FÜZULİ ALMƏMMƏDOV: “Erməni və rus əsgərləri gecəylə bizim posta hücum ediblərmiş”
…1992-ci il dekabr ayının 3-ü idi. Gecə komandirimiz İsgəndərov Rəhmanla Pircahanda gecələməli olduq. Güclü qar yagmışdı. Soyuqbulaqda olan 714 -ün Pircahana gəlişini gözləyirdik. Buradan da Kəlbəcərə getməli, son dayanacagımız da Bakı olmalı idi…
Çingiz Əliyev batalyonu aparıb yenidən say etibarilə formalaşdırıb geriyə döyüş bölgəsinə qayıtmaq niyyətində idi...
Sübh tezdən bizim tərəfdən qradlar işləməyə başladı. Ermənilərin Hoçaza hücum etdikləri, bir postumuzu ələ keçirdiklərini eşitdik.
Komandirimiz İsgəndərov Rəhman Çingiz Əliyevlə rabitə əlaqəsinə girdi. Məlum oldu ki, ermənilər gecəylə bizim postumuza hücum ediblər. Aralarında ruslar da var imiş. Həmin erməni və rus əsgərləri Qarıqışlaq istiqamətindən qalxıb qayalıqda yerləşən 7 nəfərdən ibarət postumuza hücum etmiş, 4 nəfər əsgərimizi öldürmüşlər. Qalan 3 döyüşçümüz isə postu tərk etmək məcburiyyətində qalıblar.
Komandirimiz İsgəndərov Rəhman dərhal “Hoçaza köməyə getməliyik” dedi. Qarlı, çovğunlu bir gün idi. 713 –cü hərbi hissənin döyüşçüləri isti yay günlərindən bu yollara yaxşı bələd idi.
Qarın hündürlüyü yarım metrə çatardı. Biz birtəhər Mişni kəndinin altındakı sərt döngələrdən keçib Soyuqbulaq kəndinin dolaylarına qədər gəlib çata bildik. Ancaq yanacağın qurtarması, bizi maşınla “vidalaşmağa” məcbur etdi. Komandirlə düşüb piyada getməyə başladıq…
“Erməni snayperi Sədi qardaşımızı düz ürəyindən vurmuşdu”
..Soyuqbulaq tərəfə baxanda Mişni tərəfə yol ilə bir neçə əsgərin gəldiyini görüb dayandıq. Döyüş gedən vaxtı belə geriyəqayıdış komandirimiz Rəhmanı da, məni də şübhəyə saldı.
Qərara gəldik ki, gözləyək, bu gələnlərin kimliklərini öyrənək. Beləcə gözləməyə başladıq. Onlar gəlib yaxınlaşanda gördük ki, kəndin arxasındakı dağda müdafiədə duran əsgərlərdilər. Su gətirmək ücün Soyuqbulağa düşüblərmiş.
Biz yolumuza davam etdik. Çingiz Əliyev batalyonu Hoçaza döyüşə aparmışdı. Hiyləgər ermənilər bicliklərindən tələyə düşmüşdülər. Rəhmətlik Ülfət öz bölüyü ilə Qarıqışlaq tərəfdən qayalığa cıxan yolu nəzarətə götürmüşdü. Rəhmətlik Sədi isə bir necə əsgərlə qayalıgın “ƏLİ BULAGI” tərəfindən düşmənin qarşı tərəfinə keçmişdilər. Eyni zamanda Qorxmazın batalyonu da düşməni bizim Soyuqbulağa birinci gəlişimiz zamanıı tutduğumuz hündürlüklərdən atəşə tutmuşdular. Beləliklə ermənilər hündür çılpaq qayalıqda açıq hədəfə çevrilmişdilər…
Döyüşlərdə qənimət kimi ələ keçirilən tanklardan heç birini işə salmaq mümkün olmamışdı. Bütün bunlara baxmayaraq kiçik çaplı silahlarla döyüşən əsgərlərimiz düşməni düz çökməyə vadar etdilər. Təəssüflər olsun ki, rəhmətlik Sədi qayalığa yaxınlaşarkən erməni snayperi onu ürəyindən vurmuşdu…
Əsir erməninin etirafları
Gecə qarın yağmasını fürsət bilən ermənilər XOZNAVAR kəndinin qarşısındakı postlardan kecib bizim mövqelərə həmlə edərək döyüşçülərimizdən dördünü öldürmələri onlarda daha da qabağa getməyin asan olacağı ümidini yaratmışdı. Rəhmətlik Ülfətin öz bölüyü qayalıgın QARIQIŞLAQ tərəfdən yolu nəzarətə götürməsi düşmən qüvvələri cıxılmaz duruma salmışdı.
Eyni zamanda rəhmətlik Sədi də əsgərlərlə qayalığı ƏLİ bulağı tərəfindən atəş altında saxlaması erməniləri mühasirə vəziyətinə salmışdı. Güclü qar yağdığından ermənilər döyüş meydanında 25 nəfərin cəsədini qoyub qaçmışdılar.
