Rusiya hərbi gəmilərinin Bakıya gəlməsini necə qiymətləndirmək olar? (ŞƏRH)
"Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hərbi gəmilərinin Bakıya gəlməsi və onların qonaq kimi qarşılanması "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku” müsabiqəsində iştirak etməsilə əlaqəlidir”.
Bunu "MediaPost”a açıqlamasında rus gəmilərinin Bakıya gəlməsini şərh edərkən hərbi ekspert Abuzər Əbilov deyib.
O bildirib ki, Rusiya Hərbi Dəniz Donanmasının gəmilərinin Bakıya gəlməsinə səbəb keçirilən beynəlxalq hərbi yarışların davamıdır:
"Bu oyunlar mütəmadi keçirilir. Təəssüf ki, builki ordu oyunları Tovuz hadisələrinə təsadüf etdi. Ona görə də bu mövzuda fikirlər birmənalı deyil. Məsələyə aqressiv münasibət regiondakı vəziyyətə ziddir. Bilmək lazımdır ki, gəmilərin yarışlar çərçivəsində gəlməsi Azərbaycan üçün heç bir narahatlıq yaratmır. Bu, sadəcə olaraq, hərbi oyunların tərkib hissəsidir”.
A. Əbilovun sözlərinə görə, hazırkı vəziyyəti geosiyasi prosesə baxıb qiymətləndirmək lazımdır:
"Səbrsizlik və aqressivlik bizə yalnız zərər verə bilər. Bugünkü hadisələr fonunda Xəzərdə bizə ikinci münaqişə lazım deyil. Tarixi gedişata nəzər yetirək. Türkiyə Respublikası kimi dövlət çox vaxt ruslarla üz-üzə gəlib, lakin hazırkı dönəmdə siyasətini səbrlə yürüdərək böyük münaqişələrdən yayınmağa çalışır. Türkiyə ilə Rusiya dünya müharibə arenalarında üz-üzə gəlsələr də, yenə də əlaqələri var. Ona görə prosesləri düzgün analiz edib qiymətləndirmək lazımdır”.
Qeyd edək ki, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Mahaçkala” və "Astraxan” kiçik artilleriya gəmiləri, "SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.
tv713.az