TURANI GERÇƏKLƏŞDİRƏN BÖYÜK TÜRK XAQANI ƏMİR TEYMUR
9 APREL TARİXİ TURANI GERÇƏKLƏŞDİRƏN BÖYÜK TÜRK XAQANI ƏMİR TEYMURUN DOĞUM GÜNÜDÜR .
Hər bir xalqın, millətin tarixi missiyası onun gücü, yaratdığı mədəniyyəti, qurduğu dövlət və İmperatorluqlarla ölçülürsə, hər bir fərdin gücü - qüdrəti onun fiziki və mənəvi enerjisi də mənsub olduğu millətə və milli mədəniyyətə xidməti ilə ölçülür. Bu baxımdan bəşər tarixinə istiqamət verən Türklər dünya xalqları içərisində birinci yerlərdən birini tutduğu kimi, tarixi şəxsiyyətlər içərisində də Böyük Türk Xaqanı Əmir Teymur birinci yerlərdən birini tutur.
"Hər millətin tarixi meydanda. Əcnəbilər "Böyük İskəndər", "Böyük Napoleon" - deyə öz qəhrəmanlarına abidələr yapdırır, heykəllər tikdirirlər. Fəqət bizlər! "Bizlər isə, Çingiz kimi Cahangirləri, Teymur kimi qəhrəmanları xunxar, canavar deyə ləkələmək istəyirik"-deyən, böyük mütəfəkkir Hüseyn Cavid nə qədər haqlıdır. Çünki “biz özümüzə, qövmümüzə, irqimizə, tariximizə yabançıların gözümüzə taxdığı gözlüklə baxırıq. Əgər Türkləri, Türklərin keçmişini olduğu kimi görmək istəsək yabançıların taxdığı gözlüyü qırıb ataraq, tariximizə öz Türk gözümüzlə baxmalıyıq. Yəni babalarımızın buraxdığı əsər və vəsiqələri tədqiq edib, ona görə hökm verməyə çalışmalıyıq”. (Yusuf Akçura, Bax:Ahmet Temir, Yusuf Akçura, Ankara, 1987, səh 65)
Bizlər də məhz bu böyük Türkçü ideoloqların fikir və düşüncələri işığında tariximizi incələməli, dahi şəxsiyyətlərimizi, o cümlədən də Türk birliyi ideyasının həyata keçiricisi, məfkurəvi Türk dövləti olan Turanın savaşçısı və yaradıcısı əzəmətli Türk Xaqanı Əmir Teymuru özünə layiq şəkildə tədqiq edib gec də olsa öz millətimizə və bəşəriyyətə təqdim etməliyik.
Əmir Teymur 8 aprel 1336-cı ildə Səmərqəndin Güneyindəki Keş (indiki Şəhri-Səbz) şəhərində anadan olmuşdur. Atası Əmir Turağay, anası Təkinə Xatundur. Atası Əmir Turağay Barlas Türk boyunun başbuğu olmuşdur. Səmərqənd və Keş bölgələrində hakim mövqedə olan Barlas Türk boyu o dövrdə Cığatay Xanlığının tabeliyində idi. Çingizoğullarından qalma bir xanlıq olan Cığatay Xanlığı da Qızıl Orda Xanlığı kimi artıq bir Türk dövləti durumuna gəlmişdi.
Cığatay xanlığı içərisində qarışıqlıqlar çıxınca Teymurun atası Əmir Turağaydan sonra Barlas boyunun başbuğu olan əmisi Hacı Barlas Keşdən qaçaraq Xorasana getdiyindən Barlas boyuna Teymur "Bəy" olaraq başçılıq etməyə başlamışdır. Teymur Bəyin bu hərəkətini alqışlayan Cığatay Xanı Tuğluq Teymur onun dəstəkləmişdi. Cığatay birlikləri başqa bölgələrə getdiyindən Əmisi Hacı Barlas öz dəstəsi ilə geri dönmüş, lakin Teymur Bəy əmisinə qarşı çıxdığından Teymurun ətrafındakı əskərlər onu tərk etmiş, əlacsız qalan Teymur Bəy əmisinin yanına getmiş və ondan üzr istəmişdi.
Cığatay Xanı Tuğluq geri dönüncə, Hacı Barlas yenidən Xorasana qayıtmış və orada üsyançılar tərəfindən qətlə yetirilmişdir. Bundan sonra Cığatay Xanı oğlu İlyas Xocanı Türküstana vali təyin etmiş Əmir Bəyciki ona birinci, Teymur Bəyi isə ikinci yardımçı göndərmişdi. Bu vəziyyətə hirslənən Teymur Bəy yeznəsi Kabil hökmdarı Mir Hüseynin yanına getmiş, onunla birləşərək güclü bir ordu yaratmışdılar. Birləşmiş ordular Qunduz bölgəsindən keçərək Türküstana daxil olmuş, onlara qarşı çıxan Cığatay ordusunu məğlub edərək, Keş şəhərini ələ keçirmiş, İlyas Xocanı İli Bölgəsinə qaçmağa məcbur etmişdilər. Teymur Bəy Mir Hüseynlə birgə İlyas Xocanı Xocəndə qədər qovaraq, Daşkənddə qərarlaşmışdılar. Beləliklə Teymur Bəyin bu ilk səfəri ilə Türküstan Moğollardan qurtulmuş, Cığatay xanədanının nüfuzu bir qədər qırılmışdır.
