Yolsuzluq yaradanlar - I
XALİQ BAHADIR
Ortada böyük Yol var idi; sonadək gediləsi Uğur Yolu! Böyük yolun böyük də uğurları olar - başda duranlar başqalıqlara varmasalar, başqalıqlara yolçuluq etməsələr. Başqalıqlara yolçuluq yolsuzluğa gətirər...
Nələrdən keçib gəldik!
1998-ci il 25 oktyabr. O gün yeni yazımı “Hürriyyət” qəzetinə aparmışdım. Yazı, öncələr olduğu kimi, kompüterdə yığılacaq, oxuyub düzəliş eləyəndən sonra geri dönəcəkdim. Ancaq... qapıda partiyanın (ADP), qəzetin yiyəsi Sərdar Cəlaloğlu ilə qarşılaşdım. O məni görəndə alındı, duruxdu, sonra qırağa çəkib dedi:
- Bu gün Elçibəylə aramızda sizlə bağlı söhbət oldu, o sizə görə mənimlə sərt danışdı.
- Mənə görə niyə? - soruşdum.
- Deyir: “Mən Xaliq Bahadırı “Azadlıq” qəzetindən uzaqlaşdırmışam, siz ona qəzetinizdə çap olunmağa şərait yaradırsız”. İnanın, sizin yazılarınızın bizim qəzetdə çıxması bizə şərəfdi, ancaq...
Qapıdanca dönüb Xaqani 33-ə gəldim. Eşitdiklərim mənim üçün söyüş yerində idi. Buna görə çox sinirlənmişdim.
Keçmiş prezident, AXCP sədri Elçibəy o boyda binada balaca, 2-3 kv metrlik bir otaqda otururdu. Olduqca acınacaqlı görsəniş idi. Ondan da acınacaqlısı keçmiş prezidentin, böyük bir partiyanın sədrinin yaxın çevrəsini oluşduranların kimliyi idi. Bütün başqa günlərdə olduğu kimi, onlar yenə Elçibəyin qapısının sağ-solunda sırayla düzülmüşdülər. Elə bil onu kimdənsə, kimlərdənsə qoruyurdular. Gündəlik olaraq onu gətirir, aparır, burada olduğu sürədə sonadək qapısının yan-yörəsini kəsdirib dururdular. Onlar özlərini “elçibəyçi” adlandırırdılar. Onlarla mənim aramda bir ucu Antalyada keçirilən “Böyük Türk qurultayına” (1993, mart) bağlı konflikt vardı - onların Antalyada dövləti, dövlətçiliyi gözdən salan davranışlarının doğurduğu konflikt.
Elçibəy AXC-ni onlara tapşırıb hakimiyətə getmişdi. Onlar bir illik hakimiyət dönəmində AXC qərərgahını korrupsiya qərargahına döndərmişdilər. Bu, Elçibəyin başlıca yanlışlarından idi: hakimiyətdən gedərkən o, dəyərli əllərə verməklə AXC-ni özünün güclü arxa-dayağı olaraq qoruyub saxlaya bilərdi. Tərsinə oldu: böyük çoxluğun hakimiyətə getməsiylə dələduzların əlinə keçmiş AXC özü bir ilin içində yenilgən duruma düşmüşdü. AXC-ni yenilgən-düşkün duruma gətirib çıxaran, 1993-ün martında Antalyada Türkiyə dövlət başçılarının qarşısında AXC hakimiyətini gülünc günə qoyan o dəstə indi, Kələkidən qayıdandan sonra, Elçibəyin yaxın çevrəsini oluşdururdu. Bununla bağlı bir neçə yazı yazıb “Azadlıq”da çap etdirmiş, o yazılarda Elçibəyi başına moşennikləri yığmaqda suçlamışdım. Onlar AXC ideyalarını gözdən salan, Elçibəyin “təmiz adam” reputasiyasını korlayan kimsələr idi. Buna görə mən Elçibəyin onları özündən uzaqlaşdırmasına çalışırdım. Çox saya bir nədənlə: Elçibəy mənim də yaradıcılarından olduğum qurumun başında dururdu!
