Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
“Bir daha xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən bölmələrimizin mövqelərinə və yaşayış məntəqələrimizə atəş açan düşmən mövqeləri və döyüş vasitələri adekvat tədbirlər çərçivəsində legitim hərbi hədəflərə çevrilir”.
TV 713. az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.
“Azərbaycan Ordusu müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirir. Müasir texnoloji silahlar Ordumuzun güc alətlərindən yalnız biridir. Müharibənin taleyini müəyyən edən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandiridir. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb edir.
İstisna olunmur ki, Ermənistan ərazisindən Azərbaycanın mülki əhalisini hədəfə alan düşmənin bu tip sistemlərdən atdığı raketlərin bəziləri uçuş trayektoriyalarını dəyişərək işğal altında olan yaşayış məntəqələrinin və oradakı mülki obyektlərin üzərinə düşür. Hazırda Ordumuz əməliyyat şəraitinə tam olaraq nəzarət edir”, - o qeyd edib.