Atası Tuğluq Teymurun ölümündən sonra hakimiyyət başına keçən Türküstan valisi İlyas Xoca 1364-cü ildə yeni və güclü bir ordu ilə Teymur Bəyi və Mir Hüseyni yenmiş, Mir Hüseyn Qunduzun quzeyinə, Teymur Bəy isə Bəlxə doğru qaçmağa məcbur olmuşdu. Cığatay xanı İlyas Xocanın 1365-ci ildə bir Duğlat Əmiri tərəfindən öldürülməsi ilə Teymur Bəy və Mir Hüseyn yenidən Türküstana sahib çıxmışdılar. Mir Hüseynin bacısı, Temur Bəyin arvadı öləndən sonra, onların arasındakı əlaqə sarsılmış və Mir Hüseyn Teymur Bəyi Karaşidən uzaqlaşdırmışdı.
Teymur Bəy yavaş-yavaş güclənərək şəhəri yenidən ələ keçirmiş, az sonra Buxaraya da sahib olunca Mir Hüseyn güclü ordu ilə Hücuma keçdiyindən Teymur Bəy Xorasana çəkilmiş, orada müxtəlif bölgələri dolaşaraq, yeni bir ordu yaratmış və yenidən Mir Hüseyn onunla yaxınlaşaraq dostluq münasibətlərini bərpa etmiş və özü Əfqanıstana çəkilmişdi.
Teymur Bəy ərazidəki Türk boylarını öz ətrafında toplayaraq gücləndikdən sonra Mir Hüseyni məğlub edərək, onu əsir götürmüş, Mir Hüseyn hər şeydən çəkilərək, Həccə getmək üçün Teymurdan icazə almışdır. Yolda ikən yanındakılar Mir hüseyni öldürərək, Bəlx camaatını qılıncdan keçirmiş, şəhəri yağmalamışdılar.
Öncə İl, Ulduz, Fərqanə bölgələrini və Bəlx şəhərini ələ keçirməklə Teymur Bəy Türküstan və bütün Orta Asiyanın hökmdarı olmuşdur. 1370-ci ildə 34 yaşında hökmdar elan olunan Əmir Teymur özünü Çingiz Xanın varisi kimi göstərsə də, Çingiz Xanın nəslindən olan Uyğur hökmdarı Xızır Xanın qızı ilə evlənsə də, o Moğol hakimiyyətinə son qoyaraq, bölgədə çoxdan gözlənilən Türk hakimiyyətini yenidən bərpa etməyə müvəffəq olmuşdur.
Əmir Teymur əsasən Türklərdən ibarət ordusu ilə bütün Türküstan ərazisini vahid dövlət ətrafında birləşdirdikdən sonra ilk olaraq Əfqanıstan və Doğu İranı, 1381-ci ildə Xorasanı, Şiraz və Kirmanı, İraqın ərəb bölgəsini, Azərbaycanı, Mardin və Diyarbəkrdən keçərək Gürcüstanı işğal edərək Qızıl Orda Xanı Toxtamışın üzərinə yürümüşdü. Hələ 1376-cı ildə Toxtamış Qızıl Orda dövlətini yenidən canlandırmaq üçün Səmərqəndə gələrək Əmir Teymurdan Ağ Orda hökmdarı Urus xana qarşı yardım istəmiş, Teymur da Orta Seyhun bölgəsində bulunan Otrar, Çabran və Sığnaq şəhərlərini Toxtamışın ixtiyarına vermişdi. Toxtamış Ağ Orda ilə savaşda iki dəfə məğlub olub, yenidən Əmir Teymura sığınmış, Əmir Teymur Toxtamışın bir şey edə bilmədiyini görüb, özü Urus Xanın üzərinə yürümüş, onu məğlub etmişdir. Əmir Teymurun yardımı ilə Qızıl Orda Xanlığını ələ keçirən Toxtamış, Ağ Orda Xanlığı ilə Qızıl Orda Xanlığını bir araya gətirərək Cuci ulusunu Batı Xanın dövründə olduğu kimi yenidən tək xanın hakimiyyəti altında birləşdirməyə müvəffəq olmuşdu.
Moskva knyazı Dmitri, Kulikova savaşında Mamay Xanı məğlub etmişdisə də yeni Xan Toxtamış öncə Mamayı, 1382-ci ildə isə Dmitrini məğlub edərək Moskvanı tutmuş, dövlətini Seyhundan Dnestrə, Otrardan Kiyevə qədər böyüdərək Əmir Teymurun himayəsindən çıxmağa çalışmışdı. O, Teymurun ona etdiyi yaxşılıqları unudaraq Litva knyazlığı, Misir Məmlük Türkləri və hətta Osmanlı Sultanı İldırım Bəyazidlə əlaqə yaratmış və Əmir Teymura qarşı çıxmışdı. Bütün Qızıl Orda Xanları kimi Azərbaycanın zənginliklərini ələ keçirmək istəyən Toxtamış da Əmir Teymurun uzaqda olduğunu düşünərək, bölgəyə hücum etmiş, Təbrizə qədər irəliləmiş, ölkəni yağmalayaraq geri dönmüşdü. 1386-cı ildə Əmir Teymurun Azərbaycana gəlişi iki dövlət arasındakı çatışmanın başlanğıcı olmuşdur. 1387-ci ildə Toxtamış Dərbənd üzərindən Azərbaycana girərkən Teymurun oğlu, Azərbaycan valisi Miranşah Toxtamışın qarşısını almış, onu önünə qataraq qovalamış və bir çox əsir ələ keçirmişdi. Əmir Teymur Çingiz nəslinə hörmət əlaməti olaraq əsirləri bağışlamış, Toxtamışa xəbərdarlıq etmişdisə də onun xəbərdarlığına baxmayaraq Toxtamış Seyhun sərhəddinə hücum edərək, Çabran şəhərini dağıtmışdı. Bunu eşidən Əmir Teymur Qərb yürüşünü təxirə salaraq geri dönmüş, Teymurun geri döndüyünü eşidən Toxtamış qaçmışdı. Müəyyən bir vaxtdan sonra Toxtamışın yenidən Dərbənd üzərindən Şirvana hücum etməsindən qəzəblənən Teymur Misir səfərini yarımçıq qoyaraq 1395-ci ildə Toxtamışın üzərinə yürümüş və onu taxt-tacdan məhrum etmişdi.
1398-ci ildə Hindistan səfərinə çıxan Əmir Teymur ilk öncə İndus hövzəsini ələ keçirən nəvəsi - Məhəmmədlə birgə Hindistana daxil olarkən Dehli Türk Sultanı Mahmudun ordusu ilə qarşılaşmış, Hindlilərin döyüş filləri Teymur süvarilərinin qarşısında duruş gətirə bilməmiş, döyüş meydanı kəsik xortumlar və ölü fillərlə dolmuşdu. Teymur böyük bir törənlə Dehli şəhərinə girərkən, Sultan Mahmud Qucurat Krallığına sığınmış, din adamlarının xahişi ilə xalq bağışlanmış, 200 illik Türk Sultanlığının xəzinəsi Teymurun əlinə keçmişdi. Dehlidə Xütbəni öz adına oxutduran Əmir Teymur Hindistan imperatoru kimi iki həftə sonra böyük qənimət və fillərlə geri dönmüşdü. Dönərkən, Kəşmir Bəyi ona tabe olacağını yəmin etdiyindən Əmir Teymur Kəşmirə toxunmamış, Pəncaba Seyid Xızırı vali təyin etmişdi.
Artıq Yaxın Şərqdə Əmir Teymurun qarşısında iki mühüm Türk dövləti - Suriya və Misir Türk Məmlük dövləti və Osmanlı dövləti var idi. Əmir Teymur Suriya və Misir Türk Məmlük dövləti ilə dostluq yaratmaq üçün elçi göndərmiş, lakin Sultan Barkuk Teymurun elçisini öldürtmüşdü. Teymurdan qaçan Bağdad Sultanı Əhməd Cəlayirli və digər qaçaqlar onlara sığındığından Əmir Teymur 1399-cu ildə üçüncü Qərb səfərinə çıxaraq qışı Azərbaycanda keçirdikdən sonra öncə Gürcüstanı, sonra Ərdəhan, Qars, Bingöl, Sivas və Malatyanı, daha sonra 1400-cü ildə Hələb və Şamı, 1401-ci ildə isə Bağdadı zəbt edərək, Təbrizə dönmüşdü.
Bütün Orta Asiya, Əfqanıstan, Uyğurustan, İran, Azərbaycan, Gürcüstan, Qızıl Orda, Xarəzm, İraq, Hindistan və Suriya kimi ölkələri öz hakimiyyəti altında birləşdirən Əmir Teymurun önündə ən böyük qüvvə kimi Osmanlı dövləti qalmışdı. Əmir Teymurla Osmanlı Sultanı məğrur İldırım Bəyazid arasında uzunmüddətli qarşılıqlı yazışmalar olmuşdu. Əmir Teymurun Bəyazidə göndərdiyi tarixi məktublar, çox səmimi olduğu halda, İldırım Bəyazidin Teymura yazdığı məktublar əksinə həddən artıq təhqiredici olmuşdu. Bu faktı bütün tarixi mənbələr təsdiq edir. Əmir Teymur İldırım Bəyazidə sığınan rəqibləri Qaraqoyunlu hökmdarı Qara Yusifi və Bağdad hakimi Əhməd Cəlayirlini təhvil verəcəyi təqdirdə onun kafirlərlə apardığı cihada ehtiram əlaməti olaraq, yardım edəcəyini vəd etmiş və İldırım Bəyazidi "Sultani-Rum" adlandırmışdı. İldırım Bəyazid isə əksinə, Əmir Teymuru "Kəlbi-əqur" (Qapağan it), "Kafir" adlandırmışdı ki, bütün bunlar da Əmir Teymurun İldırım Bəyazid üzərinə yürüməsini qaçılmaz etmişdir. Beləliklə Əmir Teymur dördüncü Qərb səfərini Osmanlı Türklərinə qarşı yapmışdı. Tarixdə məşhur Ankara savaşında dövrün iki azman Türk ordusu baş-başa gəlmişdi.
