Yardımlıdan Murova uzanan ŞƏHİDLİK YOLU

Şahidlər və Şəhidlər 26-noy, 05:489 tv713 187 0
Yardımlıdan Murova uzanan ŞƏHİDLİK YOLU


Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü illərlə ölkə vətəndaşlarının ürəyində yaşatdığı, uğrunda mübarizə apardığı ən müqəddəs arzu olub.
Mənfur ermənilər öz havadarlarının sayəsində 27 il idi ki, torpaqlarımızın 20 faizini, Azərbaycanın dilbər guşəsi olan 7 rayonumuzu, Qarabağı işğal etmişdilər. Dövlətimiz gün-gündən inkişaf edib, qüdrətli dövlətlər sırasına daxil oldu. Ən əsası Azərbaycan ordusu qüdrətinə görə ən pik həddə çatdı. Prezidentimiz bütün çıxışlarında qəlbindəki Qarabağ nisgilini, dilə gətirirdi. Bu cənnətməkan diyarın mənfur düşmənlərdə olmasını heç cür bağışlaya bilmirdi. Artıq intiqam vaxtı çatmışdı.
Ən nəhayət 27 sentyabr 2020-ci il tarixində öz iradəsini ortaya qoyaraq, qərarını verdi. Ali Baş Komandanın rəhbərliyi altında, onun qətiyyətli iradəsi ilə düşmənlərdən torpaqların azad olunmasının tapşırığı verildi. Və güclü ordumuz yüksək coşqu ilə işğalda olan torpaqlarımızın azad olunması uğrunda müharibəyə qatıldı. Bütün Azərbaycan xalqı ayağa qalxaraq öz Prezidentinə və onun şanlı ordusuna birlik nümayiş etdirdi. İstər arxa cəbhədə, istər ön cəbhədə hər kəs öz üzərinə düşən məsuliyyəti dərk edərək bu mübarizədə iştirak etdilər...
Azərbaycanın hər yerində olduğu kimi, bizim də doğma diyarımız Yardımlıdan həm səfərbərlik, həm də könüllülük prinsipi ilə vətən oğulları döyüşə yollandılar. Bütün oğullar kimi yardımlılar da torpağın azad olunmasında dastan yazdılar. Əfsuslar olsun ki, müharibə itkisiz olmur. Qələbə ilə yanaşı niskillər, acılar da olur. Lakin torpaqlar azad olunduqca acılar tez unudulur. Axır ki, qələbə bizimlə oldu. Şükürlər olsun ki, Azərbaycanın əzəli torpaqları murdarların tapdaqları altından azad olundu...
Bəli, Azərbaycanın bu haqq davasında Yardımlı da şəhidsiz ötüşə bilmədi. Hər bir şəhidimizin öz qəhrəmanlıq səlnaməsi var. Bu yazıda Sizə Yardımlının Bilnə kəndinin yetirməsi- şəhid Rzalı Əli Nuru oğlu haqqında söhbət açmaq istəyirəm.
Rzalı Əli Nuru oğlu 2002-ci ildə Yardımlı rayonun Bilnə kəndində anadan olub. 2009 -cu ildə həmin kənd məktəbinin birinci sinfinə daxil olmuş, 2017 ci ildə 9 cu sinfi bitirərək Vərgədüz kənd tam orta məktəbində təhsilini davam etdirmişdi. 2020-ci ilin mayında hərbi xidmətə getmiş və XTQ-də qulluq edirdi. Vətən müharibəsinin ilk günlərindən ön xətddə igidliklə döyüşərək, 2020-ci ilin oktyabrın 2-də Qarabağda, Murovdağ döyüşlərində şəhidlik zirvəsinə ucalıb.
Əli təkcə Bilnənin,Yardımlının deyil, bütöv Azərbaycanın qəhrəman oğlu oldu. Həm Əlinin ata-anasına, yaxınlarına, bütün Əlisevərlərə təsəlli budur- şükür Azərbaycan qələbə çaldı. Rahat uyu, Əli!..

Əli Bilnə kəndində halal zəhməti ilə dolanan Nuru kişinin oğlu, doğma diyarımızın dəyərli ziyalı ağsaaqqalı Əlihüseyn müəllimin qız nəvəsidir. Nuru qardaşımız daş karxanalarında işləyərək öz övladlarını halal çörəklə, min bir əziyyətlə böyüdən şəxsdir. Heç kimə boyun əymədən mərdi-mərdanə kişilərdəndir. Həmişə də danışanda qürurla deyir ki, oğlumu vətən yolunda qurban vermişəm.Belə ataların qarşısında baş əyirəm...

Burada bir haşiyəyə çıxmaq istəyirəm. Nuru kişi uzun illər iş axtarışında olub. Əli heç yerə çatmadığından ildə bir neçə dəfə Qaradağ rayonunun daş karxanalarına gedərdi. Elə Əlinin şəhadətə qovuşması xəbərini də karxanada eşitdi. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ailənin vəziyyətini nəzərə alıb, 22 baş keçi vermişdilər işsiz ataya. Sağ olsunlar. Əli əsgər gedənədək o heyvanlara özü baxır, özü bəsləyirdi. Demə müharibədə olanda qardaşı, orta məktəb şagirdi Elmirə zəng edərək keçilərin artıb-artmadığını soruşub. Elmir də cavab verib ki, 36 baş olublar. Deyib, Elmir bax, satıb-eləmə ha, mən gəlincə çoxalsın. Kim bilir nə arzuları var idi. Bəlkə də məqsədi köhnə evin yerində(həmin evin vəziyyətini şəhidin ziyarətinə gələn bütün insanlar görüb) yenisini tikmək, ata-anasının xidmətində durmaq olub, bilmirəm.
Məktəb illərində belə mövsümi işlərə baş vurardı. Ağdam bölgəsinə işləməyə gedərdi. Hətta mənim yaşadığım Bürzünbül kəndində çox evlərdə Əlinin əl izləri var. Bütün bürzünbüllülərin sevimlisinə, doğmasına çevrilmişdi və ölümü də bizləri çox yandırdı. Ailənin, işsiz atanın əlindən tutmaq istəyirdi hər zaman. Keçən il Ağdam rayonunda soğan yığımında işləyərək özünə telefon alıbmış, həm də evə qazancından gətiribmiş. Həmin telefonu əsgər gedəndə atasına bağışlayıbmış. Elə şəhidlik xəbərini də həmin telefondan alıb Nuru kişi...
Keçirdiyimiz hər gün yadda qalmır, elə günlər var ki, onları heç vaxt unuda bilmirsən, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəman şəhidlərdir.
Allah vətən və millət yolunda canından keçən şəhidlərimizə rəhmət eləsin! Şəhidlərin qanı və canı hesabına qazandığımız azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənəviyyatını qoruyan, ölməzlik qazanan, əbədiyyətə qovuşan bəxtəvər insanlardır...

Bəli, ömür fanidir, hər kəs nə vaxtsa gedəcək. Amma şəhidlərimiz həmişə yaşayacaqlar. Əli öz şəhadəti ilə qürur yerinə çevrildi. İndi onun doğulduğu bu köhnə, təmirsiz ev Azərbaycan bayrağı ilə bütün imarətlərdən gözəldir, ucadır, müqəddəsdir, bütün şəhidlərimizin ocağı kimi. Allah bütün şəhidlərə rəhmət eləsin!

Əsədulla Sadıqov
"Yardımlının Səsi" qəzeti,
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr