Toy qadağasının gətirdiyi PROBLEMLƏR
“Azərbaycanda toy sferası özü ilə bərabər yan sahələrə də təsir edən və onları inkişaf etdirən biznes sferasıdır. Ona görə də bu sahəyə təsir edən hər şey onunla bağlı bütün sahələrə təsir edir”.
Bunu Modern.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli koronavirus pandemiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi çəçivəsində toylara qoyulan qadağanın iqtisadi zərərləri barədə danışarkən bildirib.
N.Cəfərli deyib ki, əvvəldən bu sahədə qeydiyyatla, leqal əməliyyatlarla, köçürmələrlə bağlı problemlər var idi:
“Heç vaxt toy sahibləri restoran sahiblərilə müqavilə bağlamırdı, müqavilə mədəniyyəti yox idi. Bu da vergidən yayınmalara, həmçinin bir sıra problemlərə yol açırdı. Toyda iştirak edən müğənnilər, tamadalar vergi vermirdi. Karantin rejimi bu sahəyə təsirsiz ötüşmədi. Amma bu o demək deyil ki, karantindən doğan tədbirlər digər sahələrə təsir etmir. Karantin rejimi bütün sahələrə təsir göstərir, paralel olaraq, iş yerlərinin azalmasına səbəb olur.
Həm şadlıq evlərində çalışanlar işsizdir, həm də şadlıq evlərini qida məhsulları, spirtli içkilər və digər məhsullarla, video və foto çəkilişindən, salonlarından tutmuş bütün xidmətlərlə təmin edən sahələrə təsir edir”.
Ekspert deyib ki, icazə veriləcəyi halda, Azərbaycanda toylarla bağlı yeni qaydaların tətbiqi gözlənilir:
“Nəzərə almaq lazımdır ki, bu, Azərbaycanın tətbiq etdiyi qadağa deyil. Bütün dünyada kütləvi tədbilər, şadlıqlarla bağlı qadağalar qüvvəyə minib. Hazırda tibbi təhlükəsizlik məsələləri öndə olduğu üçün digər məsələlər arxa plana keçib. Amma təbii ki, bu, uzun müddət davam edə bilməz. Yəqin ki, bir müddətdən sonra pandemiyanın gətirdiyi problemlərin artımını hiss edəcəyik. Bu səbəbdən gözlənilir ki, növbəti mərhələlərdə bəzi qadağalar da yumşaldılsın.
Qonşu Türkiyədə iyunun 1-dən toy salonlarının açılması gündəmdədir. Amma hökumət həkimlərlə birlikdə qaydalar müəyyən ediblər. Qaydalarda sosial məsafə prinsipi əsas götürülüb. Qonaqların sayı, masalar, insanlar arasındakı məsafələr həmin qaydalarla tənzimlənir. Bu qaydalara əməl etmək şərtilə toyların keçirilməsinə icazə verilir. Gözlənilir ki, Azərbaycanda da buna bənzər qaydalarla toyların keçirilməsinə icazə verilsin”.
İqtisadçı Razi Abasbəyli toylar yoxdu deyə, aşağıdakı problemlərin yarandığını bildirib:
- Bərbərxana və gözəllik salonlarında təlabat aşağıdır:
- Ət və ət məhsullarının satışında azalma var;
- Mebel sənayesi müştəri tapa bilmir;
- Məişət cihazlarının satışında kəskin azalma var;
- Aqrar sektordan toplanan mövsümi məhsulların kütləvi alışını təmin etmək çətindir - xiyar, pomidor, kartof, bütövlükdə qida sənayesi, spirtli içki bazarı ciddi müştəri problemi yaşayır;
- Kosmetika, ətriyyat bazarında da durğunluqdur;
- İcarə geyim dəstlərindən tutmuş, adi qaydada satılan geyim bazarında vəziyyət pisləşib.
- Qızıl bazarı daha ağır böhran yaşayır.
Bu arada Nazirlər Kabineti yanında Operativ Qərargah iyun-iyul aylarında da toyların keçirilməsinə icazə verilməsinin nəzərdə tutulmadığını bəyan edib.
tv713.az