Xristian Qərbə qalib gələn müsəlman Osmanlı Türkləri Şərqli müsəlman Türklərə məğlub olmuş, Əmir Teymur 1402-ci ildə Qazilər dövləti olan Osmanlı dövlətinin Sultanı, məğrur İldırım Bəyazidi əsir almış, Anadolunu yenidən bəyliklərə parçalamış, Osmanlıların uzun müddət ala bilmədikləri İzmir və Foçanı Bizanslıların əlindən 15 gün müddətində alaraq, 1404-cü ildə ana yurdu Türküstana dönmüşdü. Əmir Teymur 1405-ci ildə Çingizoğullarını qovaraq Çində hakimiyyət başına gələn Minq Xanədanına qarşı səfərə çıxarkən yolda xəstələnərək vəfat etmiş, paytaxt Səmərqənddə dəfn olunmuşdu. Ruhu şad olsun.
Göy Türklər, Qaraxanlılar, Səlcuqlular və Osmanlılar dönəmində başlayan, Teymurlular dönəmində də davam etdirilən "Türklük ruhu" Əmir Teymurun sayəsində yenidən canlanaraq, bütün bölgələrdə fars və ərəb ruhunu sındırmış, yeni bir Türklük dönəmi başlamışdır. Əmir Teymur hakimiyyətdə olduğu 35 il müddətində Tanrı dağlarından tutmuş Volqa sahillərinə, Hindistandan Anadoluya qədər böyük bir ərazidə yerləşən, Xarəzm, İran, Azərbaycan, İraq, Suriya, Rusiya və Hindistanı, Anadolu və Gürcüstanı öz iradəsi və idarəsi altına ala bilmişdi. O, 1371 və 1379-cu illərdəki ilk yürüşlərində Xarəzmi, 1389-cu ilə qədər beş səfəri ilə Əfqanıstan və Uyğurustanı, 1401-ci ilə qədər dörd səfəri ilə Xorasan, Şiraz, Kirman, İran, Azərbaycan, Gürcüstan, İraq və Güney Anadolunu, 1391-1398-ci illərdə beş yürüşü ilə Qızıl Orda Xanlığına daxil bugünkü Rusiyanı, 1398-1399-cu il səfəri ilə hindistanı, 1400-1401-ci illərdə Suriya və Bağdadı, 1402-ci ildə Ankara savaşı sonunda Osmanlı dövlətinə aid Anadolu ərazilərini və o dövrdə Bizanslıların əlində olan İzmir və Foçanı Xristianlardan təmizləyərək öz hakimiyyəti altına almış, müəzzəm bir Türk İmperatorluğu içərisində bir Turan dövləti yaratmağa nail olmuşdur.
Əmir Teymur və oğulları dönəmində Türkistan, Azərbaycan və Xorasanda böyük memarlıq abidələri yaradılmış, Təbrizdə, Bağdadda tikdirdikləri mədrəsə və məscidlər, xüsusən Səmərqənddə həyata keçirdiyi parlaq quruculuq işləri Əmir Teymuru ümumtürk tarixinin əvəzsiz simalarından birinə çevirmişdi. Əmir Teymur paytaxtı Səmərqəndi mədəniyyət müəssisələri ilə bəzəmiş, onu orta əsrlərin mədəniyyət mücəssiməsinə çevirmiş, fəth etdiyi ölkələrdəki alim, sənətkar, memar və ustaları paytaxta toplamış, bir Türk Ronessansı yaradaraq Türk və dünya mədəniyyət xəzinəsinə ərməğan etmişdir.
