Yeni inzibati binamızı öz hesabımıza tikəcəyik - Rüstəmov
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurum üçün 218 milyon avroya yeni inzibati bina tikilməsinə münasibət bildirib.
Tv 713. az xəbər verir ki, o, bu barədə onlayn keçirdiyi mətbuat konfrasında danışıb.
"Xəzinəmizin böyük bir hissəsi Nərimanov rayonunda bir dalanda yerləşir. Bu isə heç bir tələbə cavab vermir. Ümumilikdə isə biz 3 ünvanda fəaliyyət göstəririk. Biznes prosesinin avtomatlaşdırılması üçün yeni bina tikməliyik. Bina 4-5 il ərzində hazır olacaq. Ondan sonra biz hazırda fəaliyyət göstərdiyimiz binaları dövlətə qaytaracağıq. Bu isə əhəmiyyətli aktivlərdir.
Biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik. Mənim bu bina ətrafında gedən müzakirələrdən xəbərim var. Onu qeyd edim ki, son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürmüşük. Bu il isə 250 milyon manat köçürməyi düşünürük", - deyə E.Rüstəmov əlavə edib.