SƏYAVUŞ MUSTAFAnın xatirəsində Meydan Hərəkatı
Arxadaşlar!!!
Dirçəliş günümüz mübarək !!!
Bu günün yaranmasının iştirakçısı kimi, bu yazını yazmaq qərarına gəldim ki, səbəbkarları tanıyaq, tanıdaq və unutmayaq!!!
Meydan Hərəkatı!
İl-1988
Ay-Noyabr
Gün -17
Qarabağ erməniləri demək olar ki, Azərbaycan hökümətinə tabe olmurdular.Qorbaçovun “qlasnosu” isə onlara daha da qol qanad açmağa şərait yaratmışdı. Stepanakertdə ermənicədən tərcümədə durna mənası verən “KRUNQ”( kontur revolyuçionernıy upravleniya naqornoqo karabaxa)cəmiyyəti açıq aşkar fəaliyyətə başlamışdı Azərbaycanlıları dədə baba torpaqlarından sıxışdırıb çıxarırdılar.
Biz Tələbələrin yarı gizli,yarı aşkar yaradıb fəaliyyət göstərdiyimiz “Yurd”birliyinin gizli qərarı ilə Meydanda mitinq ediləcəyinə qərar verildi və hazırlıq işlərinə başlanıldı.
Əsas aparıcı qüvvə ADU( Azərbaycan Dövlət Universiteti, indiki Bakı Dövlət Universiteti)uşaqları idi. Onlar yataqxanadan və universitetdən çıxaraq Sabir bağının yanındakı Qoşa Qala qapısına tərəf gələcək, yolda Politexnik və İnşaat universitetləri onlara qoşulacaq, sonda isə XTİ (Xalq Təsərrüfatı İnistitutu)nin tələbələri birləşəcəkdilər.
Qalan inistitutlar - Tibb, Konservatoriya, İncəsənət, APİ Lenin(Pedaqoji ), APİ Axundov( rus dili), AZİ( Neft Kimya) və bizim Bədən Tərbiyəsi İnistitutu Sabir meydanında dəstəyə qoşulacaqdıq.
Hər institutda Milli Azadlıq uğrunda mücadilənin təşkilatları formalaşırdı və rəhbərləri isə bunlar idi:
ADU- da rəhmətlik Əlisəfa(28 yaşında dünyasını dəyişdi);
Tibb İnstitutunda Əli Quliyev( Nəsimi rayonunun İcra başçısı oldu, mühacirətdədir)və Qoşqar Təhməzov( indi Qida Təhlükəsizliyi Agentliyinin sədridir);
APİ Axundov (rus dili və ədəbiyyatı )və Xarici dillər institutunda rəhmətlik Ülvü Bünyadzadə( 20 yanvar faciəsi zamanı Şəhid oldu);
Konservatoriyada Kamil( sonra Rəşid Behbudovun kürəkəni oldu) və Qasım Şeyxov;
İncəsənət institutunda tələbə-rejissor Vaqif Əhmədov( müharibədə Şəhid oldu);
AZİ(Neft Kimya İnstitutunda)Daşqın Ağalarov ( sonra Neşt Şirkətində işlədi,mühacirətdədi) və Azər Rəşidoğlu( publisis yazar );
Politexnik institutu Qabil Məmmədov( sonralar DİN müavini oldu, mühacirətdədir) və Mehdi Mehdiyev( sonralar Bələdiyyə Polisinin rəisi oldu);
İnşaat institutu Tahir Məmmədov( sonralar Prezident Qvardiyasının komandiri oldu, Gəncə çevrilişi zamanı Surətin adamları tərəfindən güllələnərək qətlə yetirildi);
Xalq Təsərrüfatı İnstitutunda Fərəməz Allahverdiyev( sonra Şərur rayonunun başçısı oldu);
AzDBTİ-dən(Bədən Tərbiyəsi) isə mən idim - sambo, cüdo güləşi üzrə tələbə Mustafayev Səyavuş Firudin oğlu( sonralar Naxçıvan İdman Komitəsinin sədri və Daxili İşlər Naziri və müavini işləyəndən sonra 8 il həbdə oldum)....
Qoşa qala qapısına çatana kimi hər şey planlaşdırıldığı kimi gedirdi.
Qala qapısına çatanda gördük ki, əsgərlər yolu kəsib.
Belə danışmışdıq ki, əsgərlər qabağı kəssə müqavimət göstərməyək.
Sadəcə yerə oturub gözləyək( bunun üçün hətta hərə bir qəzet də götürmüşdü).
Yerə oturandan sonra gördük rus əsgərləri üstümüzə gəlir. O zaman biz də əsasən idmançılar olaraq onların üstünə yeridik və əsgər kardonunu ortadan yardıq.