Əmir Teymur Türk düşüncəsini siyasətə tətbiq edən müzəffər bir fateh olmuşdur. Onun zamanında Orta Asiyada Türk-müsəlman milətçiliyi son zəfərə ulaşmışdı. (Prof.Dr Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh 185) "Teymurun hakimiyyəti ilə Orta Asiya tarixində Türklük dövrü hökmran olmuşdur. Teymura qədər gəlib keçən Qəznəlilər, Xarəzm hökmdarları əsl Türk irqindən olsalar da onların Türklükdən xəbəri olmayıb. Onlar İran mədəniyyətinə pərəstiş ediblər. Əmir Teymur isə Moğol-Çin aləmi üzərində Türklük qələbəsini təcəssüm etdirib, Türkə layiq üstünlüyünü göstərməyə çalışıb, İmperatorluğunun rəsmi dövlət dili Türk dili olub". (Vamberi German, Əmir Temur, Bakı 1991, səh 54)
Əmir Teymur və onun yürüşləri haqqında məşhur Macar alimi Rasonyi də göstərir ki, "Teymur əsl bir Türk ailəsinə mənsubdur. Təşkilatçılığı, komandanlıq qabiliyyəti, zəkası və cəsarəti sayəsində bir nəsil boyu sürən müharibələr sonunda Çingizinkinə bərabər bir İmperatorluğun hökmdarı oldu. Ön Asiya və Hindistanın fəthi üçün girişdiyi səfərlər ən böyüklərindəndir. Teymurun keçdiyi yerlər çox dağıntılar və ölümlər görməklə bərabər, məğlub etdiyi iki böyük rəqibinə qarşı göstərdiyi alicənablığı da tarixdə məşhurdur. Bunlardan biri Qızıl Ordanın nankor xanı, Orda sülaləsindən Çingiz Xanın oğlu Cucinin böyük oğlu, Batı Xanın qardaşı Orda nəslindən olan Toxtamışdır ki, Teymurun yardımı ilə taxta çıxdığı halda ona (Əmir Teymura - A.M) qarşı gəlmiş, Azərbaycana və Buxaraya belə hücum etmiş, yağma və dağıntılar yapmışdır. Qəzəblənən Teymur 1395-ci ildə onu məğlub edərək, taxt-tacdan məhrum etmiş, Moskvaya qədər irəliləmişdir. Digəri isə Osmanlı Sultanı İldırım Bəyazid idi ki, 1402-ci ildə Ankara savaşında Teymura əsir düşmüşdü". (Bax Rasonyi, göstərilən əsəri, səh 187)
O dövrdə Əmir Teymuru ziyarət edən İspaniya elçisi Klavijo öz xronikasında Əmir Teymurun doğruçu olduğunu öymüş, onun sənətkarlara, alimlərə, ustalara hörmətlə yanaşdığını, onları ətrafına topladığını, böyük memarlıq abidələri tikdirdiyini yazmışdır. (Bax: Klavijo, Səyahətnamə, Ankara 1938)
Həqiqətən də Əmir Teymurun gördüyü işlər, onun işıqlı fəaliyyəti heç də fatehlik ovqatından az olmamışdır. Onun tikdirdiyi, mədrəsə, məscid və digər memarlıq abidələri və həyata keçirdiyi böyük quruculuq işləri Əmir Teymuru Türk tarixinin əvəzedilməz şəxsiyyətlərindən birinə çevirmişdi. Tarixdə çox nadir şəxsiyyətlər haqqında bədii-tarixi əsərlər yazılmışdır. Bu nadir tarixi şəxsiyyətlərdən biri də Böyük Türk Xaqanı Əmir Teymurdur. Əmir Teymur haqqında Türk və dünya tarixində XIV-XV əsrlərdən yazılmağa başlamışsa da onun bədii obrazı XVI əsrdən Avropada, XIX əsrdən isə Türk ədəbiyyatında öz əksini tapmışdır. Əmir Teymur haqqında ilk bədii-tarixi əsəri İngilis dramaturqu Kristofer Marlo yazmışdır. O 1587-88-ci illərdə yazdığı "Böyük Tamerlan" faciəsində Əmir Teymurun həyat və fəaliyyətini əks etdirmiş, fatehi fövqəladə qüdrətli şəxsiyyət kimi təqdim etmişdir.
Ümumiyyətlə Avropada XVI əsrdən - Kristofer Marlodan başlayaraq, Höteyə, XX əsr Amerikan yazıçısı Harold Lenmbə qədər fateh Teymur mövzusu həmişə diqqət mərkəzində olmuşdur.
