Rövnəq Abdullayevin "adamı" yola salındı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-nin baş direktoru Rövşən Həsənov işdən çıxarılıb.
Tv 713.az ölkə mətbuatına istinadla xəbər verir ki, onun yerinə Abdulla Tağıyev təyin olunub.
Qeyd edək ki, Rövşən İmran oğlu Həsənov bu vəzifəyə ötən ilin dekabrında gətirilmişdi.
O, SOCAR məsələlərində adı daim hallanan, məşhur iş adamı, Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevin (Əlizadə) əsas kadrlarından biri hesab olunurdu. Onların qohumluq əlaqələri də var.
Rövşən Həsənov “SOCAR Petroleum”dan əvvəl “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.