713-ün qanla yazdığı HOÇAZ XATİRƏLƏRİ

Şahidlər və Şəhidlər 11-may, 20:009 tv713 124 0
713-ÜN LAÇINDA DÜZƏNLƏDİYİ PARAD

713-ün qanla yazdığı HOÇAZ XATİRƏLƏRİ

I HİSSƏ

HOÇAZ DAĞINDA ÇATILAN TONQAL


713 nömrəli hərbi hissənin 1992-ci ildə Laçın və Ağdərə istiqamətlərində keçirdiyi uğurlu əməliyyatlar bütövlükdə Azərbaycan əsgərinin kökdən gələn döyüş ruhunun təcəssümü olub. Amma nə yazıq ki, o zamankı siyasi və hərbi rəhbərliyin idarəetmədəki naşılığı həmin ruhun bütövlükdə cəmiyyətimizə aşılanması istiqamətində nəinki bir iş görməyib, əksinə canını yurd uğrunda fəda etməyə hazır olan həmin oğlanların döyüş yoluna kölgə salınmış, məhz həmin yanlışlığın ucbatından bu günün özündə də 713 nömrəli hərbi hissənin döyüşçülərinin haqları tapdalanmaqdadır. Baxmayaraq ki, Ali Baş Komandanın özü tərəfindən dönə-dönə vurğulanıb ki, "heç bir halda veteran, əlil və şəhid ailəsinin haqqı tapdalana bilməz. Nə yazıq ki, bu gün həmin göstərişi belə görməzliyə, eşitməzliyə vuranlar var…


Şübhəsiz ki, belə məmur özbaşınalığı, belə yanaşmalar veteranlardan daha çox yetişən nəslin dövlətə olan inamını sarsıdır, dövlətlə vətəndaş arasında bir uçurum yaradır.

Əgər bu gün hansısa Şəhidin, hansısa əlilin, hansısa veteranın haqqı tapdalanırsa, onda biz hansı vətənpərvərlikdən danışa bilərik!? Əgər bu gün yetişən nəslin gözü qarşısındaca bütövlükdə 713 nömrəli hərbi hissənin döyüşçülərinin haqqı tapdalanırsa, onda biz hansı vətənpərvərlik hissini onlara aşılaya bilərik!?


HOÇAZ XATİRƏLƏRİ DÖYÜŞÇÜLƏRİN DİLİYLƏ


1992-ci ildə döyüşlərilə tarix yaradan 713 nömrəli hərbi hissənin döyüşçüləri o laqeydliyi, o biganəliyi aradan qaldırmaq, gerçəyi olduğu kimi tarixə həkk etmək üçün keçdikləri döyüş yolunu anbaan yetişən nəslin diqqətinə çatdırmaqda israrlıdır, ki, cəmiyyətimizdə unutqanlıq oturaq hal almasın.


Hələ 1992-ci ildə Laçın koridorunu tam nəzarətə götürən 713 nömrəli hərbi hissənin döyüşçüləri buna şərait yaradan Hoçaz xatirələrini bütöv cəmiyyətə təqdim edir.




713-ün qanla yazdığı HOÇAZ XATİRƏLƏRİ

BİR HƏMLƏ İLƏ YARANAN İNAM VƏ QAÇAN DÜŞMƏN

Bu kontekstdə 713-ün qəhrəman döyüşçülərindən olan ALMƏMMƏDOV FÜZULİnin, eləcə də digər döyüşçülərin xatirələri həm qürurverici, həm də gözyaşardıcıdır. Buyurun, siz də oxuyun və bu xatirələri zaman-zaman oxuyacaqsınız...


...1992-ci ilin oktyabr hüçumlarında Hocaz dağının düşməndən alınmasında 713 nömrəli hərbi hissənin döyüşçüləri əsil rəşadət nümunəsi göstərdilər. Oktyabrın 7-də Hoçaz dağını ələ keçirən qüvvələrimiz artıq Laçının tezliklə bizim olacağına tam əmin idilər. Bu döyüşdə düşmən 4 tank, 1 BMP, 1 Ural maşını, 1 zenit qurğusu, xeyli silah -sursat qoyub mühasirədə məhv olacaqlarından qorxub gecə ilə qaçıb getdi.



