12 Dekabr (21 Azər Hərəkatı) - Güney Azərbaycanın həm azadlıq, həm də işğal günüdür
Azərbaycan təkcə 10 milyonluq Quzey Azərbaycandan ibarət deyil. İndi İran adlanan ölkənin hüdudları çərçivəsində dədə-baba yurdumuz olan 40 milyonluq Güney Azərbaycan da var...
Dekabr ayı Türk dünyası və Azərbaycan tarixində önəmli hadisələrlə zəngindir. Bunların ən önəmliləri isə 1945-46-cı illərdə yaşanan 21 Azər Hərəkatı, 12 dekabr Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin xatirə günü və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür.
İkinci Dünya Müharibəsinin sonunda dünyanın bir çox yerində yeni-yeni dövlətlərin qurulması gedişatında İranda Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsində Azərbaycan Firqəsi - muxtar respublika yarandı.
Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı -1945-ci il dekabrın 12-dən 1946-cı ilin dekabrınadək İran Azərbaycanında fəaliyyət göstərən muxtar sosialist hökümət oldu. Paytaxtı Təbriz şəhəri olan hökumətə Seyid Cəfər Pişəvəri rəhbərlik edirdi.
Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə dövlətin bir sıra mühüm işlər həyata keçirdi: Azərbaycan türkcəsinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması, milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və sağlıq klinikaları, sosial proqramlar, Güney Azərbaycan Milli Ordusunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması və s.
Məlumdur ki, 1925-ci ildən bəri (Rza şah Pəhləvi) Azərbaycan türkcəsi rəsmi olaraq (hətta türk ailələrində belə) işlədilməsi qadağan idi.
Sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət Tehran rejiminin əli ilə 12 dekabr 1946-cı ildə süquta uğradı.
Sovetlər Birliyinin dəstəyi ilə müstəqilliyini elan edən Güney Azərbaycan cəmi bir il yaşadı. ABŞ-lə SSRİ-nin bazarlığı nəticəsində Rusiya köməyini geri çəkdi, İran-fars xanədanlığı ABŞ-ın təyyarə və ordu dəstəyilə Cənubi Azərbaycanı işgal etdi, inanılmaz qırğınlar və qətliamlar törətdi.
21 Azər (12 dekabr) 1945-ci ildə qurulan, paytaxtı Təbriz olan Azərbaycan Firqəsi düz 1 il sonra - 21 Azər 1946-cı ildə işgal edildi.
Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qaldı. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Azərbaycan Respublikasının Yevlax şəhəri (Bakıdan 295 kilometr qərbdə) yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak oldu. Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam edildi, maarif naziri Məhəmməd Biriya sovet siyasi rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanıldı. Milli Hökümətin digər qurucuları da həbs və sürgünlərə göndərildi, ağır mühacirət həyatı yaşamağa məcbur oldu.
21 Azər Hərəkatının faciəli sonluğundan sonra qırğından canlarını qurtara bilən Güney Azərbaycanlılar o zaman hələ sərhədləri açıq olan Azərbaycan Sovet Respublikasına keçdilər. Paytaxt Bakı və ökənin ayrı-ayrı regionlarında məskunlaşan güneylilər Azərbaycanın quruculuq işlərində, təsərrüfatın bütün sahələrində fədakarcasına çalışdılar. Onların əmin-amanlıq şəraitində fəaliyyətləri üçün hər cür şərit yaradıldı. Kənd təsərrüfatı, sənaye, ədəbiyyat və incəsənət, elm sahəsində yüzlərlə firqə üzvü yüksək nailiyyətlərə qovuşdu. Təkcə elm sahəsində 200-dən çox alim yetişdi.
Beləliklə, 12 dekabr həm Güney Azərbaycan muxtariyyətinin yaranmasının, həm də bu muxtariyyətin işğalı günüdür. Yəni 21 Azər (12 dekabr) Güney Azərbaycanın həm azadlıq, həm də işğal günüdür