Tsarukyan təşəbbüsü ələ aldı - Ermənistanın müxalifətçi deputatları Rusiyaya gedir...
Azərbaycan ordusunun Qarabağı işğaldan azadetmə əməliyyatı qarşısında aciz vəziyyətə düşən işğalçı Ermənistan Rusiyadan dəstək almaq üçün cəhdlər göstərir. Ermənistan parlamentində ən böyük fraksiya ilə təmsil olunan “Çiçəklənən Ermənistan” partiyasının siyasi şurasının üzvləri, parlamentin vitse-spikeri Vaqe Enfiadjyan, deputatlar Mikael Melkumyan, Arman Abovyan və Luiza Sarkisyandan ibarət heyət bu gün - 29 oktyabrda Rusiya paytaxtına gedəcək. Bununla bağlı qərarın partiyanın siyasi şurasında qəbul olunduğu iddia edilir. Bildirilir ki, “Çiçəklənən Ermənistan” və Rusiyanın “Vahid Rusiya” partiyası arasında uzun illərdir davam edən əməkdaşlıq əlaqələri Ermənistanda və Qarabağdakı gərgin vəziyyəti müzakirə etmək zərurətini ortaya çıxarıb. Açıq mətnlə bildirilir ki, səfər zamanı atəşin dayandırılması, həmçinin Türkiyənin proseslərdən uzaqlaşdırılması istiqamətində müzakirələr aparılacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada da adam yerinə qoyulmadığı və prezident Putin tərəfindən qəbul edilmədiyi üçün indi İrəvan müxalifətçi faktorundan yararlanıb vəziyyəti öz xeyrinə dəyimək istəyir. Bir neçə gün əvvəl Rusiyaya eks-prezident Robert Köçəryanın yardım üçün gedəcəyi barədə xəbər yayılsa da, sonradan təkzib edildi. Bu günlərədək Paşinyan hakimiyyəti tərəfindən təqib edilən, deputat mandatı belə əlindən alınan “Çiçəklənən Ermənistan”ın lideri Qagik Tsarukyan isə görünür hakimiyyət böhranı şəraitində təşəbbüsü ələ almaq niyyətindədir. İki gün əvvəl o, silahlı dəstələr yaradıb Qarabağa gedəcəyi barədə açıqlama vermişdi. İndi isə rəhbərlik etdiyi partiyanın üzvlərini 2001-ci ildə Prezident Vladimir Putinə dəstək üçün yaradılan “Vahid Rusiya” ilə danışıqlara, daha doğrusu. minnətə göndərir. Görünür, Tsarukyan Azərbaycan ordusu ilə zarafatın ona baha başa gələcəyini anladığı üçün fikrindən daşınıb və Rusiyaya üz tutub. İstənilən halda bu, Paşinyanın istefasının tələb olunduğu bir ərəfədə Tsarukyanın təşəbbüsü ələ almaq cəhdi və revanşı kimi də qiymətləndirilə bilər(müsavat. com)...