Elə sevinirdik ki, sanki böyük bir qələbə qazanmışdıq( indi o vaxtkı hissləri ifadə etmək heç də asan deyil). Bu sevinc sədalarıyla Kukla teatrının qabağından Neftçilər prospektinə çıxdıq və demək olar ki, birnəfəsə Lenin Meydanına ( indiki Azadlıq meydanı o vaxt Lenin meydanı adlanırdı) doğru qaçmağa başladıq( elə qaçırdıq ki, sanki meydana çatanda Azadlığa qovuşacağdıq. Baxmayaraq ki, Azadlıq sözünün özü o vaxt meydana qaçanların çoxu üçün belə məchul bir anlayış idi).
Meydana çatdıq və o zaman bizə əyan oldu ki, Sovetlər birliyində Kremlin Qızıl Meydanından sonra ikinci böyük Meydan olan Bakının Lenin meydanı üçün toplandığımız 700-800 nəfər çox azdır.
Mitinqçilərə Ənvər adında müəllim rəhbərlik edirdi.(Coğrafiya inistutunda elmi işçi olduğunu deyirdilər. Mən şəxsən o vaxta kimi tanımırdım.)
Azərbaycan Sovet bayrağını isə Sakit adlı Tovuzlu Universitet tələbəsi tutmuşdu( bilməyənlər üçün deyim ki, Sovet Azərbaycanının bayrağı altından göy rəngli zolağı olan və üzərində oraq- çəkic şəkli çəkilmiş qırmızı parçadan ibarət idi). İlkin və əsas tələbimiz ondan ibarət idi ki, Topxana meşəsindəki ağacların kəsilməsi dayandırılsın ( ermənilər orda ağacları kəsib yerində hansısa bir zavod tikmək istəyirdilər).
Sonrakı tələbələr isə indi ardıcıllığıyla dəqiq yadımda olmasa da, Qarabağ Muxtar Vilayətinin ləğv olunmasından tutmuş akademik Aqambekyanın Fransadakı bəyanatına kimi əhatəli idi.
Bu tələbləri, əsasən də Topxana məsələsini həll etmək üçün hökümətə 3 saat vaxt verilməsi qərara alındı. Verilən müddət keçəndən sonra vaxt artırılır bizə heç kimdən bir cavab gəlmirdi.
Bu minvalla axşam düşdü və biz meydanda qalmaq qərarına gəldik. Qaranlıq düşdükcə təbii ki, hava da soyumağa başladı. Bu zaman “ Dom sovetin” arxa tərəfindəki qastranomun qabağındakı taxta yeşikləri götürüb meydanda ocaqlar qaladıq.
Təsəvvür eləyirsinizmi Bakıda Lenin meydanında ocaq qalayıb ətrafında oturmuşduq. Təxminən 12-13 tonqal qalanmışdı. Hərəsinin də ətrafında onlarla adam yığışmışdı. Əsas təbliğat da orda gedirdi.
Hatəmi Təntəkin və adamları Cənubi Azərbaycandan orada yaradılmış Pişəvərinin Tudə hökümətindən özlərinə məxsus təbliğat aparırdı.
Zərdüş Əlizadə Xalq Cəbhəsi proqramını nümayiş etdirirdi.
İshaq adlı bir nəfər saz çalıb Dastan söyləyir.
Meydanın təşkilatçısı olan “ Yurd” birliyinin əsasən ADU-nun tələbələrindən ibarət rəhbərləri Əlisəfa, Qorxmaz, Qənimət, Əli, Seymur, Fazil, Qüdrət, Bahəddin, Rahim isə o vaxt heç kimin tanımadığı ADR- in yaranmasından, tarıxindən və rəhbərlərindən və sovetlər tərəfindən dağıdılmasından danışır, onu təbliğ edirdilər( o vaxt demək olar ki, əhalinin 99 faizi bu haqda bilmir, eşidənlər də sovet təbliğatı nəticəsində onların düşmən olduqlarını deyirdilər).
Çox maraqlı və maraqlı olduğu qədər də müəmmalı bir səhnə alınmışdı.
Bizə bir nəfər ya polis və ya başqa hüquq mühafizə orqanlarından gəlib deyən olmadı ki,” a bala niyə burda tonqal qalamısız, siz kimsiz, burda neynirsiz, nə istəyirsiz?”...
Bu məsələ bu gün də MƏNİM ÜÇÜN QARANLIQDIR..
Səhərə kimi ocaqların başında keçirdik.
Səhərisi gün isə saat təxminən 10 radələrində hər tərəfdən insan seli meydana axmağa başladı.
Əvvəlcə Leytenant Şmidt (sonralar adı Səttarxan qoyulan bu zavod təxminən indiki H. Əliyev mərkəzinin yerində idi) zavodunun işçiləri meydana gəldilər, sonra Şin zavodu, el arasında “Pinqvin”( soyuducu maşınlarınnın üstündə Pinqvin şəkilləri olduğu üçün belə adlanırdı)adlanan maşınqayırma zavodu, Gəmi təmiri və s zavodların fəhlə və işçiləri meydana axın edirdilər.