Türk ədəbiyyatında Əmir Teymurun bədii-tarixi obrazı, müxtəlif aspektlərdən yanaşılsa da Əhməd Cevdət Paşa, Əbdülhəq Hamid, Əlibəy Hüseynzadə və xüsusilə Hüseyn Cavid tərəfindən işıqlandırılmışdır. Əmir Teymurla İldırım Bəyazidin son görüşünü "Ankara savaşı"nın finalında Əhməd Cevdət Paşa belə təsvir edir:" Teymur çadırından çıxıb bir kaç addım irəli atdıqdan və əl sıxışdıqdan sonra ağırlamağa sayğı ilə Yıldırım Bəyazidin əlindən tutdu, çadır içinə götürdü, məclisin baş köşəsinə oturtdu və könül alacaq sözlər ilə yabançılığı gidərdi:"Xatirinizi xoş tutunuz. Bir kaç gün istəyə uymayan günlərin keçməsindən ümidsiz olmayınız"- dedi". (Bax: Türk edebiyyatı tarihi, İstanbul 1982, səh 137)
Dahi Hüseyn Cavid də bu səhnəni öz əsərində belə təsvir etmişdi:" Buyurun, şövkətli Sultanım! Tanrı qulu Teymurdan daima ikram və ehtiram görəcəksiniz...İştə mən şu məktubdakı (İldırım Bəyazid Əmir Teymura bir neçə təhqiredici məktubla cavab vermişdi. - A.M) sözlərinizi unutdum və sizi əfv etdim. Yalnız əfv etmək deyil, hətta məhəbbətinizi də qazanmaq istərim". (Hüseyn Cavid, seçilmiş əsərləri, III cild, Bakı 1971, səh 77) Türk ədəbiyyatında Əmir Teymura milliyətçi baxış Əlibəy Hüseynzadə, Əbdülhəq Hamid və Ziya Göyalpla başlayıb, Hüseyn Cavid və Nihal Atsızla sona çatır. Əbdülhəq Hamid özünün "Teyflər keçidi" əsərində Teymuru xarakterizə etmiş və onun dilindən göstərmişdir ki, “Bən ərəcim (axsağım), fəqət yolumda sanma axsadım, Tatarü-Türkü müttəhid (birləşdirmək) etməkdir məqsədim”. (Əbdülhəq Hamid, Teyfler keçidi, Bax: Aydemir Şevket Süreyya, Enver Paşa, İstanbul 1971, səh 36)
Əlibəy Hüseynzadə özünün "Siyasəti-fürusət" əsərinin Əmir Teymura aid olan hissəsini məhz "Teymurnamə" adlandırmış və Əmir Teymurla bağlı mənbələrdə ortaya çıxan bütün ideoloji-siyasi suallara dolğun cavab vermişdir.
Əlibəy Hüseynzadə öz elmi məqalələrində də Əmir Teymur və Çingiz Xan mövzusuna diqqətlə yanaşmağı tövsiyə etmiş və göstərmişdi:" Türk və Tatarların iftixarı olan Çingizlilərə və Teymurlulara...şübhəsiz öz qövmünü əhya edən, öz məmləkətlərini abad edən, öz millətini tərəqqiyə sövq etdirən, onu mədəniyyətin ali mərtəbələrinə çıxardıb, şərəf qazandıran bu böyük Cahangirlərə öz qövm və milləti nəzəri ilə deyil, başqa və rəqib millətlərin nəzəri ilə baxarsaq, böylə Cahangirlər haqqında əlbəttə, yaxşı söz deyə bilməriz". (Əlibəy Hüseynzadə, Türklər kimdir və kimlərdən ibarətdir? Bakı 1997, səh 210)
İsmayıl bəy Qaspıralı da özünün "Mükalimeyi-səlatin" əsərində Əmir Teymura yüksək münasibətini bildirmiş, “Toylarda bulunduğu zaman "Teymurun dolusu", "Teymurun marşı" adlı marşları çaldırmış, bu iki marşın nota alınıb yaşadılmasını tövsiyyə etmişdir". (Bax: Kırımer Cafer Seydahmet, Kaspıralı İsmayıl bey, İstanbul 1996, səh 32)
Türk tarixinə Osmanlı təəssübkeşliyi baxımından deyil, Türk millətçiliyi baxımından yanaşan Nihal Atsız da Əmir Teymuru Hunlar, Göy Türklər və s. kimi məfkurəvi bir Türk dövləti qurmaq istəyən bir hökmdar hesab etmiş, onu Türkiyə Türklərinin düşməni hesab etməyin yanlış və günah olduğunu bildirmiş, Teymuru gələcəyi görən bir dahi şəxsiyyət kimi təqdim etmiş və göstərmişdir ki: "Slavyan təhlükəsini görən Teymur, Yıldırıma Leh, Rus və Litvalıları müştərək zərərsizləşdirmək təklifini etmişdi. Avropa ordularını təpələyən ən böyük cəngavər Yıldırım, təəssüf ki, bunu rədd etmişdir. Əcəba, rədd etməsəydi və o iki möhtəşəm ordu (Osmanlı və Teymur ordusu - A.M) birləşsəydi nə olardı?!". (Nihal Atsız, Türk tarihinde meseleler, İstanbul 1990, səh 37)
Əmir Teymur haqqında yayılan bədii-tarixi əsərlər içərisində ən mükəmməli Hüseyn Cavidin fatehin adını daşıyan beş pərdəli dram əsəridir. Həqiqətən də Hüseyn Cavidin təsvir etdiyi Teymur, tarixi Türk Xaqanı Temurun özüdür. Müəllif Teymuru xarakterizə edərkən, tarixi mənbələrə əsaslanmışdır. Sənətkar əsərində Cücənin dilindən Xaqan Teymurun bütün həyat və fəaliyyətini, xarakterini, apardığı müharibələri, məğlubiyyət və qələbələrini qısa və yığcam şəkildə elə bir dillə xülasə etmişdir ki, o söz və ifadələrin tutumu onlarla tarixi əsərin məzmununu özündə ehtiva edir. Əsərə müraciət edək:
"Mana Xaqanlar Xaqanı Turağay oğlu Teymur derlər! Mən Yeşil şəhərdə dünyaya atıldım, Səmərqənddə nəşvü-nüma buldum. Babam Barlas qəbiləsinin hökmranı, kəndim Gürgan nəslinin baş qəhrəmanı...Mən 12 yaşımda ikən kəndimdə bir fərasət və böyüklük duymağa başladım. Mənimlə görüşənləri ciddi bir vüqar və hörmətlə qəbul edərdim. On səkkiz yaşımda minicilik və avcılığa həvəs etdim. Vaxtımın çoxunu Quran oxumaqda, şahmat oynamaqda və at oynatmaqda keçirdim. Sonra Əmir Qazana yanaşdım, Hüseyn Qurd ilə savaşdım. İlyas Xocaya qoşdum, vəziri ilə pozuşdum. Oradan uzaqlaşdım, Türkmənlərə əsir düşdüm, sonra bir çox arxadaşla buluşdum. Bəlucistanla vuruşdum. Gah qalib gəldim, gah məğlub oldum. Ayaqdan bir yara aldım, iştə boylə axsaq qaldım. Əvət, mənim yaralı Arslan, Mənim Topal Qaplan! Sonra Cetləri boğdum, Cığatay elini Mavəraünnəhrdən qovdum, Səmərqəndə girdim, xalqdan hörmət gördüm. Qurultay çağırdım, sözümü keçirdim. Bəlx şəhərinə vardım. Əmir Hüseynin işini bitirdim. Təkrar Səmərqəndə döndüm. Əmir elan olundum. Qəmər Ələddinlə çarpışıb, qalib gəldim. Qızı Dilşad ağayı aldım. Xarəzmə girdim, qalalarını devirdim. Azərbaycan qucağıma atıldı. Gürcüstan xəracgüzarım oldu. Qaraqoyunlular üsyan etdi, ayaq altında əzildi. Şah Mənsur tüğyan etdi, bir anda başı kəsildi. Əvət, mənim Cahangir dahi!...Mən dövlətimi təhəmmül və mürüvvətlə idarə etdim. Xalqı ümüd ilə qorxu arasında tutdum. Bir çox nifaqlara rast gəldim, əziyyət və möhnətlər çəkdim, acı sözlər və töhmətlər eşitdim. Fəqət məni tənqid edən şımarıq, qəlbi kor cahillərə əhəmiyyət belə vermədim. Yalnız çalışdım, təşəbbüs və fəaliyyətimlə hər kəsi susdurmağa müvəffəq oldum. Hər işdə vətəndaşlarımla müşavirə etdim. Xain və fitnəçi vükəlayı yanıma uğratmadım... Daima ordu və rəiyyətin əhvalını iyiləşdirməyə çalışdım. Mən həqq və ədalət nümayəndəsiyəm. Əgər bir məmələkətdə zülm və istibdad güclənərsə, kənardan baxıb duramam. Xalqın əmniyyəti üçün zülmün kökünü qazmaq və o məmləkəti uslandırmaq istərim. İştə buna görədir ki, Xorasana girdim, bütün İranı devirdim. Moskva tərəflərini sardım, Hindistana vardım. Əvət, mənim Böyük Teymur! Mənim sarsılmaz İmperator!". (Hüseyn Cavid, Seçilmiş əsərləri, III cild, Bakı 1971, səh 43-45)
Tarixi hadisələrə həssaslıqla yanaşan sənətkar, Əmir Teymurla İldırım Bəyazid arasındakı savaşda Əmir Teymuru haqlı çıxarmışdı. Doğrudan da tarixi sənədlər göstərir ki, Əmir Teymur İldırım Bəyazidə hörmətlə yanaşmış, onunla müharibə etmək istəməmişdir. Belə ki, bir çox tarixi sənədlərlə yanaşı XVI əsrdə yunanca bir "Anonim Osmanlı tarixi" adlı əsərdə də Əmir Teymurun İldırım Bəyazidə yazdığı bir məktubda göstərilir ki: "Sənin yabançılara qarşı etdiyin müharibə yerindədir. Fəqət öz dindaşlarımız olan Türklərə qarşı müharibə istəyirsənsə demək yaxşı bir adam deyilsən. Onlar sənə qarşı əsla qəbahət işləmədilər. Haqsızlıq edirsən". (Bax: Anonim Osmanlı tarixi, Ankara 1973, səh 103)