DÜŞMƏNİ DAYANDIRAN SƏRRAST ATƏŞ


Düşmənin sürətli hücumu və Yaşarın sərrast atəşlə qabaqda gələn tankı vurması qarşı tərəfi əməlli-başlı ayıltdı. Zərbə yaxından və tutarlı olduğu üçün hərəkət dayandı. Canlı qüvvənin qarşı meşəlikdən çıxaraq sepşəkilli irəliləməsi bizə burada qalmağın çətin olacağından xəbər verirdi. Geri çəkilmək, Hoçazdağın zirvəsində mövqe tutmaq lazım idi. Mənim əlimdəki "PKA" pulemyotunu maqazinlə birlikdə daşımaq böyük enerji, güc tələb edirdi. Ancaq baçarmırdım. Rəhmətlik Sədi maqazinləri götürüb "gəl gedək" dedi. "Bunu burada atmaq olmaz" deyib hərəkətə başladı. Düşmənə atəş aça-aça Hoçazdağa tərəf geri çəkildik. Mişnidən Qaranın geri çəkilərkən düşməni ləngitməsi və yoldaşların deyilən yerə çatması özlüyündə böyük şüçaət idi.


Düşmən dağı almaqda israrlı görünürdü. 2 gün əvvəl qənimət kimi ələ keçirdiyimiz tanklardan biri ilə Hoçaza çıxan dar yol kəsilmişdi. Tankistlər isə düşmən tanklarını gözləyirdi. Nəhayət itkisiz döyüş ücün münasib , əlverişli mövqeyə çatdıq...


Ədalətin bölüyü yolun üstündə qaldı. Rəhmanın bölüyü isə Hoçazdağın zirvəsinə qalxdılar. Ağır döyüşlər başladı...



"SUS DAĞINI ADLAYAN DÜŞMƏNİ HOÇAZDA 713 QARŞILADI"


Düşmən işğal zamanı LAÇINLA paralel SUS dağından Hoçaza qədər məsafəni götürəndə heç bir müqavimətlə rastlaşmadığından indi də bu səddi asanlıqla aşacağına şübhə etmirmiş. Qarşılarında dayanan qüvvənin 713- olduğundan xəbərsiz idilər. Rəhmanın birinci bölüyündən olan Qəşəm, Asəf, Bakıdan olan Asəf (Malış), Arif, Zöhrab, Rafael, Mişnidən Ehtiramın ayağı tutulduğundan məsləhət olmadı cıxsın, Mahmud, eləcə də Pircahandan olan Sahib və yadımdan cıxan digər qardaşlar dağın zirvəsundən düşmənin irəlləməməsi üçün tutarlı zərbələr endirirdilər. Yolun icində düşmənlə üzbəüz Ədalətin bölüyü dayanmışdı. Bizimlə bərabər LAÇINA qovuşacağımıza əmin olan rəhmətlik Sədi də qalmışdı.Yolun üstündə də döyüşən qardaşlardan yadımda qalanlar bunlar idi: Yaşar, Rəhman Qarayev, Qaryağdı Kəlbəcərli, alxaslılardan Emin, Vüqar, İman qardaşları, mən və adı yadımdan cıxan digər qardaşlarla Ədalət.
Mən bu gün çox təəssüf edirəm, ermənilərin hücumu ərəfəsində toplar və qradlar bizimlə əlaqədən çıxdılar. Qaryağdının briqadanı əməlli-başlı söyməsi hələ də yadımdan çıxmaz. "Köməkləri" isə telefon əlaqəsindən çıxmaqları oldu. Beləcə 713 -ün elə də böyük olmayan qüvvəsi 5 tank, 1 BMP və sayı təxminən 300-dən yuxarı olan canlı düşmən qüvvəsilə üz-üzə döyüşürdü. Hər iki bölük düşmənə layiqli müqavimət göstərməyə başladı. Yolun içində pusquda dayanan tankımızın bir neçə atəşinə düşmən tərəf onlarla mərmi atdı. Xoşbəxtlikdən tankı vura bilmədilər. Dağın zirvəsindən güclü atəşə məruz qalan ermənilər bizim sağımızdakı səngərlər tərəfindən təzyiqi artırmışdılar.



