Ukrayna ordusu aktivləşdi: Donbasda savaş başlayır? - Video
Ukrayna və Donetsk separatçıları arasında hazırda mövqe döyüşləri gedir. Lakin hazırkı vəziyyətdə əməliyyatların nə dərəcədə inkişaf edəcəyi haqda bir şey demək çətindir. İrimiqyaslı əməliyyatlar aparılmır. Ukrayna tərəfi hazırkı mərhələdə, sadəcə, üstünlüyü ələ almaq niyyətindədir.
Tv 713. az xəbər verir ki, bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Ukrayna ordusunun Donetsk separatçılarına qarşı hərbi əməliyyatlara başlaması haqda yayılan xəbərləri şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, MDB ölkələri postseparatizim dövrünə girmək istəyir:
“Azərbaycanın 27 ildir işğalda olan torpaqlarını hərbi yolla geri alması digər MDB ölkələri üçün də domino effekti ola bilər. Diqqət etsəniz, Moldovanın yeni seçilən xanım Prezidenti Maya Sandu hakimiyyətə gələr-gəlməz ilk növbədə Dnesteryanı bölgə məsələsini qabartdı. Gürcüstanda da bənzər şəkildə Cənubi Osetiya və Abxaziya məsələlərində aktivlik müşahidə olunur. Ukraynanın son aylarda Donetsk sərhədinə qoşunları cəmləməsi, Türkiyə ilə hərbi müqavilələr imzalaması ondan xəbər verir ki, MDB məkanında separatizm hərəkatlarına qarşı bir mübarizə başlaya bilər.
Lakin bunun nə dərəcə də reallaşacağı haqda bir şey demək çətindir. Çünki nə Abxaziya və Cənubi Osetiya, nə Donetsk, nə də Dnesteryanı münaqişəsi Qarabağ münaqişəsi ilə eynidir. Bu münaqişələrdə situasiya fərqlidir. Rusiyanın dominantlığı var. Hər halda hazırda Ukraynanın, ya da Moldovanın Rusiyanı qarşısına alacağı real deyil”.
Politoloqun sözlərinə görə, Ukrayna ordusunda Türkiyə istehsalı “Bayraqdar”ların olması rəsmi Ankaranın Kiyevə dəstək verdiyini göstərmir:
“Hazırda Ukraynanın separatçılara qarşı Türkiyə istehsalı “Bayraqdar” PUA-larından istifadə etməyə hazırlaşması haqda xəbərlər yayılıb. Bir çox ekspert bunu Türkiyənin Ukraynaya dəstəyi, ya da Rusiyaya təzyiq vasitəsi kimi anlayır. Deyə bilərəm ki, bu gün rəsmi Moskva Ankaradan “Bayraqdar” almaq istəsə, Türkiyə ona da sata bilər. Digər tərəfdən, bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan arasında qarşılıqlı hərbi müqavilə imzalanıb. Bu mənada təəccüblü bir şey yoxdur”.