Azərbaycan BMT-nin üzv dövlətlərinə çağırış etdi
Döyüş meydanındakı böyük itkiləri kompensasiya etmək məqsədilə Ermənistan xarici ölkələrdə qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək öz ordusuna maliyyə vəsaitləri cəlb edir (“We are our borders – All for Artsakh” donation campaign, Armenia Fund, Armenian General Benevolent Union, Armenian Canadian Medical Association of Ontario, Fund for Armenian Relief, Tufenkian Foundation, Armenian Relief Society və s.).
Tv 713. az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, erməni diasporunun idarə etdiyi qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları xətti ilə əldə edilən maliyyə vəsaitləri Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən Ermənistan ordusunun maliyyələşdirilməsinə yönəlir və bununla da Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı növbəti hücumlara töhfə vermiş olur:
“Xaricdə yaşayan ermənilər arasında bu barədə sosial media və şəbəkələrdəki yazışmalar bunu sübut edir.
Bu ilk dəfə deyil ki, xaricdəki erməni diasporu qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatlarından sui-istifadə edərək əldə edilən vəsaitləri Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət və işğalın möhkəmləndirilməsi, eləcə də işğalçı ordu üçün silah sursatın alınması istiqamətində istifadə edir.
Son 30 ildə erməni diasporu bu istiqamətdə fəal iş aparmış və müvafiq xarici dövlətlərin vergi ödəyicilərini aldatmışlar.
Bu zaman Azərbaycanın işğal altındakı qondarma rejimə heç bir nəzarət mexanizmi olmadan qanunsuz vəsaitlər köçürülmüşdür ki, bu da terrorizmin maliyyələşdirilməsi deməkdir.
Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 1999-cu il Beynəlxalq Konvensiyanın, eləcə də BMT Təhlükəsizlik Şurasının 1373 (2001), 2178 (2014), 2195 (2014) and 2347 (2017) saylı qətnamələrinin müddəalarına görə qeyri-kommersiya təşkilatları tərəfindən yuxarıda göstərilən sahələr üzrə fəaliyyət terrorizmin maliyyələşməsi kimi qiymətləndirilir və dövlətlər bu kimi halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməlidir.
Bu xüsusda, Azərbaycan BMT üzv dövlətlərini öz ərazilərindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorizminin maliyyələşməsi məqsədilə istifadənin qarşısını almağa çağırır.