"BRİQADA KOMANDİRLİYİ VƏ ARTİLLERİYA SUSURDU"


Ermənilər bizim sağımızdakı qayalıqlara cıxıb bizə atəş acırdılar. Ancaq tutarlı cavabla qarşılaşdılar. Tanklar isə qayalıqlara ardıcıl fasiləsiz zərbələr endirirdilər. Cəbhə hakimiyyəti isə Bakıda parad kecirirdi.
Briqadanın komandir heyətindən, artilleriyadan isə səs-səmir yox idi. Ançaq 713 öz şəxsi iradəsinə söykənib düşmənə müqavimət göstərirdi. İşlətdiyimiz silahlar, avtomat, pulemyot, qranatamyot idi.Tankın oradan çıxıb başqa istiqamətə gəlməsi hec cür mümkün deyildi. Tankistlər yaxın məsafədən atılan mərminin təsirindən kantuziya almışdılar. Tankı dar yolda qoyub, çıxıb yanımıza gəlmişdilər. Tankı idarə edənin birinin adı yadımda qalıb, Mingəçevirdən idi, adı da Elsevər idi. Beləliklə, tankdan da əlimiz üzüldü. Təkrar yaxınlaşmaq qeyri-mümkün idi. İstər dağdakı, istərsə də yolun içində duran qardaşlar düşmənə layiqli zərbələr endirirdilər...



ALXASLIDAN HOÇAZA YÖN ALAN KƏŞFİYYAT VƏ İKİNCİ BÖLÜYÜN İTKİLƏRİ

713-ün qanla yazdığı HOÇAZ XATİRƏLƏRİ

Şəhid komandir VAQİF QULİYEVİN ikinci bölüyünün tərkibində Hoçaz əməliyyatında iştirak edən ABBASOV MUSA İNŞALLAH OĞLU o günləri belə xatırlayır:


...O zaman ikinci bölüyün döyüşçüləri avqust ayında Vaqazin kəndindən Alxaslıya getdik. Alxaslıda 1 gecə qaldıq. Səhəri tezdən bizim uşaqlardan bir bölüyünü Hoçaza kəşfiyyata göndərdilər.

Biz Hocaza çatanda gördük ki, ermənilər Hoçazdadılar. Bir qədər müşahidə etdik. Onların Hoçazda bir neçə yerdə postları var idi.

Kəndin başqa yerlərində də onların postlarrı var idi. Biz 30 nəfər idik, qayıtdıq Sonasara. 2 gün orda qalıb erməniləri müşahidə etdik. Ora ermənilərin hərbçiləri cox gəlirdi.

Nəhayət üçüncü gün bizim bölük Sonasara gəldi. Biz komandirə ermənilər haqqında məlumat verdik. Bir saatdan sonra hücuma kecdik. Biz həmin döyüşdə Kamil və Asəf qardaşlarını, Ramizi, Poladı və başqalarını itirdik, qardaşlarımız şəhid oldular.

Yadımdadı, biz birinin meyidini cıxara bildik, qalanları orada qaldı. Biz gecə Pircahana gəldik. Sübh tezdən Pircahan kəndindən 1-ci bölüyün döyüşçüləriylə birgə qayıtdıq Hoçaza. Şəhidlərimizi çıxartmaq üçün ora yollandıq, çox ağır döyüş oldu. Biz şəhidlərimizin meyidlərini axır ki, oradan çıxardıq....



“KAMİLLƏ ASƏFİN KƏŞFİYYAT MƏLUMATLARI"

713-ün qanla yazdığı HOÇAZ XATİRƏLƏRİ

İkinci bölüyün döyüşçülərindən olan ABDULƏZİMOV ABBAS Hoçaz əməliyyatıyla bağlı danışanda o günləri xatırlayıb “biz onda həm də qələbəmizə sevinə bilmirdik” deyir.

...1992 ci ilin avqust ayında Laçın rayonunun Pircahan kəndindən Alxaslı istiqamətinə yola çıxdıq. İki gün Alxaslı kəndində qaldıq. Həmin iki gün ərzində əvvəlcədən aldığımız məlumatdan bilirdik ki, Hoçaz kəndində mənfur erməni daşnakları özləri üçün qərargah yaradıblar. Şəhid Vaqif Quliyevin ikincibölüyündən olan şəhid Kamil və Asəf qardaşları Hoçazdan olduqları üçün kəşfiyyat qrupunda Hoçaz istiqamətinə yollandılar. Və onların kəşfiyyat məlumatları əsasında ikinci bölük hücuma keçəsi oldu..


VAQİF QULİYEVİN ƏMRİ: "MƏN ÖLSƏM DƏ, TORPAQLARI AZAD ETMƏYİNCƏ DAYANMAYIN!"

