HAQQI TAPDALANAN 713-ÜN "Vətən sağ olsun!" HİMNİ

Yazarlar 24-noy, 09:319 tv713 280 0
HAQQI TAPDALANAN 713-ÜN "Vətən sağ olsun!" HİMNİ

İGİD TEYMURLU

VƏ MÜDAFİƏ NAZİRLİYİ İLƏ MİLLİ MƏCLİSİN, SİYASƏTÇİLƏRİN TƏQDİM EDƏCƏYİ PORTRET


Vətən "mən"dən başlanır" sa və başlanır da, mən də Sizlərə bizlərdən ibarət elektoratınızın şəxsində 713 saylı taborun təqdimatında Vətən himninin bir bəndini yazıram. Təqdim olunan himnə münasibətiniz də Sizin Portretinizi bizlərə çatdıracaq. Biz də məhz o PORTRET əsasında sizləri bir-bir olduğunuz qədərində cəmiyyətə təqdim edəcəyik...

Çox hörmətli müdafiə naziri, cənab ZAKİR HƏSƏNOV!

Çox hörmətli Milli Məclisin sədri xanım SAHİBƏ QAFAROVA!

Çox hörmətli siyasi partiya mənsubları ƏLİ ƏHMƏDOV VƏ SABİR RÜSTƏMXANLI, PƏNAH HÜSEYN və İQBAL AĞAZADƏ, FAZİL QƏZƏNFƏROĞLU VƏ SƏRDAR CƏLALOĞLU, ELŞƏN MUSTAFAYEV VƏ ƏLİ ƏLİYEV, FƏZAİL AĞAMALI VƏ HAFİZ HACIYEV, QÜDRƏT HƏSƏNQULİYEV VƏ FUAD ƏLİYEV, TAHİR KƏRİMLİ VƏ ARİF HACILI, ASİM MOLLAZADƏ VƏ ƏLİ KƏRİMLİ İLƏ BİRLİKDƏ ADLARI HALLANMAYAN DİGƏR İDDİALI SİYASİ PARTİYA RƏHBƏRLƏRİ..

Sizin köhnə və indiki döyüşçüləriniz, Sizin seçiciləriniz, Sizin elektoratınız mən və mənim kimi xalqın nümayəndələridir. Deputatlarımızın halı bəlli, ən azından Sizlər keçirdiyiniz müşavirələrdə, Sizlər keçirdiyiniz görüşlərdə, aparılan dialoqlarda, sərgilədiyiniz dəyirmi masalarda bizim dərdimizdən, bizim problemimizdən yuxarı instansiyalara məlumat verməli, hakim partiya yetkililərini bilgiləndirməlisiniz. Siz bizim dərdimiz, Siz bizim problemimiz üzərində siyasi şou düzənləməklə hansısa baryeri aşmaq yox, bu dərdin, bu problemin çözülməsini həll etməli, yaxud aramalı, dövlətin aidiyyatı instansiyaları qarşısında tələblər irəli sürməli, fərsiz məmurların, vecsiz deputatların, yarıtmaz nazirlərin, şəhadət barmağının əsirinə çevrilən qanunverici orqanla icra aparatlarının demək olar ki, fəaliyyətsizlikləri qarşılığında hökumətə gerçəkləri, reallıqları, problemlərin həlli istiqamətində öz alternativ variantınızı təqdim edib onun yerinə yetirilməsini var səsinizlə hayqırmalısınız! Ki, biz və bizimkimilər də Sizlərə dayaq duraq!

Qazandığımız Zəfər xalqla siyasi qüvvələrin, ictimai institutların, qətiyyətli Ali Baş Komandanla rəşadətli ordumuzun sayəsində baş tutdu. Bütün problemləri də bu birlik sayəsində aşa bilərik və açacağıq da inşallah.

Bunu nəzərə alıb Sizlərə "məndən başlanan Vətən"in içini saran problemdən danışdığıma görə məni qınamayın. Çünki Böyük Çingiz Xaqanımız söyləmiş ki, Əsgəri QƏLƏBƏYƏ APARAN YOL onun mədəsindən keçir. Bu, bir sağlam mənəviyyat, sağlam Ruh mədəsidir ki, Xaqanımız şübhəsiz ki, ol zadı nəzərdə tutub....

Biz də ol sağlam bədənə, ol sağlam Ruha sahib çıxmalıyıq. AMMA...

Mən leksikonumuza sırıdığınız "Birinci Qarabağ Müharibəsi" (1-ci, 2-ci Qarabağ savaşı yoxdur, o Savaş bu gün də gedir və 300 il ərzində gedib) döyüşçülərinin, özəlliklə rəhmətlik general Zadir Rzayevin komandiri olduğu o zamankı 701 saylı briqadaya daxil olan 713 saylı taborun ( komandir mayor Süleyman Əhmədov Şəhid olandan sonra taborun komandiri rəhmətlik Heydər Əliyevin təltif etdiyi "Azərbaycan Bayrağı" ordenli, polkovnik-leytenant Rəhman İsgəndərov olub) tapdalanan haqlarından haray çəkib bu işə birbaşa Dövlət Babanın qol qoymasını istəyirəm. 30 ildir ki, yurd sevdalı bu Kişilərin haqqı tapdalanır, 30 ildir ki, bu adamların tam əksəriyyəti öz övladlarına yarıtmaz məmurlar ucbatından Vətən Sevgisini aşılaya bilmirlər. Çünki ortalıqda özlərinin timsalında Vətənin görməzdən gəldiyi, haqlarını tanımadığı döyüşçülər ordusu var - 1992-ci illərdə bütün maddi, mənəvi, psixoloji, texniki, hərbi, siyasi yardımlardan məhrum olan, bircə avtomatla təkcə erməniyə deyil, bütövlükdə rus və erməni birləşmələrinə qarşı döyüşən döyüşçülər ordusu...

VƏ...və bununla paralel olan səhnədəcə Müdafiə Nazirliyinin yetkililərinin harın, yarıtmaz davranışı, bir də yuxarıda adlarını hallandırdığım Sizlərin laqeydliyinız!!!!

Budurmu "xalqa xidmətiniz"!?

Axı bizlər də bu xalqın nümayəndəsiyik. Kİ, sizlər də zaman-zaman bizlərin adından danışmış və danışmaqdasınız...

Üstündən 30 il keçib. Suçumuz erməniyə güllə atmaqdır Kİ, bizləri bunca zaman çərçivəsində sındırmadasınız!?

Nədir keçmişin döyüşçülərinə qarşı mənəvi, psixoloji soyqırım aktınızın kökündə duran məqamlar?..

Nədir bu sosial narazılıq formalaşdırmaq cəhdi?

Bizləri BÜTÖV AZƏRBAYCANIMIZIN QURTULUŞU gözləyən bir məqamda haqqını tapdaladığınız KİŞİLƏRin övladları bu münasibətin şahidi olursa, sabah torpaq yolunda canından keçəcək ərləri BELƏMİ yetişdirirlər!?


Belə müqayisə kökündən qüsurlu və tərəfimizdən qəbuledilməz olsa da, sizlərin yaratdığınız şərait adamı bunu deməyə məcbur edir.

44 GÜNLÜK müharibədə bir zabitimiz Şəhid olanda kədərimiz ərşə qalxırdı və qalxmalıdır da. Ancaq paralellərin fonunda o illərə baxaq: 713 saylı taborun komandiri, taborun qərargah rəisinin müavini, bölük komandiri döyüşdə Şəhid olmuş, 30-dan artıq Ər kimi Oğlanlar yurd uğrunda canını fəda etmiş, onlarla əsgər güllə yarası almış, Laçının 42 kəndini azad etmiş, Ağdərənin bir neçə kəndinin alınmasında misilsiz xidmətlər göstərmiş, Kəlbəcər əhalisinin müdafiəsində ermənilərlə təkbətək döyüşən döyüşçülər olan bir taborun haqqı tanınmır!!!!

Nədən?

Axı nədən!?

Nədir suçumuz!?

Hətta ortalıqda suç olsa belə mərhum Prezidentimiz rəhmətlik Heydər Əliyev hələ 1995-ci ildə bir əfv fərmanı imzalamışdı. Sizlər o fərmanı da tanımaq istəmirsiniz!!!

Nədən o zamankı siyasi və hərbi rəhbərliyin buraxdığı səhvlərin ağrısını, acısını döyüşən Oğlanlar çəkməlidir?

Adam könüllü olaraq aylarla döyüşüb. Adam MN tərəfindən taborun şəxsi heyətinin tərkibinə qatılır. Onun bu aylar ərzində silah, geyim, ərzaq təminatı imkan dərəcəsində ödənilir. Sonradan o zamankı hərbi və siyasi rəhbərlik taborun dağılmasını (öncədən pusquya salınıb məhv edilməsi) məqsədli şəkildə şərait yaradır və tabor ləğv edilir. Döyüşçülərin hərbi biletində girişlə bağlı əmrin nömrəsi olduğu halda özlərinin səhlənkarlığı, məqsədli şoularınln sayəsində yaradılan "çıxış"ın əmri vurulmur. Sadəcə olaraq, hərbi biletə adamın hansı dövr ərzində harada vuruşması və girişin əmri var. Və bütün bunlar da 30 illik haqsızlıq üçün bir əsas olur.

Əgər bu adamlar "fərari" olublarsa, bunca illər ərzində MN niyə susub?

Məhkəmələr nədən əvvəlcə şahid ifadələrini, sonradan yalnız MN-nin məktubunu problemin həllində əsas olaraq götürüb qərar çıxarmaqdadır?

Nədən 1992-ci il hadisələrinə 2022-ci il qanunları çərçıvəsındə qiymət verilməlidir?

Hanı bə "qanunda geriyə yol yoxdur!" İfadəsi?

Nədən rəhmətlik Əbülfəz Elçibəyin, rəhmətlik Heydər Əliyevin bu mövzuyla bağlı verdiyi qanunlar, sərəncamlar görməzdən gəlinir?..

Nədir bu sosial narazılıq formalaşdırma cəhdi?

Necə olur ki, rəhmətlik Heydər Əliyevin "veteran" kimi tanıyıb ev, torpaq verdiyi kəslərə indi Müdafiə Nazirliyi veteran vəsiqəsi vermir!?...

Düşmən üzərində qazanılan zəfərdə millət olaraq hər birimizin payı var. Ali Baş Komandan İlham Əliyevin müharibə çağırışına ilk olaraq səs verənlər sırasında haqqı hələ də tanınmayan həmin 713 saylı taborun köhnə döyüşçüləri də var idi. Canlarıyla, mallarıyla bu Azadlıq Müharibəsində sona qədər iştirak etdilər. Amma nə yazıq ki, hələ də bu Oğullara heç "veteran" vəsiqələri belə verilməyib.

Müdafiə Nazirliyi keçmiş döyüşçülərə qənim kəsilməkdə!!!!

Dəfələrlə Laçın, Kəlbəcər, İsmayıllı, Balakən, Cəlilabad, Yardımlı, Masallı, Suraxanı, Salyan, Lənkəran və digər rayonları Milli Məclisdə təmsil edən deputatlara (713 saylı taborda döyüşən oğlanların doğulduqları bölgələr çərçıvəsində), ölkənin ictimai-siyasi institutlarına fərqli formatlarda müraciətlər edilsə də, kömək istənilsə də, harayımızı Ali Baş Komandana çatdıran olmayıb!

Harayımıza səs verirsinizmi, ay HAKİM PARTİYA VƏ PARLAMENTDƏKİ MÜXALİFƏT PARTİYALARI?
Harayımıza səs verirsinizmi, ay HAKİMİYYƏTƏ GƏLMƏK İSTƏYƏN MÜXALİFƏT PARTİYALARI?
Səsimizi eşidirsinizmi, MAHİR ABBASZADƏ, SEVİNC FƏTƏLİYEVA, ETİBAR ƏLİYEV, MUSA QASIMLI, TAHİR KƏRİMLİ, BÜTÖVLÜKDƏ MİLLİ MƏCLİSİN ÜZVLƏRİ?

Səsimizi eşidirsinizmi, MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏRLİYİ?

Səsimizi eşidirsinizmi MÜVAFİQ İCRA STRUKTURLARI?

Hər problemi İlham Əliyev həll edəcəksə, onda sizlər nədən yükümlüsünüz, cənablar?

İlham Əliyevin zatən sizlərin oxuduğunuz təriflərə ehtiyacı yoxdur, çünki İlham Əliyev gerçəkdə döyüşdə qazandığı qələbə ilə zamanın yetişdirdiyi lider oldu!

Yetər ki, sizlər köhnə döyüşçülərin, vətəndaşın probleminə sayğısız yanaşmağınızla sosial narazılıq formalaşdırmayın!..

Bu, hələlikdir. Biz ümid yeri kimi üz tutduğumuz Sizləri "xalqın səsini eşitməyənlər" statusunda tanımaq istəmirik!

Biz üz tutduğumuz Sizləri əməl sahibi kimi görmək istəyir, sizlərin operativliyiniz, sizlərin də bizim kimi Vətən Sevginizlə Çiçəklənən Azərbaycanın vətəndaşı olmaq istəyirik!

Biz bu Vətənin Daşını qoynumuzda bəsləyirik ki, 44 günlük müharibədə olduğu kimi gərəkəndə o DAŞIMızla, O TORPAĞIMızla düşməni linç edək..

Biz vətəndaşına sahib çıxan dövlət görmək istəyirik. Ki, BÜTÖV AZƏRBAYCAN adlı Vətənimizə sahib çıxarkən ölərsək "Vətən sağ olsun!" kəlməsi geridə qalanlarımızın Vətən Himninə çevrilsin!

"Vətən "mən"dən başlanır" sa və başlanır da, mən də Sizlərə bizlərdən ibarət elektoratınızın Vətən himninin bir bəndini yazdım. Münasibətiniz də Sizin Portretinizi bizlərə çatdıracaq. Biz də məhz o PORTRET əsasında sizləri olduğunuz qədərində cəmiyyətə təqdim edəcəyik.

Hər birinizə sayğılarla....
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr