondan jurnalistika adı altında reketliyi və şantajı özünə peşə seçən biri yayır. Həmin adam DSMF-nin rayon şöbəsində əməkdaşları təhqir edib, kompüterləri sındırıb və sonradan döyülməsi haqda şikayət verib. Biz bilmirik rayonda xüsusi karantin rejimində təsərrüfat fəaliyyətini təmin edək, yoxsa bu cür şantaj və böhtanla mübarizə aparaq”,-icra hakimiyyətinin başçısı bildirib.
Vəfat edən Rakif Həsənovun Azər adlı qaynı isə virtualaz.org-a açıqlamasında bildirdi ki, mərhumun ailə üzvləri və onun yaxınları bu cür uydurma məlumatın yayılmasından narahatlıq keçirirlər. Amma qohumunun bildirdiyinə görə, R.Həsənovun əvvəllər ürəyindən şikayəti olmayıb və müalicə almayıb.
“1971-ci il təvəllüdlü idi, 49 yaşı vardı. Son vaxtlar işə çıxmırdı, evdə idi. Qəfildən özünü pis hiss edib, həkimə çatdırsalar da keçinib. Onun guya işdə danlanması barədə deyilənlər tam yalandır. Bunu digər ailə üzvləri də təsdiq edə bilər. Rakif işinə son dərəcə məsuliyyətlə yanaşan işçi idi, özünü danladan deyildi, icra başçısı ilə münasibətləri də yaxşı olub. Bu məlumatı kimin nə məqsədlə yaydığını bilmirik, indi başımız yasa qarışıb. Amma zəng vurub deyirlər ki, saytlarda belə yazırlar. Bunlar mərhumun ailə üzvlərinin və yaxınlarının heysiyyatına toxunur, ailəmizə faciə üz verib və kimlərsə bundan öz məqsədləri üçün istifadə etməyə çalışır”,-mərhumun yaxını belə deyib.