O vaxtdan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq rəhmətlik Vaqif Quliyevin dedikləri bu gün də mənim yadımdan çıxmır. Bizi sıraya düzüb dedi:

"Uşaqlar, komandir mənəm, qabaqda mən gedəcəm, əgər görsəniz mən ölmüşəm, dayanmayın, düşməni məhv edin, torpaqlarımızı işğaldan azad edək"...

Biz düşmənə aman vermədən hücuma keçdik. Həmin döyüşdə 38 daşnak məhv etdik, birini əsir götürdük. Çox təəssüflər olsun ki, bu döyüşdə biz də 7 şəhid verdik, o cümlədən, Kamil və Asəf qardaşları şəhid oldular. Bu, bizim ilk şəhidlərimiz idi. Biz, o cümlədən, rəhmətlik komandirimiz Vaqif Quliyev çox pis olmuşduq. Qələbəmizə sevinə bilmirdik. Axşam düşürdü, biz yaralı qardaşlarımızı götürüb geri Pircahan kəndinə çəkiləsi olduq...




II HİSSƏ

color=#FF0000]SÜLEYMAN ƏHMƏDOVUN YADDAŞINDA DEPORTASİYALARIN, SOYQIRIMLARIN İZİ VAR İDİ


...Son üç yüz illik tariximizin bütün ağrılı-acılı günləri sanki onun xarakterində cəmlənmişdi. Şəhid komandir mayor Süleyman Əhmədov xasiyyətcə nə qədər həlim idisə, düşmənə qarşı aparılan mübarizədə də bir o qədər qəzəbli olurdu. Üzündə, gözündə, hərəkətlərində bir uşaq nəcibliyi, bir uşaq təmizliyi duyulan bu adam döyüş anında qisasçı obrazında çıxış edirdi...

Azərbaycan türkünün ermənilər tərəfindən məruz qaldığı deportasiyalar, soyqırımlar, qətliamlar, o qətliamlar zamanı ermənilərin türklərə qarşı etdikləri vəhşiliklər Süleyman Əhmədovun yaddaşına ta uşaq vaxtlarından hopduğundan Cənubi Qafqazda özlərinin də təsdiqlədikləri kimi sonradan məskunlaşan (ötən əsrin sonlarında 19-cu əsrə istinadla Xankəndidə qoyduqları heykəl buna şahidlik edirdi) bu mənfur qüvvələrin xislətləri ən kiçik detallarına qədər şəhid komandirə bəlli idi. Elə bunun nəticəsi idi ki, digərlərilə müqayisədə hətta yaşının belə çox olmasına baxmayaraq, hətta körpə balalarının göz yaşlarına belə baxmayaraq Süleyman Əhmədov düşməndən öc almaq üçün cəbhəyə yollanmışdı. 713 nömrəli hərbi hissə kimi döyüşkən qüvvəyə rəhbərliyin ona həvalə edilməsi Süleymana əlavə ruh vermişdi...


ƏLYAZMALARIYLA 713-ÜN TAPDALANAN HAQQINA ETİRAZ EDƏN ŞƏHİD KOMANDİR




Süleyman Əhmədovun qanla yazılan əlyazmalarını oxuduqca, 713 nömrəli hərbi hissənin Laçında Ağdərədə ermənilərlə aparılan müharibədə qazandıqları qələbə bir qısametrajlı film kimi adamın gözü önündən keçir. Əlyazmalar vərəqləndikcə adama elə gəlir ki, bu olanları canlı-canlı danışan sanki Onun Özüdür, Ruhu deyil. Bu xatirələrdə cənab mayor adamla bir şövqlə danışır...

Şəhid komandirimizin yazdığı xatirələr, o cümlədən Hoçaz əməliyyatına güzgü tutulan əlyazması bütövlükdə 713 nömrəli hərbi hissənin tapdalanan haqlarına qarşı bir etirazdır. Və bu xatirələr həm də canlı sübutlardır. Qanla yazılan o xatirələrdə Hoçaz əməliyyatına da ayna tutulub. Mayor Əhmədovun bununla bağlı yazdıqlarını bizə onun ömür-gün yoldaşı GÜLÜSTAN XANIM ƏHMƏDOVA təqdim edib.

O xatirələrdə oxuyuruq:

“..Etibar Hüseynov, Fərmanov Sədi, Alxasov Qasım, Bəylərov Polad Hətəm oğlu, Bəylərov Ərəstun, Məmiyev Kamil və Məmiyev Asəf Hoçaz uğrunda gedən döyüşlərdə 713 nömrəli hərbi hissənin ilk şəhidləridir. Salayev Natiq, Xankəndindən olan Əliyev Natiq Yura oğlu, Mamedov Nəbi Balaqədeş oğlu o adlar heç orada yoxdur. Hansı ki, bu siyahılar sentyabrın 18-də verilib və mən bunları orada tapa bilmədim”.

Hoçaz əməliyyatıyla bağlı 713 nömrəli hərbi hissənin komandiri Süleyman Əhmədovun öz xatirə kitabçasında qeyd etdiklərindən bəhs edən Şəhidimizin həyat yoldaşı Gülüstan xanım Əhmədova onu da bildirdi ki, “yazılar çox kiçik yazıldığından o kitabdakıları tam şəkildə oxumaq olmur”.


SOYUQBULAĞA GEDƏN YOL, YOXSA AZDIRILAN İZ?


Gülüstan xanım şəhid qardaşımız olan 713 nömrəli hərbi hissənin komandiri Süleyman Əhmədovun xatirələrinə istinadla bildirir ki, məlumatlarda belə vurğulanır:

“Sentyabrın 18-də axşam saat 16-da Hoçaz dağına hücumu qərara aldıq. Telekamera da gətirmişdilər. Orada cərgənin qarşısında mənim çıxışım da verilib. Bütün gecəni sıldırım qayalardan və dərələrdən, kolluqlardan, meşəliklərdən keçib Pircahan dağına çatdıq. Pircahan dağından çaya endik. Gecə saat iki idi. Çayı keçdik. Elə bil içərimizdə satqın var idi. Çaya yaxınlaşanda bizimkilərdən kimsə qranatamyotdan bir snaryad atdı. Orada 2 nəfər yaralandı və biz geri çəkildik. Böyük çətinliklərlə başqa səmtə Soyuqbulağa getdik. Soyuqbulaq kəndindən çətin meşəliklərlə keçdik. Səhər saat 6-da Soyuqbulaq tərəfdən hücum etməli, Hoçaz dağında birinci yüksəklikləri tutmalı idik. 19 sentyabra keçən gecə bütün günü döyüş getdi. Məni UAZ maşınımla Bəhmən Səfərliyev Soyuqbulaqdan çıxardı. Amma gülləbarana düşdüyünə görə təpənin o biri üzündə qalmışdı. Mən özüm məcbur olub gedib maşını götürdüm, onda minatəmizləyənlər yolu təmizləyirdilər. Maşını götürüb gəlib dağın ətəyində saxladım. Sonra polislər məndən xahiş etdilər ki, gedib Soyuqbulaqdan minamyotu gətirək. Soyuqbulağa qədər mən də getdim, sonra onlarla birgə geri qayıtdım. 3-cü bölüyün komandiri Bəhlul kişi başından yaralanmışdı, həmin UAZ-la Bəhlul kişini göndərdim. 500 metrə getməmiş maşın minaya düşüb partladı. Sürücü Bəhmən Səfərəliyev sol ayağından yaralanmışdı, qəlpə sağ ayağınısa qırıb atmışdı. Bəhmən hospitala çatmamış Şəhid oldu. Maşın həmin ərazini üçüncü dəfə gedib gələndə bu hadisə oldu. Sonra həmin ərazidən minaaxtaranlar 4 ədəd tank əleyhinə mina çıxardılar. Bu gün sentyabrın 21-də Hoçaz dağı və kəndi uğrunda möhkəm döyüş gedir. 2 nəfər Şəhid olub”.


FÜZULİ ALMƏMMƏDOV: “713-ün inadı düşməni özündən çıxarmışdı”


“... Saat təqribən 5-ə qədər düşmənə layiqli müqavimət göstərdik. Döyüşdə komandirin atdığı addım əsgəri daha da dözümlü, daha da iradəli edir. Ədalətin belə keyfiyyətini xüsusi qeyd etmək yerinə düşərdi. Onun belə davaranışları, hərəkətləri yolun icində olan qardaşlara inam hissi aşılayırdı. Dağın zirvəsində olan qardaşlar isə bir an belə yorulmadan düşmənə irəliləməyə imkan vermirdilər. Hər əməliyyatdan zəfərlə cıxan Rəhmanın bölüyü bu döyüşü də qələbə ilə başa vuraçaqlarına əmin idilər. Ancaq düşmən də qətiyyən geri cəkilmək belə istəmirdi. Düşmən tankları manevr edərək arxaya çəkilib yenidən zərbələr endirirdi. Axşamın düşməsi və 713-ün inadı düşməni özündən çıxarmışdı. Bayaqdan dağı almağa calışan düşmən indi texnikaları aparmaq barədə düşünürdü...


