BŞTİ müdiri: “Tələb olunan qaydalara, protokollara əməl olunsa, Bakıda da hibrid formada tədrisin təşkili mümkündür”
“Bakı şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin əksəriyyətində şagird sayı 1000 nəfərdən çoxdur”.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib.
O bildirib ki, tədrisin hansı formada təşkili ilə bağlı təkliflər qəbul olunduğu təqdirdə, həm Operativ Qərargahın, həm beynəlxalq təşkilatların verdiyi tövsiyələrə ciddi şəkildə əməl olunmalıdır: “İstər sosial məsafənin gözlənilməsi, istər müvafiq qaydada məktəblərdə dezinfeksiya işlərinin aparılması, istərsə də pedaqoji prosesin təşkilində müvafiq növbəliliyin qurulması - bütün bu proseslər qəbul olunmuş protokollara uyğun aparılmalıdır ki, mövcud vəziyyətin pisləşməsinə səbəb olmasın. Bu baxımdan hesab edirəm ki, müvafiq qərarlar veriləcəyi təqdirdə, BŞTİ, Təhsil Nazirliyi, eyni zamanda məktəblərin rəhbərliyi, müəllim heyəti, bir sözlə, cəmiyyət hərəkətlərini tələb olunan qaydalara, protokollara uyğun olaraq tənzimləsə, Bakı şəhərində də hibrid formada tədrisin təşkili mümkündür. Əsas prinsipial məsələ qəbul olunmuş qaydalara uyğunluq, eyni zamanda protokolların yerlərdə təmin olunmasıdır. Hesab edirəm ki, biz bunu təmin edə biləcəyik”.
tv713.az