O gün köməkçi görəvlisi Oqtay Qasımov idi. Ona Elçibəylə görüşmək istəyimi bildirdim. İçəri keçib çox çəkmədən geri döndü.
- Buyurun.
Jurnal stolunun arxasında oturmuş Elçibəy çox gərgin idi. Görünür, mənim nəyə görə gəldiyimi duymuşdu. Görüşüb oturduq. O, gərgin, mən acıqlı, soruşdum:
- Sərdar bəyə məni “Azadlıq”dan uzaqlaşdırdığınızı demisiz?
Boğuq bir səslə:
- Demişəm, - dedi.
- Nəyə görə demisiz?
- Sən məni “Azadlıq”dakı yazılarında təhqir elədiyinə görə.
- Mən yazılarımda düşmənləri də təhqir eləmirəm, onda qalmış yaxınlar - partiya yoldaşları ola.
- Düşmənləri təhqir eləmirsən, doğrudur, ancaq məni təhqir eləyirsən.
- Siz o yazılarda nəyi təhqir sayırsız?
- Mənim ətrafımı "moşennik" adlandırmağını.
- Siz mənim onları "moşennik" adlandırmağımı özünüzə fəhqir sayırsız?
- Hə, təhqir sayıram, bu, təhqirdi.
- Bunu özünüzə təhqir sayırsızsa, onları niyə özünüzdən uzaqlaşdırmırsız?
- Mən onları özümdən niyə uzaqlaşdırmalıyam? - səsini qaldırdı.
- Onlar moşennik olduqlarına görə onları özünüzdən uzaqlaşdırmalısız.
- Bax, görürsən, - o qızğınlıqla dedi, - sən yenə təhqirə keçirsən, mənim ətrafımı moşennik adlandırırsan. Sən mənimlə düşmənçilik aparırsan.
- Düşmənçilik? Mən düşmənçilik eləmirəm, ortada gerçəkdən düşmənçilik varsa, onu siz başlamısız.
- Mən? Mən niyə? Bu nə vaxt olub?
- Bu olub, - dedim, - 1993-cü il aprelin 10-da.
- Onda nə olmuşdu? - o, bir az duruxub soruşdu.
- Onda siz məni televiziya ekranından təhqir eləmişdiz.
- Yadımda deyil, nə demişdim?
- Onda mənimlə bağlı demişdiz: işinin öhdəsindən gələ bilmir, görəvdən getməlidir. Bax, bu təhqir idi.
- Bunun nəyi təhqir idi? - çaşqınlıqla, əl-qol ataraq soruşdu.
- Bir çoxları kimi mən də bilmədiyim, başım çıxmayan yerdə iş başına gətirilməmişdim, çoxillik iş yerimdə azacıq qabağa getmişdim, professional işimi görürdüm. Buna görə “işinin öhdəsindən gələ bilmir” söyləməsini özümə təhqir sayıram. Mən işimin öhdəsindən gərəyincə gəlirdim, özüm də biriləri kimi rüşvətə qurşanmamışdım. Tərsinə, uzun illər rüşvət içində olan bir qurumda rüşvətə son qoymuşdum.
O, bir ara əllərini çənəsində çataqlayıb susdu. Elə bil nəsə demək istəyir, ancaq deməyə çətinlik çəkirdi.
- Bilirsən, - dəyə, söz tapmaqda çətinlik çəkirmiş kimi ağır-ağır dilləndi: - Mən sizin ailənizi, soy-kökünüzü öyrənmişəm, siz təmiz, düzgün, dövlətə, dövlətçiliyə bağlı adamlarsız, ancaq, məsələ bir az başqa cürdü. - Yenə susdu, yerində qurcuxdu, handan-hana, çətinliklə dedi: - İşləri sən özün dolaşdırmışdın.
- Mən? Mən neynəmişdim?
Əllərini stolun üstünə qoyub kəsinliklə bildirdi:
- Sən çevriliş hazırlamışdın!