714-ün döyüşçüləri iki ermənini əsir götürmüşdülər. Bu iki nəfərdən biri 53 yaşlı Qarabağ ermənisi idi. O həm də düşmən tərəfində döyüşən 45 nəfərlik dəstəyə bələdcilik edirmiş. İkinci erməninin 24 yaşı var idi - LENİNAKAN ermənisi idi.
Əsirlərlə əsir qayda-qanunları ilə davranmağa başlandı. Ayaqqabıları soyunduruldu. Bələdcilik edən ermənini Qorxmazın batalyonuna verdilər. Qorxmazgilin batalyonundan əsir düşən əsgərləri olmuşdu, onu dəyişmək üçün bu ermənilərdən birini onlara verdilər. Təəssüflər olsun ki, Mişnidə toyuq hininə salınmış erməni üstündəki toqqa ilə özünü asmışdı. Bizim payımıza düşən erməni isə bir güllə belə atmamışdı. Avtomatına baxanda bildik.
Həmin erməninin söylədiklərindən: “Anamdan başqa heç kimim yoxdur. Aidiyyatı instansiyalara bununla bağlı dəfələrlə söyləsəm də, heç fikir verən də olmadı. Korrupsiyaya bulaşmış qüvvələrin daha böyük gəlir əldə etmələri üçün müharibə faktoru ən gəlirli sahədir. Heç kimim olmasına baxmayaraq və anamın tək tənha qalmasına məhəl qoymayaraq mənə dedilər ki, ya özün getməlisən, ya da tələb olunan məbləği verməlisən. Mən də pul tapa bilmədiyindən döyüşə gəlmək məcburiyyətində qaldım”...
Əsirliyin dadını həmin erməniyə öz əməlləri, öz elədikləri çərçivəsində əməlli- başlı dadızdırdıq....
Biz yaralı və Şəhid qardaşlarımızın meyidlərini Soyuqbulağa gətirənə kimi artıq hava qaralmışdı..
ŞƏHİD QARDAŞLARIMIZLA SON VİDA
...Yaralılara ilkin yardım edildikdən sonra ağır vəziyyətdə olanları, eləcə də şəhid olmuş qardaşlarımızı ZİL 131- in üstünə yerləşdirdilər, nisbətən yünğülləri isə maşının kabinəsində oturtdular. Maşını Nemət idarə edirdi. Mən isə yaralı və şəhid qardaşlarımızla bir yerdə kuzada idim.
Yolun sərtliyi, qarın yağması, havanın soyuqluğu və yaralıların sızıltısından, bir də gedəcəyimiz ünvanı fikirləşəndə adam dəli olmaq dərəcəsinə gəlirdi.
Müharibə adamları o anda mənim hansı hislər keçirdiyimi gözəl bilərlər.
Nəhayət Zavoda catıb yaralıları həkim məntəqəsinə yerləşdirdik. Səhidlərimizi meyidxanaya təhvil verdik.
Nemət mənə rəhmətlik Sədinin ciblərinə baxmagı məsləhət bildi. Ciblərinə baxdım, qardaşının doğum haqqında səhadətnaməsi, bir də attestatı, o biri cibində isə 4000 manat pulu var idi. Bunları götürüb Şəhid qardaşlarımızla son dəfə vidalaşdıq...
Geriyə - Soyuqbulağa qayıtmaq lazım idi. Nə qədər çətin olsa belə mütləq getməliydik. Çətin də olsa Soyuqbulağa qayıda bildik.
Bu gün Bakıya çıxacaq batalyon iki qəhrəman oğlunu beləcə itirdi. İkinci Şəhid qardaşımız isə Ç. Əliyevin rabitəçisi Fuad idi.
SƏDİ BİZİ GÖZLƏMƏDİ...
ONUN
ÜÇ MƏRASİMİNƏ ÇATDIQ
4 dekabr 1992-ci il
Səhər tezdən 714 saylı hərbi hissə Bakıya yola düşdü.
Qismətə bax, SƏDİ bizi gözləmədi!
Haqqın dərgahına beləcə qovuşdu!..
Əsir ermənini Ç. Əliyev və rəhmətlik Ülfət Kəlbəcərə aparıb, oğlu Ağdərədə əsir düşmüş Kor İmran adlı kişiyə verəcəkdilər. Elə həmin gün gecə Kəlbəcər rayon mərkəzinə gəldik. Əsiri Ülfət apardı. Fuadın meyidini məsciddə yudurub tabuta qoydular. Onu da qeyd edim ki, onun meyidini gecə aparmaq mümkün olmadı. Kəlbəcərdən olan əsgərlər və İsgəndərov Rəhman danışılmış vaxta qədər gözləməli idilər. Biz həftənin beşinci günü Kəlbəcərdən Bakıya yola düşdük.
Rəhmətlik Sədinin 3 mərasiminə çatdıq. Atası Əli kişi, qardaşı, anası ilə görüşdük. Sədinin cibində olan pulunu, digər sənədlərini atası Əli Kişiyə verdik.
Mərasimdə Ç.Əliyev, Rasim, qərargah rəisi Arif, bölük komandirləri Aydın, Əbdüləzim və digər adlarını unutduğum qardaşlar iştirak edirdilər...
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
İGİD TEYMURLU
Tv 713. az