XİLASKARa ehtiyacı olan təhsilimiz

Aktual / Təhsil / Manset / Yazarlar 22-dek, 12:339 tv713 32 0




İGİD TEYMURLU



Və GÜNAHKARLIĞIN etirafı



Sosial şəbəkədə dəyərli aydınlarımızdan olan, professor TELMAN CƏFƏROVun təhsilimizlə bağlı yazdığı yazı mənə köhnə təhsilimizin ölümünü simvollaşdıran Müqəddəs Ruh adına vəftiz olunma ayinini xatırlatdı. Dəyərli professorumuz belə vurğulayır: "Məktəb şagirdlərinin gündə bir dəfə isti yeməklə təmin olunması bütün sosialyönümlü proqramlarımızın ən vacibi kimi gündəmdədir. Bu, məktəblərimizin uşaqlar üçün daha rahat və canatılan məkana çevrilməsi, sağlam yeni nəsil böyütməyimiz, ictimaiyyətin məktəbə diqqət, qayğı və etibarının bərpasına xidmət edəcək tədbirlərin ən vacibidir".

Sual olunur:

1. Məktəb qarın niyyətinə görəmi "canatılan" olmalıdır?

2. Gündə bir dəfə "isti yemək" yeyib, qalan iki əvnəni qazanda qaynayan yalxı suya göz dikən uşaqlarla necə "yeni sağlam nəsil böyütmək" olar, dəyərli professor?

3.İctimaiyyətin məktəblərə olan "etibarı"nı kimlər öldürüb, dəyərli professor?

4. Təhsili dövlətin sütunudur və ol səbəbdən də, bu sütunun möhkəmliyi hər kəsdən öncə birbaşa dövlətin diqqəti və qayğısıyla əhatə olunmalıdır. Öyləsə və öylədir də, onda nədən bu konuda öncüllüyü dövlətin aidiyyatı strukturlarına deyil, "ictimaiyyətə" yönləndirirsiniz?

Dəyərli Telman Müəllim öz yazısını belə tamamlayır: "Həmkarlar ittifaqları, bələdiyyələr və ictimai təşkilatlar, müvafiq icra orqanları belə bir olduqca gərəkli məsələdə elə təşəbbüs və imkanlar ortaya qoymalıdırlar ki, bu, dövlət büdcəsinin yüklənməsi hesabına başa gəlməsin, problemin həlli Milli Məclisə tezliklə yol tapsın".

Yenə də sual olunur:

1. Heç başqa məqamı demirəm, illər uzunu təhsil haqqında qanunun qəbulunu yubadan elə həmin Milli Məclis olmayıbmı?

2. İllər uzunu bu millətin qanını vergi adıyla sorub, ancaq bütün sferalarda haqqı tapdalanan fəhlə və qulluqçulara arxasını çevirib əlini çatacaq səviyyədə iqtidarların ətəyinə yapışdıran dediyiniz "həmkarlar ittifaqları" olmayıbmı?

3. Aralarında hələ də mal, mülk davası gedən "icra orqanları" və "bələdiyyələr"in, gözləri qanımıza yerikləyənlərin cibində və əlində olan "ictimai təşkiatlar"ın təhsilimizin inkişafı naminə hansı "təşəbbüs və imkanlarını ortaya qoya" bilər, dəyərli Telman Müəllim?..

Dəyərli Telman Müəllim!

Azərbaycan gerçəkliyini, xüsusilə təhsilimizin içinə, içalatına Siz bizlərdən daha gözəl bələdsiniz. Və bunu da gözəl bilirsiniz ki, Tanrının yaratdığı İNSAN adlı əsərini bütövlükdə dünyada, özəlliklə Azərbaycanımzda Adəm övladı qədərində dəyərləndirə bilməyib. Varlığın ən üstünü olaraq bizi yaratdığına görə ƏLLƏRİMİZ Ona şükürlər etmək üçün Tanrıya doğru açılmalı idi – ancaq, əksinə olub. İnsan oğlu insanı alçaldaraq onu tutduğu vəzifəylə, malıyla, mülküylə, balasıyla, ciyərparasıyla sınağa çəkib, özünü də qurduqları qullar dünyasının hakimi canıb. Və əllər də bu məmləkətdə imdad diləməkçün Tanrıya deyil, BÜTLƏRə sitayiş edən hakimlərə doğru uzanıb. GÖZLƏRİMİZ bu dünyanın gözəlliklərindən zövq almağa və bizə bəxş edilən həmin zövqə görə Tanrını zikr etmək amacıyla yumulmağa yükümlüykən gözümüzün də başını ağlamaqla qatmışıq. Gözümüz bilərəkdən qamaşdırılıb, nəinki təhsilimizdə, bütövlükdə cəmiyyətimizin bütün sferalarında naqislikləri görməz olmuşuq. Haqla nahaqqı, məhrəmlə naməhrəmi günün kristal parıltısında tanımaz olmuşuq. AYAQLARIMIZ Tanrı Dağına yürümək istərkən dolanbac çəpərlərlə qarşılaşmışıq. Güllüyümüzün ətrafına sarılan çəpərlərin tikanları bədənimizi cırıq-cırıq edib. Tanrının Əsərinə xələl gətirməklə, sosial məngənədə boğmaqla, zülm etməklə insanımız örməməklə, eşitməməklə, duymamaqla sanki Yaradanın Özünə asi olub. Tanrı bizə ÇİYİN verdi - çəkəcəyimiz Müqəddəs Yükə görə. Zamanında Əyyub Peyğəmbər 40 il bu Yükü “off” demədən çəkdi deyə, bizlərə örnək də verildi. Bizlər çiyin yükümüzdən də imtina etmişik. Əbədi olaraq çiynimizdə oturub başımıza döyəclədilər ki, müqəddəs sandığımız hər şeyə “devitbe”lər tək münasibət göstərək. Dərdlərimizin ağırlığı onurğa sütunumuzu əyib, belimiz keyvəndə dönüb...

