Baş Prokurorluq: Lerikdəki cinayətin isti izlərlə açılması təmin edilib
İyulun 19-da Bakının Xətai Rayon Polis İdarəsinə rayon sakini, 1981-ci il tarixli Əkbər Nuriyevin itkin düşməsi barədə ailə üzvlərinin müraciəti daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə,həmin müraciət əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilmiş gizli cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Əkbər Nuriyevin Lerik rayonu ərazisində qəsdən öldürülməsi müəyyən edilib.
Araşdırmalarla 1960-cı il təvəllüdlü Akif Rzayevin, kürəkəni Əkbər Nuriyevi iyulun 19-da Lerik rayonuna aparmasına, orada ailə daxilində baş verən narazılıqlar səbəbindən aralarında yaranmış mübahisə zamanı küt əlatlə baş nahiyəsinə zərbələr endirməklə qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti yandıraraq basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, meyit gizlədilmək məqsədi ilə basdırıldığı yerdə yanmış vəziyyətdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Akif Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
tv713.az