Növbəti günlər ölkə üzrə “tətil “ elan edilmiş bütün iş yerləri dayandırılmış və imkanı olan hər kəs meydana toplaşırdı.
Ölkədə Mərkəzi Komitə və başqa dövlət idarələrinin üst qatlarındakılar xaric, özünəməxsus bir doğmalıq, birlik yaranmış adamlar çox mehribanlaşmış və bir-birlərinə isinişmişdilər.
Meydanda heç bir birlərini tanımayan adamlar qucaqlaşıb öpüşür, dost qardaş olurdular.
Meydan hərəkatının davam elədiyi müddətdə demək olar ki, Bakıda heç bir kriminogen hadisə baş vermədi.
İnsanlar Sovet rejiminin cana gətirdiyi, rüşvət, harınçılıq və yerlibazlıq xüsusiyyətlərindən meydandan nicat axtarırcasına meydana axışır, deyilən hər sözü, hər cümləni acgözlüklə dinləyir,sovet adlı bəladan xilas olmağın yollarını arayırdılar.
Bu mənada tribunadan SABİR RÜSTƏMXANLININ “ Bizlər bu meydana Bakılı, Şəkili, Şirvanlı, Naxçıvanlı kimi toplaşdıqsa da, burdan Azərbaycanlı kimi ayrılacağıq” deyimi dillər əzbəri olmuşdu.
Bütün bunlarla bərabər hər kəs əlindən gəldiyi qədər meydana yardım etməyə çalışırdı....
Kimi pul verir( Nemətin sağ əli sayılan Rəsul adlı Səttarxan zavodunun işçisi meydanda açıq aşkar verilən pulları toplayır, qoltuğunda gəzdirdiyi dəftərə də pulu verən adamın ad soyadını yazır, əvəzində isə verilən pulun məbləği, öz imzası və ayın tarixi yazılmış qəbz verirdi. Bəzi adamlar isə adlarının yazılması sonra başlarına bəla olar deyə nə ad yazdırır, nə də qəbz alırdılar, sadəcə pul verib gedirdilər.
(Şəxsən mən Botanika inistitutunun alimi olan kəndlimiz və qohumumuz Mais Qasımovun institutdan topladıqları pulun Rəsula verməsində yardımçı olmuşam)
Sonralar usə Nemətin dediyinə görə o pullar yoxa çıxmış və Nemət o pulların cüzi bir miqdarından 20 yanvardan sonra Naxçıvandan Rəhim Qaziyevlə birlikdə İrana qaçarkən istifadə etdiyini deyirdi.
Sonrakı günlər Meydanın tribunalarında mikrafonlar qurulmuş, hardansa səs ucaldıcılar gətirilmişdi.
Şairlər, yazıçılar çıxış edir hərə bir cür xalqa ürək sözlərini çatdırırdı.Bəxtiyar Vahabzadəni adamlar qollarının üstündə meydana gətirib tribunaya qaldırdılar.
“ Ömür kitabı” əsərindən sonra hamının tanıdığı Sabir Rüstəmxanlı meydanı idarə edirdi.
Sonra Neməti biz cavanlar çiyinlərimizdə tribunaya qaldırdıq. Nemət də natiqliyi, şer söyləməsi və Sovetlərə qarşı müxtəlif danışığı ilə xalqın ürəyindən keçən sözləri dediyi üçün tribunada qaldı.
Hər gün də Tofiq Fikrətin
“Çeynəndi yetər varlığımız cəhl ilə qəhrə
Doğrandı mübarək vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün tapmalıyıq dərdinə çarə
Can qardaşı, şan qardaşı, qan qardaşıyıq biz.
Millət yoludur, haqq yoludur tutduğumuz yol
Ey haqq, yaşa ey sevgili millət yaşa var ol!
Zülmün topu var, gülləsi var, qələsi varsa
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən nə qədər nuru qaralsa
Sonməz əbədi hər gecənin gündüzü vardır.
Millət yoludur, haqq yoludur tutduğumuz yol
Ey haqq, yaşa ey sevgili millət yaşa var ol.”
O vaxt dillər əzbəri olan bu şeir mitinqin himninə çevirmişdi...
Meydanın mühafizə məsələsi biz idmançılar ,“ Əfqanıstanda xidmət etmiş” döyüşçülər və Boz Qurd Nürəddin abinin uşaqları tərəfindən həyata keçirilməyə başladı. Əsasən tələbə yoldaşlarımdan ibarət idmançılara 22 yaşlı mən , Hərəkatçıları və ictimai xadimləri yaxşı tanıdığı üçün tribunanı qoruyanlara Nürəddin bəy və “Əfqanlara” isə Xudu Xuduyev rəhbərlik edirdik.
Güləşçi dostum Arif Babayev Dinamo İdman cəmiyyətinin İnturistin bulvar tərəfində yerləşən “Yay zalındakı” yataqxanasında qaldığından bəzən Neməti yatmağa ora aparırdıq.
Sonra meydanda çadırlar qurulmağa başladı.
Ayrı ayrı rayonlar, müəssisələr, idarələr və hətta institutlar öz çadırlarını qurur, çadırda yemək hazırlayır, gələn insanlara xidmət etməyə çalışırdılar. Meydana ölkənin hər yerindən maşın maşın ərzaq gətirilir, hətta bulvarın kənarındakı hovuzlar qoyun quzuyla dolu olurdu.
Natiqlər tribunadan Sovet hökümətinə qarşı çıxışlar edib şüarlar səsləndirdikcə Meydan dalğalanıb cuşa gəlirdi. Sonra Xalq Təsərrüfatı İnstitutunun tələbə birliyinin rəhbəri Fərəməz Allahverdiyev başda olmaqla bir neçə tələbə “aclıq aksiyasına” başladılar. Vəzirovun bu məsələyə xüsusi münasibəti isə o vaxt gülüşlərə səbəb olub dillər əzbəri olmuşdu.
“ Çto eto za qolodayuşiye kotorıy kajdıy ças v tualet beqaet”!!!( bu necə aclıq eləyənlərdir ki, hər saatbaşı tualetə qaçırlar)..
Beləcə Meydan günləri davam edir, insan selinin ardı arası kəsilmir, hər kəsin sovet hökümətinə olan və illərlə içərisində saxladığı kin, nifrət hayqıraraq özünü bürüzə verirdi.
Meydan öz axarı ilə davam edib yaşadıqca insanlar bir birinə qarşı mehribanlaşır, doğmalaşır ümumi düşmənə qarşı birləşir, yeni yeni məlumatlar almağa çalışır, sovet hökümətinin bu hadisələrə qarşı necə reaksiya verəcəyinin intizarı ilə yaşayırdı.
Mərkəzi televiziyalarda Bakıda Meydana yığışanları “ narkoman və bir dəstə təxribatçı” adlandırmağı isə insanları SSRİ-yə qarşı daha da hiddətləndirir və birləşib mübarizə aparmağa sövq edirdi.
Bu arada Ermənistandan qovulan qaçqınların Meydana gəlişi, ermənilərin onlara verdiyi əzab və işgəncələr haqda danışmaları da xalqın nifrətini birə beş artırırdı.
O vaxt hələ hamı tərəfindən tanınmayan Əbülfəz Elçibəy( Əliyev) əsasən Dırnıslı əkiz qardaşlar Əli və Qəribin qurduğu Ordubad çadırında olur, tribunada az az görünür, hər vəclə insanlara sovet hökümətinin vəhşi mahiyyətini aşılamağa çalışırdı.
Meydanın sevimlisinə çevrilmiş Xəlil Rza Ulutürk də daha çox tribunada deyil insanların arasında olardı.Tribunadakı hər dəfəki çıxışına da “ 3 milyon 800 min kvadrat kilometirlik Azərbaycandan sizə salam gətirmişəm” sözləriylə başlayardı. Özünə məxsus bir oyun- yarış da keçirirdi. Müxtəlif sözlərin azərbaycan türkcəsilə necə deyildiyini soruşur. Bilməyənləri 10 qəpik cərimələyirdi.
Bir dəfə mənimlə az qala yarım saat sual cavab elədi. Nə soruşdusa azərbaycanca adını düzgün dedim. Axırda dedi eskalatora nə deyirlər?
Dedim tərpəşən pilləkan.
Bərkdən gülərək əllərini bir birinə çırpdı və” Koroğlusan ki, Qoç Koroğlu “ dedi ( o vaxtlar mənim şəvə kimi bığlarım var idi. Yanlarından burduqda qıvrılıb yuxarı qalxırdı)...
Bir gün Sabir Rüstəmxanlı məni çağırıb meydandakı Sovet Azərbaycanı və Demokratik Azərbaycanın üç rəngli bayrağından başqa bütün bayraqları yığmağı tapşırdı. Bu o vaxt idi ki, mərkəzi televiziyada meydandakı üstündə ərəb əlifbası ilə yazılar olan qara və yaşıl bayraqları çəkib nümayiş etdirərək meydandakıların İran meyilli olmalarını və dini dövlət yaratmaq istədiklərini demişdi.
Mən də idmançıları götürüb bütün bayraqları yığışdırandan sonra bir çavan oğlanın çox uzun dirəyi olan Demokratik dövlətin üç rəngli bayrağını gəzdirərək ciddi cəhdlə bayraq haqqında ətrafdakılara məlumat verən o vaxt tanımadığım AZİ-nin tələbəsi Daşqın Ağalarovla tanış oldum.
Meydanın hardasa 10-cu günü olardı, rus əsgərləri meydanı əhatəyə aldı. General polkovnik Timoxinin rəhbərlik etdiyi qoşun Bakıya yeridilsə də, Meydanın möhtəşəmliyini görərək dağıtmağa cəsarət etmirdilər.
Meydanı mühafizəçiləri olaraq mən, Qorxmaz İbrahimov və bir neçə nəfər Timoxinlə görüşə getdik.
Elə meydanın yanında rus əsgərlərinin əhatəsində görüşümüz oldu.
Söhbət əsnasında General ona başqa cür məlimat verildiyini, Bakıda qan su yerinə axdığını bildirdiklərini dedi.
Sonra o soyuqda paltarlarını soyunaraq əllərində başları üstündə yelləyərək” Biz ölərik, meydanı tərk etmərik”- deyə, hayqıraraq az qala sıraya düzülmüş dəbilqəli, qalxanlı rus əsgərlərini “ udmağa” hazır olan gəncləri göstərərək "im tolko pistalet day, do Moskvı daydut”( bunlara tək tapança ver, Moskvaya kimi gedib çıxarlar)öz soyuqdan büzüşmüş əsgərlərini göstərərək isə ”A eti doxlıe kuriçı, tak i zdoxnutsa” ( bu büzüşmüş cücələr isə beləcə də boğulub öləcəklər)dedi.
Əsgərlər Meydanın ətrafını sararaq giriş çıxışlara nəzarət etmək adıyla Fövqəladə vəziyyətdən istifadə edərək insanları meydandan çəkindirməyə çalışırdılar.
Belə qərara gəlinmişdi ki, insanlar gün ərzində meydana sərbəst giriş çıxış edə bilir, axşam saat 10 ya 12-dən sonra meydan xaric bütün Bakıda evdən çölə çıxanları tutub səhərə kimi polis şöbələrində, kinoteatrlarda və s saxlayırdılar. Mən də iki dəfə fövqəladə vəziyyətin qurbanı olmuşdum. Bir dəfə Lenin prospektindəki Vağzaldan yuxarıda yerləşən Şəfəq kinoteatırının zirzəmisində, ikinci dəfə Bayıl qəsəbəsindəki mədəniyyət evinin zalında səhərə kimi saxlanılmışdım.
İkinci dəfəki tutulmağımın maraqlı bir tarixcəsi olduğu üçün o haqda yazmaq istəyirəm.
Uzun müddət meydanda olduğumuzdan dayımgilə yuyunmağa getmişdin. Qayıdanda qaş qaralırdı deyə rus əsgərləri tərəfindən tutulmamaq üçün əsas yollara çıxmayaraq binaların arasıyla Dom Sovetin arxasına kimi gəlib çıxdım. Oradan usə meydana keçmək istəyəndə rus əsgərləri məni tutub boş bir avtobusa mindirdilər. Həm çox yorğun, həm də yuxusuz olduğum üçün arxa masada idman papağımı gözümə çəkib uzandım. Az sonra bir dəstə adamın deyə gülə avtobusa mindiyini eşitdim.
Bir birləri ilə zarafatlaşır rus əsgərlərinin kimi necə tutmağını danışıb gülürdülər.
Sonra mənim arxada uzandığımı görüb mənə sataşıb gülməyə başladılar ki, “buna bax elə bil evlərində qu tükündən olan yorğan döşəkdə yatıb”. Papağımı qaldırıb baxanda bir dəstə oğlan qızın mənə baxıb güldüyünü gördüm.
Bu vaxt biri “ Ə, bu bizim Səyavuşdu ki” - deyərək mənə yaxınlaşanın Pribaltikadakı əsgərlik yoldaşım və AZİ-nin tələbəsi Şahbaz Mirzəliyev olduğunu gördüm.
Avtobus adamlarla dolandan sonra bizi Bayıl qəsəbəsindəki hansısa bir mədəniyyət evinə aparıb boşaltdılar...
Böyük bir zal idi. AZİ-nin tələbələri o dəqiqə haralardansa bir ağ mələfə, kraska , kist və s tapdılar və “ Fövqəladə vəziyyətin qurbanları sizinlədir” şüarı yazdılar. İki lapatka sapı da tapıb mələfəni qıraqlarından ona bağlayaraq transparet düzəltdilər və səhər saat 6- da buraxılanda bu lozunqla təzədən meydana qayıtdıq.
Rus əsgərləru bütün Bakını doldursalar da hələ meydana girməyə qorxurdular.
Son günlər Meydanın qansız qadasız boşaldılması mühüm məsələyə çevrilmişdi. Dəfələrlə Meydanın boşaldılması barədə tribunadan çıxışlar edilsə də əsas kütlə meydanı tərk etmək istəmirdi.
Hətta belə bir hadisənin şahidi olduq ki, Qafqaz Müsəlmanlarının Şeyxülislamı olan Allahşükür Paşazadə tribunada Quran çıxardaraq camaatı Qurana and verdirdi ki, gəlin meydanı birlikdə tərk edək. Nemətlə birlikdə tribunadan düşüb adamları arxalarıyca apararaq meydandan çıxdılar.
Meydan demək olar ki, boşaldılmışdı. Bu zaman arıq, uzun və başında Bakı kəndlərinə məxsus yekə bir “aerodrom kepka” olan bir kişi Bakı ləhcəsiylə uca səslə "alə, hara gedirsüz, alə? Noooldu?Biz ölərük Meydanı tərk etmərüg diyürdüz?" - deyə, səsləndiyi vaxt bütün izdiham Nemətlə Allahşükürdən ayrılaraq yenidən meydana qayıtdı.
Dekabr ayı girmişdi. Havaların soyuq keçməsi və Meydanın sonunun necə bitməsindən narahatlıq artdığından son günlər meydan əvvəlkinə nisbətən səngimişdi.
Ayın 4- də Əbülfəz bəy məni çağırıb dedi ki, ola bilər bu günlərdə Meydanı dağıdacaqlar, çalışın qadınları, uşaqları və yaşlıları Meydandan çıxardın ki, bir şey olmasın.
Biz də imkan daxılındə bunu etməyə çalışdıq.
Axşama kimi meydanda təxminən 300-400 nəfər adam qalmışdı.
Hamını tribunanın ətrafına yığdıq. Lap kənarda idmançılar olmaqla dairə şəkilində toplaşdıq. Tən ortada isə Əbülfəz bəy, Xəlil Rza, Tağı Xalisbəyli, Nemət və başqaları durmuşdular.
Abşeron tərəfdən kimsə mikrafonla meydandakılara müaciətlə meydanı tərk etmələrini deyir. Heç kimə heç nə edilməyəcəyinə söz verirdi.
Nemət isə ruporla şeir deyir, adamların xahişiylə kəlmeyi şəhadətimizi söyləyirdi.
Gecə saat 2-3 radələrində rus əsgərlərinin meydana girişi başlandı. Əvvəlcə dənizdən katerlərlə sahilə yaxınlaşan “ Morpexlər”( dəniz piyadaları) bulvara çıxdılar və vahimə yaratmaq məqsədiylə səs küylə oradakı çadırları vəhşicəsinə dağıtmağa başladılar. Sonra” Dom Sovetin” uçərisindən tribunanın sağ sol tərəflərində olan dəmir barmaqlıqlı qapılardan rus əsgərləri çıxaraq tribunanın ətrafını əhatəyə aldılar. Ən sonda isə İnturist mehmanxanası tərəfdəki əsgərlər dubinkalarını qalxanlarına döyəcləyə döyəcləyə meydana tərəf gəlməyə başladılar. Arxalarınca da tırtıllı ağır texnikalar gəlirdi. Texnikaların üzərlərində narıncı işıq saçan projektorlar quraşdırılmışdı ki, baxanda sanki bir neçə müddət adam kor vəziyyətinə düşərək heç nə görmürdü.
Biz də adamlarla Meydanın ortasında tribunanın qabağında yerə oturmuşduq. Hətta kimlərsə, hardansa Qorbaçovun da şəkilini tapıb əllərində tutmuşdular ki, bəlkə rus əsgərləri Qarboçovun şəklinə görə adamlara dəymədi.
Əsgərlər isə adamlara yaxınlaşdılar və yaxınlaşan kimi də dubinkalarla oturan adamların başlarından vəhşicəsinə vurmağa başladılar.Vurulan zərbələrə dözməyən adamlar bir birlərinin üstünə çıxıb qabağa getməyə başladı.
Sonra məlum oldu ki, Abşeron mehmanxanası ilə Dəniz vağzalının arasında əsgərlərdən canlı divar düzəldərək koridor yaradıblar.
Bu koridorla “Faşistlər”,Vəhşilər”, “Alçaqlar”deyərək əsgərləri, sovet höküməti və bu quruluşu söyən bizləri qabaqlarına salıb corab zavodundan Qaqarin körpüsünə dönən yerdəki meydana kimi apardılar.
Orda gördük ki, körpünün qabağı da zirehli texnikalar və rus əsgərləri ilə tutulub.
Əbülfəz bəy” Neməti aradan çıxardın “ dedi.
Mən də Neməti orada olan “təcili yardım “ maşınına mindirərək yerə uzatdım. Üstünə adyal salaraq orda olan qızları skamyada otuzdurub ayaqlarını Nemətin üstünə qoymağı tapşırdım ki, görünməsin. Bu yolla Neməti aradan çıxardıq ki, tutulmasın.
Özümüz isə bir adamın keçə biləcəyi qədər məsafə qoyulmuş texnikaların arasından keçirilərək “ varanoka” ( məhbusları daşıyan maşın) mindirilib məşhur Bayıl türməsinə aparıldıq.
O vaxtlar məşhur Bayıl türməsi ( təxminən indiki Bayraq meydanının yerində idi)haqda heç bir məlumatı olmayan bizlərə türmə, elə də vahiməli yer təəssüratı bağışlamasa da, onu bilirdik ki, haqq sözümüzü dediyimiz üçün burdayıq( həmin vaxt heç yatsam yuxumda da görməzdim ki, 1993-cü il Meydan Hərakatının başlayan günü həbs olunaraq, insan həyatının ən çiçəklənən dövrü olan 26-34 yaşlarım arasındakı 8 ili bu divarlar arasında keçirməli olacam).
Bayıl türməsində heç bur yataq ləvazimatı olmayan dəmur çarpayılı 12 nəfərlik kameraya salındlq. Kamerada əsasən tələbə və gənclərdən ibarət təxminən 14-15 nəfər idik. Aclıq etmək istədiyimizi bizim kamerayla üzbəüz kamerada saxlanılan Əbülfəz Bəyə bildirdik. Bəy qəti etirazını bildirdiyi üçün aclıq etməkdən vaz keçdik.
İki gün sonra 7 dekabrda kameradakı radiodan xəbər tutduq ki, Spitakda zəlzələ baş verib və zəlzələ sonuncu azərbaycanlılar oradan çıxarılandan sonra olub.
Doğrusu sevincimizin həddi hüdudu yox idi. Mən bu xəbəri Əbülfəz Bəyə deyəndə” Allah da bizim haqq işimizdə bizim tərəfimizdədir” dedi.
Dustaqlara verilən yemək adlandırılan “ balanda” nı da demək olar ki, yemək mümkün deyildi.
Tutulduğumuz günün səhəri türmə rəisi olan polkovnik Ömərov kameramıza gəldi. Bizi çox mədəni və xoş üzlə salamladı. “Siz bizim xalqımızın qaymaqlarısınız” dedi.
Bu sözlər vəzifəsindən, daşıdığı rütbəsindən asılı olmayaraq hər kəsin milli azadlıq yolunda bir olduğunun və hamının bu sovet rus boyunduruğundan azad olmaq istədiyinin bariz nümunəsi idi.
Yadımdadır, ilk olaraq kameramıza kolbasa və çörəkdən ibarət yemək sovqatı gəldi. Deyilənlərə görə aspirantlar yataqxanasından gənc alimlər alıb göndərmişdilər.
Demək olar ki, bayırla heç bir əlaqəmiz olmadığından, Meydan dağıdılandan sonra ölüb itənin, olub olmadığından, hansı hadisələrin baş verməsindən, kimlərin tutulub kimlərin buraxılmalarından xəbərimuz yox idi.
Moskvadan gəlmiş Sauşkin soyadlı rus müstəntiq bizi dindirirdi.
Biz də belə izahat verməyi qərara almışdıq ki, heç bir gizli siyasi təşkilatın üzvü deyilik, meydana da ordan keçdiyimiz vaxt gec olduğundan fövqəladə vəziyyət qadağasına düşməyək deyə girmişdik( son günə kimi fövqəladə vəziyyət Meydanın içindəkilərə tətbiq edilmirdi).
Bizim müxtəlif profillərdən şəkillərimizi çəkib, barmaqlarımızı mürəkkəbə batıraraq izini götürməkləri bizdə 37- ci illərin təəssuratı yaratsa da əhval ruhiyyəmiz hələlik demək olar ki, saz vəziyyətdə idi.
Heç kim ah vay eləyib sızıldamır, düşdüyü vəziyyətdən şikayətlənmir, başımıza daha nələrin gələcəyini bilməsək də günümüzü deyib gülmək və zarafatlaşmalarla keçirirdik.
Vaqif proqulkada şer deyir, biz də dövrə vuraraq gəzə gəzə qulaq asır, Rauf Səlimbəylinin maraqlı söhbətlərinə qulaq asa asa günümüzü keçirirdik.
Bir neçə gündən sonra dediklərinə görə əsasən Bakı kəndlərindən, daha doğrusu Şüvəlan türməsinə yaxın olan ərazilərdə yaşayanları seçib Şüvəlan həbsxanasına “ etap” apardılar.
Bizi isə hələ də sovub-soruşan, arayıb-axtaran yox idi. Hər gün “ karmyoşka” dan ( kameranın dəmir qapılarındakı yemək paylamaq üçün xüsusi hazırlanmış nəfəslik) Əbülfəz Bəylə, Xəlil Rzayla, Tağı Xalisbəyliylə danışır, onların tövsiyyə və tapşırıqlarını kameradakı “ dustaq yoldaşlarımıza” çatdırırdım.
Artıq ayın neçəsi olduğunu belə Bayıl türməsi bizə unutdurmuşdu. Neçə gün burda olduğumuzu isə rejissorluq fakultəsinin tələbəsi, sonralar dost olduğumuz, müharibədə Şəhid olacaq Naxçıvanlı Vaqif Əhmədovun təşəbbüsü ilə qapının yanındakı cızdığımız xəttlərdən bilirdik.
Günlər keçdikcə həbsxanada olduğumuz əvvəlki günlərin romantik duyğuları yavaş yavaş yerini qayğılı hisslərə ötürür, taleyimizin necə olacağı, neçə il iş veriləcəyi, evdəkilərin bizdən xəbəri olub olmadığı, institutdan qovulub qovulmayacağımızın natahatlığı yaranmağa başlayırdı. Bir tərəfdən də dəmir çarpayıların üstündə heç nə olmadan dekabr ayının soyuğunda yatmaq sağlamlığımız üçün heç də yaxşı şey deyildi. Baxmayaraq ki, hər gün kameradakı uşaqlara məcburi səhər gimnastikası elətdirir, imkan daxilində daha çox mütəhərrik olmalarına çalışırdım.
Bütün bu fiziki əzab əziyyətlərdən daha çox mənəvi əziyyət verən sovet əxlaq kodeksinin kuliminasıya nöqtəsi sayıla bilən və nədənsə “ sever” adlandırılan, gündəlik bioloji və fizioloji tələbatlarımızı ödəməli olduğumuz tualet proseduru idi.
Belə ki, kameranın qapıdakı” qlazok” ( gözlük)undan günün bütün saatlarında” bir başa görünüş”ilə görünmək məcburiyyəti daşıyan, hər tərəfi açıq və üfunət iyi verən bu “ məişət predmeti” rus sovet əxlaqı üçün elə də problem yaratmasa da bizim Türk milli mentalitetimizlə bərabər müsəlman və islam adət və ənənələrimuzə heç uyğun gəlmirdi.
Nə isə!
Hardasa 15-20 gün sonra gecə saat 2-3 radələrində bizi durğuzub kameralardan çıxartdılar. 10-12 nəfər üçün nəzərdə tutulan “varanoka” zorla hardasa 40-50 nəfər dürtərək bilmədiyimiz istiqamətdə, bilmədiyimiz yerə apardılar.
Səhərə yaxın çatdığımız məkanın günortaya yaxın Salyanın Xələc türməsi olduğunu öyrəndik.
Buradakı şərait Bayıla nisbətən daha qənaətbəxş idi. Baraklarda setka çarpayılar, döşək, adyal, ayaqyolu və hətta voleybol meydançası da var idi.
Bir neçə gün burda qaldıqdan sonra ilin son günü və həm də qəsdən, axşam qaranlığında bizi həbsxanadan buraxdılar.
Yolda durub maşınlara əl etdiyimiz vaxt bir kamaz sürücüsünün yazığı gəlib götürdüyü kamaz maşını ilə Qaradağa qədər, ordan isə başqa bir maşınla Gəncliyə - doğma Bədən Tərbiyəsi İnstitutumuzun yanında olan yataqxanamıza gəldim.
Yataqxanaya gəldiyim vaxt məlum oldu ki, mən həbsdə olduğum bir aya yaxın müddətdə tələbə yoldaşlarım Taleh Həsənov( Qazaxın Əskipara kəndindən olan otaq yoldaşım idi, sonralar müharibədə iki qollarını itirdi), Əli Bayramlıdan Mətanət ( indi Gəncə universitetində dərs deyir), Naxçıvanlı məşq və tələbə yoldaşım Asif Əsgərovun ( indi Nəsimi rayonunun icra başçısıdı)başçılığı ilə tələbələr hər gün institutun həyətinə yığışır, amma heç kim deyilən hədə və qorxulara baxmayaraq “Səyavuşa Azadlıq” deyərək dərsə girmirmişlər( hətta rus sektorunu da dərsə girməyə qoymurmuşlar).
Axırda rektorumuz Ağacan Əbiyev ( allah canını sağ eləsin, çox demokratik və alicənab rektor idi. Onun sayəsində heç bir tələbə o vaxt institutdan qovulmadı) öz xidməti Volqa maşınını verib, Asifgil o maşınla Xələc türməsinə mənim dalımca gəlibmişlər!!!
Beləcə mənim 1988- ci il 17 noyabr - 5 dekabr Meydan hadisələri barədə ötəri də olsa yadımda qalan bəzi xatirələrim yazıya köçürülmüş oldu.
Çox arzulayıram ki, nə vaxtsa Meydan hadisələrində tutulanlar danışıb Meydana yığışaq və bir birimizlə görüşək.
P.S Hövsələsi çatıb az da olsa bu yazıdan oxuya bilənlərə təşəkkür edirəm!