Və beləcə bizlər bu halımızla günah keçisi axtarışındayıq!!!


"İsti yemək" dən danışırsınız. Buna da min şükür. Ancaq olmazmı ki, Dövlət Baba öz vətəndaşına sahib çıxmanın formatını ortaya qoysun.

Fərqində deyilsinizmi ki, qul bazarları üçün diplomlu mütəxəssislər yetişdirməklə məşğulsunuz!?

Fərqində deyilsinizmi ki, hər addımda haqqı tapdalanan, hər addımda təhsil, səhiyyə, mədəni, istirahət hüququ pozulan, işsiz, gücsüz valideyinlərin övladlarından "sağlam nəsil böyütmək" nəinki təhsil müəssisəlrinin, hətta dövlətin gücü xaricindədir!?

Fərqində deyilsinizmi ki, məmləkətin bütün sferalarında olduğu kimi təhsilimiz də iqtisadi, siyasi, fəlsəfi nəzəriyyələrin təcrübə meydanına, standartlarla uyuşmayan poliqona çevrilib!?

NECƏ OLUR Kİ, ucqar bir kənddə çox yüngül bir proqramla təmin edilmiş, ana dili, riyaziyyat, musiqi, bədən tərbiyəsi və əmək təlimindən təhsil alan, heç bir "isti yemək" üzü görməyən Telman Cəfərov ölkənin ən savadlı təhsil müəxəssislərindən birinə çevrilir, ancaq elə həmin məkanda və həmin məkanda daha yüksək şəraitlə təmin edilmiş tədris müəssisəsinin bitirən indiki Telman Cəfərovlar orta məktəbi bitirəndə ya heç ibtidai sinif səviyyəsində bilgiyə sahib olmur, ya da əlindəki diplomları qul bazarlarında özünə nalça əvəzi istifadə edir?

Bəlkə "isti yemək"dən əvvəl bunu düşünək, bunun həll variantı haqqında müzakirələr aparaq, dəyərli professor!

Bəlkə saçını, saqqalını təhsil sistemimizdə ağardan, ömrünü savadlı nəsil yetişdirməyə həsr edən müəllimlərə də dediyiniz "bələdiyyələr" kimi "dövlət qulluqçusu" adının verilməsi üçün gərəkən addımların atılması müzakirə predmetinə çevrilsin!

Bəlkə "isti yemək" əvəzinə təhsilimizdə dilbilənlərə deyil, işbilənlərə meydanı verib təhsilimizin səviyyəsini yüksəldək;

"isti yemək" əvəzi dərs proqramlarının yükü normal hala gətirilsin, şagirdlər və müəllimlər çəkə bilmiyəcəkləri yüklə üz-üzə qoyulmasın;

"isti yemək" əvəzi müəllimin əmək haqqı qaldırılsın;

"isti yemək" əvəzi tədrisin səviyyəsinə diqqət artırılsın;

"isti yemək" əvəzinə tədris müəssisələrində tüğyan edən rüşvətxorluq aradan qaldırılsın;

"isti yemək" əvəzinə "müsahibə"lərdə, sertifikatlaşdırmalarda baş alıb gedən biabırçılıqlar aradan qaldırılsın;

"isti yemək" əvəzinə təhsil sisteminin başına pedaqoji təcrübəsi olan MÜƏLLİMLƏR gətirilsin, daha "bir dəfə də əlinə jurnal alıb sinif otağına girməyən, şagird-müəllim münasibətlərinin metodikasından xəbərsiz olan Eminəmrullayevlər" kimilər yox, dəyərli Telman Müəllim Cəfərov!..

Bütün bunlar Müqəddəs Ruh xatirinə təhsilimizin vəftiz olunmasına oxşayır...Və bizlər həm də bununla Xilaskara ehtiyacı olan günahkar olduğumuzu etiraf edirik.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar