ŞƏHİDLƏR bir ailənin deyil, bütöv millətin Övladlarıdır
MÜŞFİQ RƏHİMOV
POLKOVNİK LEYTENANT SADIQOV RƏŞAD XANLAR OĞLUNUN XATİRƏSİNƏ
Azərbaycan müstəqil dövlət olmaq yolunda böyük sınaqlardan çıxıb və indi də çıxmaqdadır. Bu yolda bizə əngəl olmaq istəyənlər təzyiq və təhdidin bütün mümkün olan vasitələrindən istifadə etsələr də, ancaq Azərbaycan İnsanının məmləkətə, yurda, elə, obaya olan sevgisi bütün bunları heçə endirdi.
Deportasiyalar, soyqırımlar, müharibələr, bu müharibələrin acı nəticələri millətimizin içində bəslədiyi azadlıq eşqini öldürə bilmədi. Xarici himayədarların bəslədikləri erməni vandalizmi artdıqca, erməni faşizmi quduzlaşdıqca millətimiz daha da mətinləşdi, millətimiz daha da bütövləşdi. Biz sanki ağrılarımızın, acılarımızın ağuşunda böyüdük. Biz böyüdükcə düşmənlərimmiz daha da quduzlaşdı. Məhz bu quduzluğun nəticəsi olaraq bir əsrdə dörd dəfə əlifbamız dəyişdi, məhz bu quduzluğun nəticəsi olaraq ötən əsrin ötən əsrin 1905-1907-ci illərində, 1912-1918-ci illərində, 1948—1953-cü illərində, 1988-1993-cü illərində soyqırımlara, deportasiyalara məruz qaldıq. Mart soyqırımı ttörədildi, Umudlu, Qaradağlı, Xocalı soyqırımı törədildi, 1 milyon 250 mindən artıq soydaşımız yurdundan, yuvasından qaçqın, məcburi köçkün halına salındı. Amma yenə də dözdük, özümüzə, yurdumuza qayıdış uğrunda gərəkən nə mümkün idisə, onu da etdik...
Və bu gün biz o dözümün, o iradənin mətinləşdirdiyi, o dözümün, o iradənin ortaya qoyduğu haqq savaşının iştirakçısı qismində yenə də mübarizənin tən ortasındayıq.
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid olur – təki yurd yaşasın!
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid olur – təki 30 illik yurd həsrətimizə son qoyulsun!
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid olur – təki 30 il ərzində Qarabağ səması üstündə qıy vuran Nigaran Ruhlarımız onlara və yurda sahib çıxan Oğulların varlığını görsünlər!
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid olur – təki bu torpaq uğrunda canını fəda edən insanlarımızın ruhu şad olsun!
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid olur – “axı torpaq uğrunda ölən varsa, vətəndir” deyibdir bablarımız!...
Bu günlərdə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olan polkovnik leytenant SADIQOV RƏŞAD XANLAR OĞLU da belə Vətən Fədailərimizdən biri oldu. Rəşad mənim xalam nəvəsi idi. Rəşad mənfur düşmənə hələ Naxçıvan istiqamətində gedən döyüşlərdə qan uddurmuşdu. Bizimlə 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə iştirak etmiş, iki Şəhid qardaşı olan mayor Etibar Həsənquliyev də onu yaxşı tanıyır, Rəşadın döyüş şücaətindən yaxşı xəbərdardır. Rəşadın düşmənə nifrəti heç zaman soyumamışdı. Hər zaman döyüşə atılıb, düşməndən öc almaq istəyirdi. 27 sentyabrdan başlanan Vətən müharibəsi Rəşada bu arzusuna çatmağa imkan verdi. Birinci gündən döyüşə atılan Rəşad erməni qəsbkarlarına qarşı apardığı mücadilədə xalqımızın bütün qisasını onlardan almışdı. Nə yazıq ki, müharibənin də öz qaydaları, öz qanunları var. Müharibə qandı, qadadı. Bax bu qanlı, qadalı günlərin birində xalam nəvəsi də Laçın uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına Şəhid olub. Şəhidlik Zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Və o Kəslər Şəhid olana qədər bir ailənin övladları idilərsə, Şəhid olandan sonra isə artıq bir ailənin deyil, 400 milyonluq Türk Dünyasının övladları olurlar. Qəzan mübarək, Şəhid qardaşım Rəşad!
Bu gün mənim xalam nəvəsi Rəşad da artıq 400 milyonluq Türk Dünyasının Övladıdır və biz bununla qürur duyuruq!
İnşəAllah rəşadətli Azərbaycan ordusu Rəşad kimi canfədailərimizin qisasını birə beş qat düşməndən alacaq.
Bu gün ön cəbhədə gedən ağır döyüşlər də bunu deməyə əsas verir. Azərbaycan Ordusu öz torpağımızda ərazi bütövlüyümüzü bərpa etməkdədir. Cənab prezidentimizin, Ali Baş Kmandanımızın dediyi kimi tarixi ədalət də bizim tərəfimizdədir. Çünki bu, bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Ancaq biz öz qeyrətli ordumuza güvənirik. İnanırıq ki, qısa müddətdə 30 illik həsrətimizə son qoyacaqlar.
İrəli Azərbaycan Əsgəri!
Tanrı sizi qorusun!
Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məkanları Cənnət olsun!
Qarabağ Azərbaycandır!