Elmira Axundovanın "hansısa Türkiyə" məntiqi nə deyir?
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ardından Ukraynadakı səfir Elmira Axundova da tutduğu posta uyğun olmayan mövqe sərgiləyib.
Tv 713. az xəbər verir ki, Savik Şusterin Ukraynada populyar olan “Svoboda Slova” verilişinə onlayn qatılan Elmira Axundova Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu dolayı yolla danmağa çalışıb.
Belə ki, aparıcının “Bu gün Azərbaycanın əsas müttəfiqi Türkiyədir, Türkiyə həm də Zaqafqaziyada çox ciddi faktordur” replikasına səfir “ola bilər” deyərək, çox qısa bir formada cavab verib. Aparıcı Elmira Axundovanın ifadəsinə təəccübünü gizlətməyərək, onun “ola bilər” sözlərini bir neçə dəfə təkrar edib.
Səfir qazanılan uğurda Azərbaycan ordusunun rolunu qiymətləndirsə də sonda “hansısa Türkiyə, hansısa Rusiya" faktoru ifadəsini eyhamla işlətməsi əslində onun içində gizlətdiyi məkri və sevgini üzə çıxardı. Məntiqlə məkr Türkiyəyə, sevgisə Rusiyaya yönəli idi. Çünki bu məsələdə adı çəkilən dövlətlərə eyni prizmadan baxmaq yanlışdır, axı Türkiyə Rusiyadan fərqli olaraq siyasi və mənəvi baxımdan hər zaman bizim yanımızda olub.
Elmira Axundova 5 dəqiqə 20 saniyəlik çıxışı zamanı Qarabağ müharibəsindən Azərbaycanı qələbə ilə çıxaran Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adını belə çəkməyi lüzum görməyib. Yeri gəlmişkən, Ali Baş Komandanın özü də dəfələrlə müsahibələrində vurğulayıb ki, qazandığımız qələbələrdə qardaş Türkiyə mənəvi və siyasi baxımdan hər zaman bizim yanımızda olub. Elə isə bu diplomatik fəndin adı nədir?