Elə bil məni tok vurdu, bir anlığa dilim-ağzım qurudu, şaşırdım. Gerçəkdən şaşırdım. Az sonra özümə gəlib, çaşqınlıqla soruşdum:
- Siz nə deyirsiz, nə çevriliş?
O, arxayınlıqla dedi:
- Özün yaxşı bilirsən nə çevriliş: Məmməd İsmayılı devirib, yerinə Əkrəm Əylislini gətirmək istəyirdin.
Aha, mənim üçün gərəkən ipucu! İndi mənə olub-keçənləri tələsik də olsa analiz eləmək qalırdı.
Teleradio verilişləri komitəsində Cəbhənin dayaq dəstəsini mən yaratmışdım. AXC hakimiyətə gələndən sonra yoldaşlar Şirkətə mənim sədr olmağımı istəmişdilər, mənsə Əkrəm Əylislinin sədr olmasını istəmişdim. Bununla bağlı Elçibəylə də görüşmüşdüm. O, Əylislinin sədrliyinə boyun qoymamış, bununla da qonu bitmişdi. Elçibəy Yaqub Məmmədovun kadrı olan M.İsmayılı işdə saxlamış, çox sevdiyi Səfər Alışarlını ona birinci müavin qoymuşdu. Mən isə İnformasiya studiyasının direktoru olmuşdum.
Hakimiyətdə ikisi güclü, biri az güclü üç qruplaşma vardı. Az güclü qruplaşma Elçibəyə yaxın idi. Mən qruplaşmalara qatılmırdım, ancaq o çağ üçün sağlam baxışlarına görə gərəkən yerlərdə az güclü qruplaşmaya özləri də bilmədən yardımçı olurdum. Mən onlara sonadək arxa durdum (Nə yazıqlar, o biri qruplaşmalar məni vururkən onlar liderləri ilə birgə mənə arxa durmaqdan yayındılar).
Burada sözügedən iki güclü qruplaşma İnformasiya studiyası başda olmaqla Televiziyada üstünlük qazanmağa çalışırdı. Onlar bir sıra əngəlləri çoxdan aşıb keçmişdilər, mənimlə bacarmırdılar, televiziyanın canı isə mənim əlimdə idi. Əllərində məni yenəcək kompromat da yox idi. İş qalırdı yalana, şərləməyə. Agentura yığını olan “Milli Məclisin” məni görəvdən almağa yönəlik üç qərarı oldu. Gərəkən effekt alınmadığından “çevriliş” yalanına əl atmış, Elçibəyi də çox asanlıqla buna inandırmışdılar. Üstəlik, Şirkətə yeni avadanlıq almaq üçün Elçibəyin ayırdığı üç milyon dollardan yetərincə mənimsəmələr olmuşdu. Teleşirkətdə başlayan yoxlama ən azı iki adama cinayət işi açılmaqla sonuclanacaqdı (Ola bilsin, sədr üçün o, birinci, sədrin birinci müavini üçün Naxçıvan faktından sonra ikinci oxşar cinayət işi olacaqdı). Onlar (eləcə də onlarla əlbir olan yüksək post yiyələrindən biri) yoxlamada mənim əlim olduğunu düşünməklə “bir gülləyə iki dovşan vurmaq”, bir yandan yoxlamanı dayandırmaq, o biri yandan məni ortadan qaldırmaq üçün Elçibəyi mənə qarşı yönəltmişdilər (Yoxlama mənlik deyildi, bildiyimə görə, onun arxasında AXC kadrı olan MTN əməkdaşı dururdu).
Elçibəylə görüşdə olmuş bir rejissor mənə soraq gətirmişdi: “Sizi baqaja qoydular, bir neçə günə Elçibəyin sizinlə bağlı çıxışı olacaq”. Elçibəyin durar-tutmaz mənimlə bağlı hansısa yalana inanıb, elə bir çıxış edəcəyinə inanmadım. Sən demə...
