Azərbaycan karateçilərinin Olimpiya lisenziyası ləğv oluna bilər
Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək karateçilərin müəyyənləşməsi sistemi dəyişdirilib.
Bu barədə olan qərarı Ümumdünya Karate Federasiyası verib.
Beynəlxalq Olimpiya Komitəsinin razılığı ilə atılan addıma əsasən, lisenziya xalı verən turnirlərin sistemində dəyişiklik olub. Qurum koronavirus pandemiyası üzündən baş tutmayan Rabatdakı Karate1 Premyer Liqa və Bakıdakı Avropa çempionatının əvəzinə digər turnirlərin lisenziya xalı verməsini məqsədəuyğun sayıb. Rabatda təşkil olunacaq növbəti – 2021-ci ilin yarışı, həmçinin Höteborqdakı gələn ilki qitə çempionatı Olimpiada baxımından həlledici olacaq. Lakin hər iki yarışla bağlı son qərar federasiyanın İcraiyyə Komitəsinin səlahiyyətində olacaq.
Bu dəyişikliklər Azərbaycan idmançılarına da təsir edib. Artıq lisenziyanı təmin edən Rafael Ağayevlə (75 kq) İrina Zaretskayanın (+75) lisenziyaları təmin etməsi ləğv oluna bilər.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus üzündən təxirə salınıb və 2021-ci il iyulun 22-dən avqustun 8-dək keçiriləcək.(apa.az)
tv713.az