“DÖYÜŞ MEYDANI CƏHƏNNƏMİ XATIRLADIRDI”


“Texnikaları atıb qaçan ermənilər hücumun kəsərini daha da artırdılar. Artilleriya zərbələrindən döyüş meydanı cəhənnəmi xatırladırdı. Hoçaz yüksəkliyi uğrunda ölüm-dirim savaşı gedirdi. Hoçaz üzrə əməliyyatlara rəhbərlik edən Çinğiz Əliyevin səhər tezdən UAZ-ın arxasında texnika əleyhinə kicik topla “karyer”dən Laçın istiqamətinə keçdiyini gördük.

Hücum ərəfəsində onun necə qayıtdığından şəxsən mənim xəbərim olmadı. 714-ə komandanlıq edən Çingiz Əliyevin əsgərləri Hoçaz-Qaraqışlaq hündürlüklərində mövqe tutmuşdular. Hərbi ehtiyatlarımız artıq tükənirdi. Düşmən isə döyüşün sonunu öz xeyrinə həll etmək istəyirdi.Tank və BMP-ni nə qədər cəhd edib götürmək istəsələr də, imkan vermirdik. Ermənilər yolun içində az bir qüvvənin belə müqavimət göstərməsindən və texnikaları götürə bilməmələrindən tam məyus olmuşdular. Ancaq köməyə bərk ehtiyacımız var idi. Bakıdan olan Faiq adlı bir əsgəri kömək göstərmələri üçün 714-ün mövqelərinə göndərdik. Allah qəni-qəni rəhmət eləsin Ülfətə, xəbəri eşidən kimi bölüyü sepşəkilli düzərək bizim səngərlər tərəfə gəlməyə başladı. Gələn köməyi aralıdan görən ermənilər hücumla vidalaşıb kor-peşiman geri qayıtdılar”...


İSAYEV MƏMMƏD: “Erməni bizə yuxarıda iki türkün olduğunu deyirdi...”



Bütün döyüşçülər kimi 713-cü hərbi hissədə ikinci bölüyün əsgəri olmuş Məmməd də hadisələrin üstündən xeyli ötəndən sonra onların dilə gətirilməsində ardıcıllıq və digər faktorlar baxımından hansısa üst-üstə düşməyən məqamların ola bilməsini mümkün sayır...

“..Bizimkilər Laçının sağ cinahıyla irəliləməyi qərara almışdı. Qaraçənli kəndindən keçib Alxaslıya doğru irəliləyəndə xeyli çətinliklərlə qarşılaşdıq və nəhayət Alxaslıya çatdıq. Orada bir neçə gün qaldıq. Komandirimiz Vaqif Quliyev Hoçaz kəndi istiqamətində kəşfiyyata gedilməsini qərara aldı. İki gün ərzində aparılan kəşfiyyatdan məlum oldu ki, Hoçaz kəndində xeyli erməni qüvvələri toplaşıblar və postlar qurulub. Komandirimiz Vaqif Quliyevin qərarı ilə biz o istiqamətdə əməliyyata başladıq. İkinci bölüyün birinci tağımı Hoçaz kəndinin sağ və arxa istiqamətini, ikinci tağım isə sol və aşağı istiqamətdən kəndi mühasirəyə aldıq. Döyüş başladı, biz erməni işğalçılarını məhv edib Hoçaz kəndini onlardan təmizlədik.

