Deputat: "Çimərlikləri açmaq əvəzinə iş yerlərini açın"
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı yeni narazılıqlara yol açıb.
Məsələn, iqtisadçı-alim Qubad İbadoğlu hesab edir ki, hökumətin əhaliyə maddi yardım etmək əvəzinə SMS icazəni ləğv etməsi əlavə problemlər yaradacaq: “Bağlı qalan iş yerlərinə, qadağan olunan toy və yas tədbirlərinə görə dövlət üzərinə nə vətəndaşlar, nə də sahibkarlar qarşısında heç bir öhdəlik götürmədi, məsuliyyəti bölüşmədi. Xərclər yenə də ailə başçılarının, işə götürənlərin, sahibkarların üzərində qaldı. Hətta, 190 manatı belə, işsizlərə və aztəminatlılara çox görən hökumət yenə də nə etdiyinin fərqində deyil. Baxın, ayın 5-dən SMS icazəsi yığışdırılandan sonra görün, nələr baş verəcək. Əhali yenə də küçələrə çıxacaq, iş axtaracaq, dolanışıq dalınca ora-bura qaçacaq, həm özü yoluxacaq, həm də başqalarını yoluxduracaq, sonra da yenidən xəstəxanalara düşmək Sovet dövründə ali məktəblərə girmək qədər çətinləşək. Nəticədə də xəstələlərin sayının çoxalması səhiyyə xərclərini artıracaq”.
“Bu səbəbdən, 2020-ci ilin büdcəsində edilən düzəlişlərdən biri də səhiyyə xərclərinin 369 milyon manat artırılmasıdır. Diqqət edin, 600 min nəfərə 190 manat birdəfəlik yardım üçün 114 milyon manat vəsait tələb olunur. Karantin rejimi sərtləşdirilmiş şəhər və rayonlarda isə 287 min nəfər üçün 55 milyon manat ödəniş edilib. Əgər həmin ödənişi iyul və avqust ayları üzrə də davam etdirsələr, büdcədən 110 milyon manat xərclənər. Bu halda əhali də evdə oturub, kasıblığını edər, həm özünü, həm də ailəsini virusdan qoruyardı. Amma 110 milyon manata qıymayan hökumət əhalini virusa yoluxmağa məcbur edir və onları sağaltmaq üçün də 369 milyon manat ayırır. Belə olanda həm canımız gedir, həm də pulumuz. Bütün bunlara görə həkimlərimiz də virusa yoluxur və həyatlarını itirirlər. Bir həkimin yetişməsi üçün dövlətin nə qədər vəsait xərclədiyini hesablasaq, itkilərimiz daha böyük məbləğlərlə ifadə olunar. Bütün bunları hansı ağılla edirlər?!”, - İbadoğlu vurğulayıb.
AYNA-ya danışan Milli Məclisin deputatı Vahid Əhmədov isə bu fikirlərlə razı deyil. O, hesab edir ki, əgər biz müəyyən qədər sosial problemin həll olunmasını istəyiriksə, karantin rejimini bir qədər yumşaltmaq lazımdır.
“Bütün əhaliyə dövlət büdcəsindən vəsait ayırmaqla təmin edə bilmərik. İnsanlar işləməlidirlər. Müəyyən iş yerləri açılmalıdır və insanlar işə gəlib-getməlidirlər ki, ailələrinə bir parça çörək apara bilsinlər. Cənab Prezident 190 manatla bağlı qərar qəbul etdi, əvvəl 200 min, daha sonra 600 min ailəyə yardım edildi. O zaman da böyük narazılıqlar yarandı. Kimlərsə bir ay əldə etdi, kimlərsə əldə edə bilmədi. Bəzilərinin maşını, torpağı var deyə yardım verilmədi. Yəni bir çox problemlər yarandı. Buna görə də hesab edirəm ki, karantin rejimində yumşalmaya getmək lazımdır”, - deputat deyib.
Onun sözlərinə görə, hazırda koronavirusa yoluxma sayında müəyyən azalmalar gedir: “Cənab Prezidentin səhiyyə ilə bağlı atdığı addımlar müəyyən müsbət nəticəsini verir. Ona görə də bəzi sənaye müəssisələri, iş yerləri, xidmət sahələri açılmalıdır. Biz nə qədər əahliyə kömək etmək istəsək də, bu, uzun müddət davam edə bilməz. İstər sahibkar, istər günəmuzd işçi olsun, onlara uzun müddət yardım etmək mümkün deyil”.
V.Əhmədov çimərliklərin açılmasını isə düzgün addım hesab etmir: “Mən Operativ Qərargahın yerində olsaydım, çimərliklərin açılmasına qərar verməzdim. Onun yerinə müəyyən siyahı təşkil edərdim. Lazımı iş yerləri, xidmət sahələrini açardım və ondan sonra həmin iş yerlərində karantin rejiminin qaydalarına ciddi nəzarəti təşkil edərdim”.
Sahibkarlara yardım məsələsinə toxunan millət vəkilinin sözlərinə görə, sahibkarlara nə qədər yardım edilsə də, digər tərəfdən onlar müəyyən vergilər də ödəyirlər: “Ona görə də bu, sahibkarlara o qədər də xeyir gətirən məsələ deyil. Onların işlərini davam etdirmələrinə kömək etmək lazımdır ki, sahibkarlar da işçilərini saxlaya bilsinlər. Düzdür, bu ay ərzində keçən aylarda sahibkarlara müəyyən yardımlar edildi. Yenə də deyirəm, biz insanları uzun müddət ələbaxımlığa öyrəşdirməməliyik. Çalışmaq lazımdır ki, insanlar işləyib, öz əməklərinin qarşılığında əməkhaqqı alsınlar. Bunun üzərində Azərbaycan hökuməti işləməlidir ki, iş yerləri açılsın, insanlar əziyyət çəkməsinlər”.
Hökumətin 110 milyon manata qıymamasına, səhiyyəyə isə 369 milyon ayrımasına gəldikdə, deputat qeyd edib ki, hökumət 369 milyon da ayıra bilər, sabah bir milyard da ayıra bilər: “Bu, problem deyil. Hökumətin müəyyən ehtiyatı var. Amma dövlət başçısı da humanist bir insandır. O, insanların pandemiyadan əziyyət çəkməsini istəmir. Amma mən yenə də öz fikrimdə qalıram. Biz iş yerlərini açmalıyıq. İnsanları öz işləri ilə məşğul olmağa göndərməliyik. Yəni kifayət qədər böyük vaxt keçib. Müəyyən problemlər olsa da, iş yerlərində elə sərt qaydalar qoymaq lazımdır ki, orda yoluxma ilə bağlı problem yaranmasın. Məsələn, Türkiyədə hazırda bütün sahələr işləyir. Xidmət, istehsalahat sahələri də işləyir. İxracı və idxalı da normal səviyyədədir. Amma orda karantin tədbirləri sərtdir. Qaydalara əməl etməyənlər cərimələnir və müəyyən tədbirlər həyata keçirilir”.
tv713.az