Bildiyim faktları bir-bir ortaya qoyandan sonra Elçibəyə yalnız bunu demək qaldı:
- Bağışla, məni aldadıblar, - sonra da dedi: - Sən gərək mənimlə görüşüb, vaxtında bunları mənə deyəydin.
- Mən az qala bir ay sizinlə görüşməyə çalışdım, alınmadı, - dedim.
- Niyə alınmadı?
- Pənah Hüseynov nəyə görəsə mənim kabinetimdən hökumət telefonunu götürtmüşdü, ona görə mən “Azadlıq” redaksiyasına gəlib Qənimət Zahidlə danışırdım, o özünün hökumət telefonundan sizə zəng vururdu. Bütün zənglərə Oqtay Qasımov iki variantda qarşılıq verirdi: 1) Elçibəyin başı qarışıqdı; 2) Elçibəy yorulub yatır.
- Ola bilməz!
- İnanmırsız?
- İnanmıram!
- Oqtayı çağırın, aydınlaşdıraq!
- Yox, istəmirəm.
- Siz istəmirsiz, mən istəyirəm. Mən çağıraram! - deyib qapıya yönəldim.
Durub qabağımı kəsdi.
- Ayıbdı, çağırma!
- Bununla belə siz yenidən prezident olmaq istəyirsiz! - acıqlı-acıqlı bunu deyib qapıdan çıxmaq istəyəndə qoluma girib məni içəri çəkdi.
- Gəl yenidən dost olaq, axşam bizə gedək, qabaqlar olduğu kimi oturaq söhbətləşək.
- Yox, - dedim, - bundan belə bizim dostluğumuz tutan deyil, sizin dostlarınız moşenniklərdi.
Qolumu bərk-bərk tutub dilləndi:
- Nəcəf bəylə, Sabit bəylə görüşüb danışmışam, sənə dediyimi onlara da demişəm, onlar da mənə sənin kimi cavab verdilər.
- Demək, mən düzəm, - dedim, - moşennikləri özünüzdən uzaqlaşdırmalısız.
Qolları yanına düşdü, üzümə yazıq-yazıq baxdı, azacıq gülümsünərək:
- Bacarmıram, - dedi, - qapıdan qovuram, pəncərədən girirlər.
- Bacarmaq gərəkdi, liderlik, prezidentlik bacarmaq deməkdi, - deyib çıxdım.
Sən demə, Elçibəyin mənə açıb demədiyi, demək istəmədiyi daha önəmli fakt varmış - bağışlanmaz bir fakt.
(ardı var).
onun qarşısında cücəyə dönmüşdülər. Bircə ondan - bir neçə ayın naziri Abdulla Allahverdiyevdən başqa. Sözsüz, H.Əliyev çox istərdi onun qarşısında yazıq duruma düşmüş MTN generalına dediyini A.Allahverdiyevə də desin: “Özünü yaxşı apar - axı sən generalsan!” Abdulla bəyə belə deyə bilmədi: o özünü sonadək gerçək general kimi apardığı üçün! H.Əliyevə gərəkən nə idi? Hamıdan güclü olduğunu göstərməklə özünün qorxulu adam obrazını yaratmaq! - bu onun toplumu psixoloji basqı altında tutmaq üçün yararlandığı yönətim metodlarından idi.
- Sizinlə Televiziyada görüşdüyümüz yadınızdadı? - birdən Abdulla bəy soruşdu.
- Yadımda deyil, - yaddaşımı qurdalaya-qurdalaya bildirdim.
Abdulla bəy Televiziyaya gəlib mənimlə görüşdüyünü danışmağa başladı.
- Hə, yadıma düşdü: gəlişinizi bildirmədən birdən qapını açıb içəri girmişdiz.
