KÖNÜL İSMAYILOVA: "Rusiya ötən 1 ili erməni silahlılarına dəstək olmaqla başa vurdu"
"Yutub” kanallarında Azərbaycanın maraqlarına zidd çıxışlar yolverilməzdir"
2020-ci ildə Rusiya, Azərbaycan, Ermənistan arasında bağlanan 10 noyabr bəyanatından 1 il ötdü. Bu sənəddən irəli gələn vəzifələrin necə icra edildiyi və bu 1 il ərzində hansı əhəmiyyətə malik olduğu siyasilər tərəfindən müzakirə edilməkdədir.
Siyasilər, eləcə də sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə edilən digər məsələ "xaricdə yaşayan Sevinc Osmanqızının onlayn tv-də Azərbaycanın Zəfər gününü kölgələməyə yönəlik çıxışlarıdır".
Tv 713. az saytı bütün bunlarla bağlı Versus.Az-a açıqlama verən MÜASİR MÜSAVAT PARTİYASInın sədr müavini KÖNÜL İSMAYILOVAnın fikirlərini təqdim edir.
MMP funksionerinin bildirdiyinə görə, "10 noyabr bəyanatından 1 il ötsə də, görünən budur ki, Ermənistan silahlıları hələ də işğaldan azad etdiyimiz ərazilərimizdə təxribatlarla məşğuldur. Ermənistana himayədarlığını gizlətməyən Rusiya Qarabağa yerləşdirdiyi sülhməramlılarını ya mandatlarına uyğun təlimatlandırmayıb, ya da bilərəkdən bu 1 ili erməni silahlılarına dəstək olmaqla başa vurdu.
Bir il az vaxt deyil. Ancaq gəlin görək Rusiya ilə Ermənistan imzaladıqları üçtərəfli sənədin hansı maddəsini doğru-düzgün yerinə yetiriblər? O sənəddə yalnız Azərbaycan tərəfi öz imzasına hörmət edir. Rusiya “bir əldə iki qarpız” prinsipiylə çaş-baş durumda qalıb. Yəni, Rusiya bir tərəfdən Türkiyə ilə isti münasibətlərə can atır, bir tərəfdən Ermənistan “kart”ını Qərbə uduzmaq istəmir, digər bir tərəfdən də Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaq üçün çabalayır. Üstəlik Zəngəzur dəhlizinin açılması qorxusunu da yaşayan Rusiya nəzərdə tutulan dövlət səviyyəli görüşlərdə masaya nə qoyacaq, bax bu da maraqlı və müəyyən mənada narahatlıq doğurur".
K.İsmayılova hesab edir ki, istər Rusiyanın, istər Ermənistanın, istərsə də Minsk Qrupunun pozuculuq siyasətinə baxmayaraq, fakt budur ki, "Azərbaycan qalibdir və qaliblər heç vaxt ittiham olunmur. Xaricdə yaşayıb kimlərsə tərəfindən idarə olunan bəzi “yutub” televiziya kanallarında istifadəçilərin Azərbaycanın maraqlarına zidd çıxışları da yolverilməzdir".