Erməni qadın Azərbaycan bayrağını öpdü
Azərbaycanda yaşayan erməni əsilli qadın Ermənistanın baş naziri Nikol Paşinyan və erməni xalqına səslənib.
Tv 713. az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, 78 yaşlı Tovuz sakini Alvina Marqosyan Ermənistan ordusunun əzəli Azərbaycan torpaqlarından, Qarabağdan çıxmasını tələb edib. 58 ildir ölkəmizdə yaşayan erməni qadın özünü azərbaycanlı hesab edir və arzu edir ki, son nəfəsinədək Qarabağın dilbər güşəsi Şuşada yaşasın.
Hazırda Adı Asya çağırılan qadın 1941-ci ildə Ermənistanda, Şəmşəddil mahalında dünyaya göz açıb. 18 yaşında Tovuzun Aşağı Quşçu kənd sakini Kamal Bağırovla ailə qurub. 58 ildir Aşağı Quşçuda yaşayır. Ailəlidir, beş övladı, 20 nəvəsi, 9 nəticəsi var.
Deyir, erməni olsa da, Tovuza köçən gündən özünü azərbaycanlı hesab edir. Bu gün Azərbaycanın haqq davasını, Böyük Vətən müharibəsini anbaan izləyən Alvina Marqosyan erməni xalqını Nikol Paşinyanın hiyləsinə uymamağı çağırır. Erməni əsgərinə isə ölmək istəmirsənsə Azərbaycanın əzəli dədə-baba torpaqlarından geri çəkilməyi məsləhət görür.
Alvina Marqosyan Nikol Paşinyanı Adolf Hitlerlə müqayisə edir. Bildirir ki, günahsız əhalini işğalçı mövqeyində həlak olmağa yalnız Hitler göndərirdi. Günahsız əhalinin də müxtəlif işgəncələrlə öldürülməsi fərmanını verirdi. Paşinyan da bu gün ondan geri qalmır. Yaşlı qadın Ermənistan ordusunun Gəncə, Tərtər, Goranboy, Ağcabədi, Ağdam, Beyləqan və digər şəhərlərimizdə dinc sakinlərin hədəfə almasını da acizlik kimi dəyərləndirib.
Alvina Marqosyan haqq döyüşü aparan Azərbaycan ordusuna uğur diləyərək sonuncu arzusunu da bizimlə bölüşüb. Deyir ki, Qarabağı tamlığı ilə azad görməmiş ölmək istəmir.