Kabinetdə oturub işləyirdim, birdən qapı açıldı, yeni Daxili işlər naziri Abdulla Allahverdiyev qapıda göründü. Onun belə gəlişi görünməmiş görsənişlərdən idi: hökumət adamlarının Şirkətə gəlişi qabaqcadan bilinərdi. Bu isə bir yenilik idi. Aramızda indi ayrıntılarını unutduğum qonuşma oldu. O, nələrsə soruşur, mən bildiklərimi söyləyirdim. Onun çıxışa gəldiyini düşünərək soruşdum: “Deyim studiyanı hazırlasınlar?” O: “Mən çıxış üçün gəlməmişəm, sizinlə tanış olmağa gəlmişəm” - deyincə quşqulandım. Daxili işlər nazirinin Televiziya əməkdaşı ilə belə tanışlıq yaratmaq istəyi elə-belə ola bilməzdi. Ondan bu tanışlıq istəyinin nədən yarandığını soruşmağa da dəyməzdi: özü bildirmirdisə, demək, belə gərəkirdi.
- İndi sizə deyim mən ondaTeleviziyaya nəyə görə gəlmişdim? - Abdulla bəy soruşdu.
- Hə, - dedim, - bilmək yaxşı olardı.
O, asta-asta danışmağa başladı:
- Onda mən Televiziyaya prezident Əbülfəz Elçibəyin bir göstərişiylə bağlı getmişdim. Mən onun göstərişiylə sizi qandallayıb Bayıl türməsinə aparmalıydım.
- Niyə aparmadız? - çaşqınlıqla soruşdum.
- Elçibəyin göstərişindən sonra sizinlə bağlı informasiya topladım. Sonra Televiziyaya gedib əməkdaşları danışdırdım, qadınlı-kişili hamı sizin çox sərt, çox kəskin adam, ancaq çox da doğru-düzgün olduğunuzu dedi. Öyrənib-bildikərimi qayıdıb Elçibəyə dedim.
- O nə dedi?
- Acıqlandı, səsini qaldırdı, dedi: “Sənə nə göstəriş verilib, yerinə yetirməlisən!” Ona: “Doğru-düzgün adamları tutmaq üçün nazir olmamışam, deyib, nazir vəsiqəsini çıxarıb stolun üstünə qoydum, qapıdan çıxan yerdə məni geri qaytardı: “Gəl vəsiqəni götür, get otur yerində!”
İstər-istəməz düşünməli olursan: görəsən, Abdulla Allahverdiyevin yerində professionallıqdan uzaq, vicdansız, karyerist birisi olsaydı, necə olacaqdı? Sözsüz, göstəriş can-başla yerinə yetiriləcək, prezidenti oyuncağa çevirənlərin istəyinə uyğun olaraq suçsuz bir adam qandallanıb Bayıl türməsinə aparılacaqdı. Olduqca ilginc görsənişdir: “Korrupsioner də millətimizdi” - deyə, bir illik hakimiyəti boyunca bircə korrupsionerə, eləcə də korrupsiyaya qurşanmış bir sıra satılmış hərəkatçılara toxunmayan “dünyanın ən humanist prezidenti” düzgünlüyü azacıq da quşqu doğurmayan, bütünlüklə suçsuz hərəkat yoldaşını qandalladıb türməyə göndərirdi! Bu qurğunu quranlar kimlər idi? Onun Şirkətə ayırdığı 3 milyon dolların çoxunu Televiziyadan Nazirlər kabinetinədək basıb yeyənlər, eləcə də onu devirmək istəyənlər! Onlar bir qrupda, belə desək, Nazirlər kabineti, parlament-müsavat qrupunda birləşmişdilər. Onların istəyinə uyğun olaraq prezident seçki platformasına dönük çıxaraq KQB arxivlərini açmayacaq, KQB parlamentini buraxmayacaqdı. Sözsüz, işdə o biri güclü qrupdan olanların da rolu vardı.
Birinin lideri parlamentdə, o birinin lideri Naxçıvanda oturan iki güclü qrup gücsüz-etkisiz prezidenti yıxmaq üçün hakimiyəti içindən yeyib-dağıdırdı. Onu Xaliq Bahadırın Televiziyada “çeviliş hazırladığına” inandırmışdılar. O isə düşünməmişdi: studiya direktoru televiziyada necə çevriliş edə bilər? Deyir: “Sən Mənim Şirkətə sədr qoyduğum Məmməd İsmayılı devirib, yerinə Əkrəm Əylislini gətirəcəkdin”. Bu necə olacaqdı, necə baş tutacaqdı, burada hansı mexanizm işləyəcəkdi? – mən bunu indi də anlamıram, anlaya bilmirəm. Onun Səfər Alışarlı ilə birgə çox inandığı M.İsmayıl H.Əliyevin Televiziyaya ilkin gəlişindəcə (18 iyun 1993) işdə qalmaq üçün ona dönük çıxacaqdı: “Heydər müəllim, məni Şirkətə sədr Elçibəy qoymayıb, Yaqub Məmmədov qoyub”. Çoxdan Y.Məmmədovdan üz döndərmiş H.Əliyev bu uğursuz çıxışdan az sonra onları sədrli-müavinli birgə işdən qovacaqdı. Onlarsa Şirkətin anbarında dəyərli nə varsa bir maşına yüklədib gecəylə aradan çıxacaqdılar...
Rəhim Qazıyevin dediyinə görə, Seyfəlidə böyük güc toplayıb gərəkən hazırlıq işlərini görməklə Xankəndini götürəcəkmişlər. Prezident Elçibəy belə bir çağda onu çağırıb: “Sən mənə qarşı çevriliş hazırlayırsan”, - suçlamasıyla nazir postundan uzaqlaşdırıb. R.Qazıyev dönə-dönə atasının goruna and içməklə bunun yalan olduğunu, Elçibəyi bu yalana İsa Qəmbərlə Pənah Hüseynovun inandırdığını bildirir. Öz başıma gələnlər - yeri olmayan bir yalana Elçibəyin inandırıılması faktı olmasaydı, bəlkə də, R.Qazıyevə inanmazdım. Yeri gəlmişkən, başqa bir “çevrilişçi” - Surət Hüseynov - o çağlar Pənah Hüseynovla Arif Hacıyevin yaxın dostlarından biri yerindəydi. Bildiyimə görə, S.Hüseynova Milli qəhrəman adı verilməsində onlar önəmli rol oynamışdılar. Necə oldusa, dönərgə birdən döndü. Regional rokirovka baş verdi: Tofiq Seyidovun yerinə Fərəc Quliyev AXC İcraiyə komitəsinə sədr gətirildi. Fevralın 8-də Naxçıvandan Bakıya gələn F.Quliyev bircə gün sonra, fevralın 9-da, S.Hüseynovu “xain” çıxaran bildiri yayımladı. Bununla da ölkədə ara qarışdı...
İ.Qəmbər R.Qazıyevin yerinə Rusiya ilə bağlılığı quşqu doğurmayan Dadaş Rzayevi Müdafiə naziri qoydurmuşdu. Mən İnformasiya studiyasının direktorluğundan uzaqlaşdırılandan sonra studiya Səfər Alışarlıya tapşırılmışdı. Bunlar, demək olar, xaraktercə uyğun görəvləndirmələr idi.
1991-ci ildə prezident A.Mütəllibovla uzlaşma sonucunda Elçibəy çoxdankı sevimlisi olan Səfər Alışarlını Naxçıvan Televiziyasına sədr qoydurmuşdu. Altıca ayda Naxçıvan TV-də böyük yeyinti-mənimsəməyə görə prokurorluq Səfərə cinayət işi açmışdı. Elçibəy onda Səfəri prokurorluğun əlindən qoparıb Bakıya gətirmiş, sonra da Teleradio verilişləri şirkətində birinci müavin qoymuşdu. Elçibəy üçün qanunçuluq deyilən bir anlayış yox idi; onun düşüncəsinə görə, “qanunun yanından keçib getmək olar”dı. Onun “qanunun yanından keçib getmək olar” prinsipi AXC hakimiyətini bir ildə anarxiyaya, özbaşınalığa gətirib çıxardı....
(ardı var).