Atambayev azad edildi: Etirazçıların tutduğu parlament binası yandırıldı
Qırğızıstanda parlament seçkilərinin nəticələrinə etiraz edən nümayişçilər sabiq baş nazir Sapar İsakovu da həbsxanadan azad ediblər.
Bununla bağlı 24.kg agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2017-2018-ci ildə Qırğızıstanda hökumət başçısı olan İsakov Moldovanka kəndindəki həbsxanada saxlanılırdı.
05:30
Bişkekdə etirazçıların tutduğu parlament binasında yanğın başlayıb.
REN TV xəbər verir ki, binanın dördüncü mərtəbəsi alova bürünüb.
Nümayişçilərin sözlərinə görə, naməlum şəxs qəsdən binaya od vurub.
Etirazçılar jurnalistlərdən hadisə yerinə yanğınsöndürənləri çağırmağı istəyiblər
02:50
Bişkekdə etirazçılar Dövlət Təhlükəsizlik Xidmətinin binasına daxil olublar.
Bununla bağlı “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi azad ediblər.
01:39
Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılar prezident administrasiyasının da yerləşdiyi parlament binasını nəzarətə götürüblər.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə iki saat davam edən qarşıdurmadan sonra bir qrup nümayişçi hasarlanmış parlament binasına daxil olmağa müvəffəq olublar.
Qeyd olunur ki, etirazçıların hücum etdiyi binada prezident administrasiyası əməkdaşlarından və parlamentarilərdən heç kim olmayıb.
01:00
Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılarla polis arasında baş verən toqquşmalarda yaralananların sayı 16-ya çatıb.
“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Son məlumata görə, Qırğızıstan paytaxtının mərkəzində polislə nümayişçilər arasında şiddətli qarşıdurmalar davam edir.
Etirazçılar taxta parçaları, armatur və səki daşları ilə hüquq mühafizə orqanlarına hücum edib.
Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstan Respublikasında parlament seçkiləri keçirilib.
Bir qrup vətəndaş çoxsaylı qanun pozuntularına əsas gətirərək, seçkilərin nəticələrini qəbul etmir.