İldırım Bəyazidin təhqiredici məktubundan qəzəblənən Əmir Teymurun dilindən Cavid öz əsərində göstərir ki, "Mən (Əmir Teymur) ondan (İldırım Bəyaziddən) qardaşca məhəbbət bəklərkən iştə aldığım cavab. Ah Yıldırım, Yıldırım! Mən səninlə xoş keçinmək istərkən, sən çaqqalları, tülküləri mənim üzərimə şımartıyorsun. Qara Yusiflə Əhməd Cəlayirli məni gözəl tanıyırlar, fəqət Yıldırım!.. Zərər yox, o da tanır. Mən İrana ayaq basdım, ən böyük cəngavərlər qarşımda durmayıb, Mazandaran çaqqalları kimi, ormanlara qaçdılar. Moskvaya hücum etdim, Rus knyazları qorxudan şimal ayıları kimi ürküşüb dağılmağa başladılar. Hindistana yürüdüm, Sultan Mahmud (Dehli Türk Sultanı nəzərdə tutulur - A.M) Qanq nəhri kənarındakı qaplanlar kimi oxlarıma şikar olub diz çökdülər. Əvət, bir gün gələr ki, məğrur Yıldırım da paytaxt Bursada Teymuru qarşılar və o zaman, iştə o zaman mənim kim olduğumu haqqı ilə anlar. Əvət Teymuru saymayanlar kəndi əlləri ilə kəndilərinə məzar qazmış olurlar". (Hüseyn Cavid, seçilmiş əsərləri, III cild, səh 22-23, 34)
Həqiqətən də məğrur İldırım Bəyazid "öz əli ilə özünə məzar qazmış", Ankara savaşında Əmir Teymura məğlub olaraq əsir düşmüşdü. Əmir Teymurla İldırım Bəyazidin - bu iki qan və can qardaşının savaşı yalnız fürsət gözləyən düşməni - xristian dünyasını və qonşu məmləkətləri məmnun etmiş, İstanbulun fəthini 50 il gecikdirmiş, (Tarixi faktlar göstərir ki, İldırım Bəyazid İstanbulu fəth etmək üçün hazırlıqlara başlamışdı. - A.M) Qızıl Orda imperatorluğu xanlıqlara parçalanmış, nəticədə Rus dövlətinin yaranması üçün real zəmin yaranmış, Qərbdə Türk gücü zəifləmiş, Əmir Teymurun vəfatı ilə də Turan ayrı-ayrı dövlətlərə bölünmüşdü.
Hüseyn Cavidin əsərində Teymurun dilindən deyilən: "Avropalıların dilləri başqa, ürəkləri daha başqadır" (səh 26), "Əhalini incidən bir hakim, yavrusunu parçalayan bir heyvan qədər şüursuzdur. Qırbacı qədər nüfuz və iradəsi olmayan bir hakim hökumət naminə ən çirkin və silinməz bir ləkədir" (səh 16), "Əfsus ki, "insan" adını daşıyan ikiayaqlı həşərat pək qaba və pək səfil bir şey! İştə şu qaba və miskin həşəratı uslandırmaq üçün, onların pas tutmuş kirli vicdanlarını yıkamak üçün yalnız Teymur qılıncı lazım!" (səh 19-20), "mən məğrurları əzmək üçün yaradılmış bir alah bəlasıyam. Tökdüyüm qanlar da yalnız haqq və ədalət naminədir". (səh 20) "Mən indiyə qədər Qurultaysız, Şurasız bir şey yapmadım. Çünki Şurasız bir məmləkət cahil bir şəxsə bənzər ki, tutduğu işlər, söylədiyi sözlər nədamət (peşmançılıq - A.M) və fəlakət doğurar. Mən daima hakim və aqil şəxsləri dinlədim, böyük sərdarlar ilə müşavirə yapdım. Yalnız hərb ilə mübarizəyi deyil, sülh mənafeyini də düşündüm. Mən şu nəhayətsiz ölkələri gah tədbir və siyasətlə, gah sülh və mərhəmətlə, gah təhdid və şiddətlə, gah da əfv və mülayimətlə idarə etmək istərim. Mən hər işdə səbat və istiqaməti sevdiyim kimi ehtiyatdan da xoşlanırım. Lazım gələrsə, bəzən düşmanlarıma qarşı səbr və təhəmmül (təmkin - A.M) göstəririm. Bəzən də qafil və cahil görsənməkdən zövq alırım" (səh 21), "Məğrurlar həqiqəti görməzlər" (səh 18), "İnsanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət və qüvvətə tapınırlar" (səh 20) və s. kimi fikirlərlə dahi sənətkar öz ideal qəhrəmanının həqiqi portretini yaratmışdı.
Əmir Teymurdan sonra da Teymuroğulları Uluqbəy, Hüseyn Bayqara, Babur və Cahanşah şanlı bir tarix yaratmışlar. Ümumiyyətlə Əmir Teymurdan və İldırım Bəyaziddən sonra Avropadan Hindistana qədər Türk - İslam Bayrağını XIX əsrin sonlarına qədər dalğalandıranlar da bu iki nəhəng Türkün şəcərəsini təmsil etmişlər.
Ruhları şad olsun!
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU