Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
"Həbs olunanlar məhkəmə qarşısında cavab verəcək”.
tv713.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində həbs olunan icra başçılarının taleyindən danışarkən deyib. Deputat qeyd edib ki, aparılan istintaq nəticəsində həbs olunan icra başçıları məhkəməyə çıxarılacaq:
"Biz vaxtiylə həbs olunan icra başçıları haqqında fikirlərimizi söyləmişik. Hazırda istintaq gedir. İstintaqın nəticəsində onlar məhkəməyə çıxarılacaq. Məhkəmə də aparılan istintaqın nəticələrinə uyğun olaraq araşdırmalarını yekunlaşdırıb onlar haqqında hüquqi qiymət verəcək”.
Fəzail Ağamalı qeyd edib ki, bu prosesdə son söz məhkəmənindir:
"Bizim nə gözləməyimizdən asılı olmayaraq, son söz məhkəmənindir. Gəlin, məhkəmənin qərarını gözləyək”.
Qeyd edək ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində icra hakimiyyəti başçılarının həbsindən 8 ay keçir. Dekabrın 18-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ancaq proses sonrakı aylarda da davam edib və Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar rayonunun icra başçısı Mahir Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və eləcə də bu rayonların bəzi vəzifəli şəxsləri korrupsiya, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə həbs olnublar. Hazırda onların istintaqı davam edir.