Avtomatlardan başqa iki qranatamyotumuz və bir ədəd pulemyotumuz da var idi. Onu da Qızılca kəndindən olan Etibar qardaşımız lüləsinə parça dolayıb bir təhər atırdı. İri çaplı silahımız yox dərəcəsində idi. Hoçaz kəndini erməni işğalçılarından azad edəndə bir nəfər girov da götürdük. Bizdən də bir nəfər yaralanmışdı. Kəndə daxil olub evlərdə düşmənlərin gizlənib gizlənməməsini yoxladıq. Bölüyümüzün sağ cinahında “vışqa”nın yanında iki ədəd texnikanı vurmuşdular. Mən, Mürsəlov Həşim, Güney Azərbaycandan olan Mircum adlı döyüş yoldaşımız kəndarası yolla getdik. “Vışqa” deyilən yerə az qalmış gördük ki, kəndin içi ilə bir erməni atla gəlir və nə isə deyir. Həşımlə mən başa düşmədik. Amma Mircum başa düşürdü. Mircum onun dediklərini tərcümə edib bizə söylədi ki, o bizə yuxarıda iki türkün olduğunu deyir. Və söyləyir ki, onları tutmaq lazımdır. Onun xəbəri yox idi ki, artıq biz kəndi ermənilərdən təmizləmişik. Mən Həşımə deyib avtomatla erməni dığasına atəş açdım və erməni atdan düşdü. O, yaralı halda kəndin içərisilə qaçıb gedəndə Şəhidimiz Səmədlə üzbəüz gəlir. Səməd də avtomat çiynində arxayın gedirmiş. Erməni kənddə olanların biz türklər olduğunu bilib və Səmədə güllə atıb qaçıb canını qurtarmaq istəyir. Döyüşçü yoldaşlarımız tez erməninin qabağını kəsib və onu elə oradaca məhv edirlər. Biz gələndə gördük ki, kəndin içində bir meyid var. Əvvəl elə bildik ki, erməninin meyididir, yaxınlaşanda gördük ki, bu, Səməddir, Şəhid olub. Səməd bizim ilk Şəhidimiz idi. Axşama doğru ermənilər Laçın istiqamətindən bizi BMP ilə atəşə tutdular və biz məktəbə tərəf, yəni, geri toplaşmağa başladıq.

Sonradan bildik ki, “vışqa”nın yanında əlavə altı şəhidimiz də var. Sonra aydın oldu ki, erməninin üç nəfəri qaçıb dama çıxıb və oradan snayperlə döyüş yoldaşlarımızı vurmağa başlayıblar. Orada da uşaqlar onları zərərsizləşdiriblər. Sonra biz qaranlıq düşdüyündən və texnika ilə atəşə tutulduğumuzdan məcburiyyət qarşısında geri çəkildik. Bizim altı Şəhidimiz orada qaldı və biz Pircahan kəndinə gəldik, səhərə yaxın ora çatmışdıq.


“KOMANDİRİMİZ VAQİF DEDİ Kİ...”


Sonra birinci bölüyün komandiri İsgəndərov Rəhman öz döyüşçülərini götürüb Hoçaz kəndinə yola düşdü...Bizim bölük komandirimiz Vaqif Quliyev orada olan Laçın polisləriylə danışıb qrad qurğularıyla bizə kömək etmələrini xahiş etdi. Vaqif dedi ki, Hoçaza çatan zaman fişənglə işarə verəcək, qoy oranı vursunlar.
Biz Hoçaz kəndinə yola düşdük. Artıq birinci bölük ermənilərlə döyüşürdü və birinci bölük artıq kəndə girmişdi. Kənddə ermənilərin bir neçəsi qaçıb məktəb binasına girmişdilər. Qüvvələrimiz məktəbdə və evlərdə gizlənən bütün erməniləri zərərsizləşdirdi. Biz bir evə yaxınlaşmışdıq ki, atəş səsi eşitdik. Evdən bir nəfərin çıxıb qaçdığını gördük, qaçan ermənini zərərsizləşdirsək də, bir nəfərin üzü üstə uzanıb sızıldadığını eşitdik. Baxıb gördük ki, Nadir Əhmədovdur. Komandirimiz Vaqif Quliyevlə Nadirin yaralarını sarıdıq və mənə dedi ki, Nadirin yaralarını önləmək üçün onu götürüb Pircahan kəndinə çatdırım..

Mən Nadiri götürüb Cabbarın sürdüyü BMP-nin üstünə qoyub Sonasar kədinə gətirdim. Oradan da URAL maşınına qoyub Pircahan kəndinə çatdırdım. Nadirə bir stakan şərbət içirdib oradan da Bəhmən Səfərəliyevin idarə etdiyi UAZ-la Kəlbəcərə yola saldıq. Sonra komandirlərimizin və döyüşçü qardaşlarımızın sücaətləri nəticəsində erməniləri məhv etdib şəhidlərimizi götürdük...”.

İGİD TEYMURLU
Tv 713. az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar