Türk general: “Laçın dəhlizinin götürülməsi ilə əməliyyatlar sürətlənəcək”
“Ermənistan “qaşınmaq” üçün yanlış vaxtı seçdi. Fransanın məsələyə təsir gücü indi kifayət qədər deyil”
“Prezident seçkilərinə görə ABŞ-ın başı özünə qarışıb. Rusiyanın isə Ermənistanın hazırkı hakimiyyətindən o qədər də xoşu gəlmir”
“Kreml özünə bağlı Ermənistanı istəyir, indikini yox. Ona görə də hadisələrə müəyyən mənada göz yumur”
“Əgər Rusiya Ermənistanı dəstəkləsəydi, hadisələrin necə cərəyan edəcəyini demək çətindir”
Azərbaycan ordusunun bir aydan çoxdur başlatdığı əks-hücum əməliyyatları uğurları davam etməkdədir. Ermənistan silahlı qüvvələrindəki ajiotaj, şəxsi heyət çatışmazlığı onu deməyə əsas verir ki, tarixi qələbə uzaqda deyil. Əlbəttə, bu işdə dövlət rəhbərliyimizin iradəsi, xalqımızın birliyi ilə yanaşı, hərbçilərimizin peşəkarlığı da mühüm rol oynayır. Seçilən düzgün strategiya, hazırlanan uğurlu döyüş planları ilə, az qala, hər gün yeni bir xoş xəbərə sevinirik. Şuşanın dağlarındakı dumanlar da artıq çəkilməkdədir…
Görünür, qardaş ölkə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın arzusu reallaşacaq: o, ad gününü Xocalıda keçirə biləcək. İnşallah! Ata torpağında təkcə cənab Ərdoğanı yox, bütün türkləri qarşılamağa, sevincimizi onlarla birlikdə qeyd etməyə hazırıq. Və bu gün uzaqda deyil. Dünyanın ən müxtəlif ölkələrində yaşayan mütəxəssislər məsələnin ən yaxın zamanda bitəcəyini düşünürlər.
Türkiyəli ehtiyatda olan general Özgür Torun “Sherg.az”a müsahibəsində dedikləri də bu baxımdan səviyyəvidir:
- Sizcə, Dağlıq Qarabağda döyüşlərin məhz indi başlanmasına təkan verən məqamlar nələr idi?
- Öncə onu deyim ki, bu, bir müharibə deyil. Ata-baba torpaqlarını düşməndən “təmizləmə” əməliyyatıdır. Ermənistanın bir neçə ay əvvəlki Tovuz təxribatı bardağı daşıran son damla idi. Bundan sonra Azərbaycan nizami ordusu məqsədyönlü şəkildə əks-həmlələrə başladı. Amma, məncə, Ermənistan “qaşınmaq” üçün yanlış vaxtı seçdi.
- İşğalçı ölkə nəyi nəzərə almadı?
- İlk növbədə Azərbaycan ordusunun günü-gündən gücləndiyini nəzərə almalı idilər. Başqa bir tərəfdən, adını “vasitəçi” qoyan həmsədrlərdən biri- Fransanın məsələyə təsir gücü indi kifayət qədər deyil. Prezident seçkilərinə görə ABŞ-ın başı özünə qarışıb. Rusiyanın isə Ermənistanın hazırkı hakimiyyətindən o qədər də xoşu gəlmir.
- Bir general olaraq davam edən hərbi əməliyyatlarla bağlı fikirləriniz necədir?
- Müharibədə ruh yüksəkliyi, motivasiya strategiyadan da, texnikanın gücündən də daha vacibdir. Bu mənada Azərbaycan ordusu şəxsi heyəti haqqında ən yüksək fikirdəyəm. Ard-arda qələbələri təmin edən də məhz bu amil-yüksək hərbi-vətənpərvərlik ruhudur.
- Zəngilan, Qubadlı, Cəbrayıl və Füzulinin hərbçilərimizin nəzarəti altına keçməsi ilə İranla əlaqə kəsildi. Bunun əhəmiyyətini bir də sizdən eşidək.
- Əlbəttə, bu, çox əhəmiyyətli hadisədir. Sərhəddə nəzarət həm də o tay-bu taylı azərbaycanlıların birləşməsi baxımından vacibdir. Eyni prosesin Azərbaycanla Naxçıvan arasında da olmasını arzulayırıq.
- Sizcə, savaş daha nə qədər çəkəcək?
- Bunu təxmin etmək çətindir. Amma Laçın dəhlizinin nəzarətə götürülməsi ilə əməliyyatlar sürətlənəcək.
- Rusiyanın münasibətinə dair düşüncələriniz maraqlıdır...
- Bayaq da bu məsələyə toxundum əslində. Kreml özünə bağlı Ermənistanı istəyir, indikini yox. Ona görə də hadisələrə müəyyən mənada göz yumur. Əgər Rusiya Ermənistanı dəstəkləsəydi, hadisələrin necə cərəyan edəcəyini demək çətindir.
- Ermənistan xaincəsinə mülki insanlarımızı hədəfə alır…
- Bu, xalqın yox, Ermənistan hakimiyyətinin qəbahətidir. Dünya ekspertləri də işğalçı ölkənin hərbi-siyasi hakimiyyətinin məntiqsiz davrandığını deyirlər. Mülkiləri vurmaq nə beynəlxalq hüquqa, nə də insanlığa adekvatdır.
- Bir mütəxəssis olaraq zabit və əsgərlərimizə tövsiyələriniz nələrdir?
- Zabit və əsgərləriniz peşəkarcasına, qəhrəmancasına vuruşurlar. Hadisələri yaxından izləməyə çalışıram. Sizə qələbə arzulayıram.
- Qardaş Türkiyə ilk gündən yanımızda oldu, bunun üçün sizə təşəkkür edirik.
- Tarix təkrarlanır. Yüz il əvvəl biz qurtuluş savaşı verəndə siz yanımızda idiniz. İndi-yüz il sonra biz Azərbaycanın yanındadıyıq. Bütün dəstəyimiz və dualarımız sizinlədir.