Sabir Rüstəmxanlı: "İlham Əliyevin Qarabağ zəfəri bütün azərbaycanlılar üçün qürurvericidir"
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ziyalılarını 50, 60 və 70 yaşlarında təbrik edib, hər zaman diqqətdə saxlayıb. İndi imkan yaranıb ki, mən də onu təbrik edim.
Tv 713. az xəbər verir ki, bunu Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Deputat xatırladıb ki, əgər söhbət müxalifət partiyalarından gedirsə, parlamentdə ana müxalifət partiyasının adından da danışa bilər:
“2020-ci ildə siyasi partiyalar bir araya gələrək hakimiyyətlə dialoq mühitinə daxil oldu. Hesab edirəm ki, bu, cəmiyyətdə müsbət qarşılandı və yaxşı mühit yarandı”.
Sabir Rüstəmxanlı daha sonra deyib ki, 1994-cü ildə Heydər Əliyevlə Çinə səfər edən nümayəndə heyətində təmsil olunub:
“Heydər Əliyev orada böyük görüşlər keçirdi, müzakirələr apardı. Heyətdə olan insanlar müxtəlif məsələlərə dair fikirlərini bildirirdi. Rəhmətlik Heydər Əliyev mənə dedi ki, siz niyə susursunuz, danışmırsınız. Mən də qeyd etdim ki, sizin görüşlərinizi izlədim, Allah sizi yaradıb ki, Çin, Hindistan kimi böyük ölkələrə rəhbərlik edəsiniz, amma 10 milyonluq Azərbaycana rəhbərlik edirsiniz. Heydər Əliyev güldü, sözümü zarafata saldı…
İlham Əliyev də atasının yolunu davam etdirir. Məncə, İlham Əliyev Qarabağ zəfəri ilə dünya azərbaycanlıları arasında böyük qürur yaratdı. Onun ömrünün sonuna qədər bu qürur bəs edəcək. Mən Prezident Əliyevi təbrik edir, ona cansağlığı və uğurlar arzu edirəm”.