RÜSTƏMXANLININ DOĞUM GÜNÜNƏ
İGİD TEYMURLU
HƏMRƏYLİYİN ANATOMİYASI
Bu gün Xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Türk Dünyasının Ağsaçlılarından biri, El Ağsaqqalı SABİR BƏY RÜSTƏMXANLININ DOĞUM GÜNÜDÜR!
DOĞUM GÜNÜN QUTLU OLSUN, SABİR BƏY!..
Bildiyim qədərində bu ADAM yaradıcılığa başlayan andan (fars, rus şovinizminə qarşı, ermənilərin məkrli siyasətlərini yönləndirən ideoloji müharibələrinə verdiyi cavablarla) bu yana siyasətin tən ortasında olub. O zamandan neçə-neçə hakimiyyət dəyişib. Bütün hakimiyyətlərin zamanında Sözünün Yiyəsi olub bu Adam. Çünki Sözünün əvvəli də, axırı da Azərbaycan, Azərbaycanın dövlət maraqları olub bu Adamın. Heç bir əsassız tənqid, heç bir təzyiq, heç bir təhdid Onu yolundan sapdırmayıb.
Öz Yolunu gedib və hər zaman tutduğu yeri gözəlləşdirib.
Ağzından çıxan Sözü piləyə-piləyə təqdim edib. Ağzından çıxan Sözlə çoxları kimi min ilin ibadətini bir gündə bada verməyib. Əksinə, min illərə ibrət olacaq davranış nümayiş etdirib. ..
Onun müxalifətçiliyi çoxlarından fərqli olaraq heç zaman mənsəb xətrinə, para xətrinə dövlətə qarşı olmayıb. Siyasi qazanc naminə çoxları kimi Qərbin və Amerikanın, Rusiyanın və İranın maşası olmayıb. Baxmayaraq ki, hətta indinin özündə belə siyasi sferada çoxları bunu belə qiymətləndirmir...
Azərbaycan naminə iqtidarla müxalifət arasında həmrəylik körpüsünü quran və qoruyan Adamdır.
Ona doğru atılan daşlarda hər zaman bir gözəllik, bir yaxşılıq axtarıb...
Azərbaycandakı mövcud siyasi qurumlar içərisində yeganə siyasi partiyadır ki, yarandığı gündən ta bu günədək parçalanmaya məruz qalmayıb. Hətta bu partiyadan uzaqlaşanlar belə Sabir bəy və bu partiya haqqında kəskin, aşağılayıcı fikirlər söyləməyib. Bilirsiniz niyə? Çünki Rüstəmxanlının düşüncələrində siyasət əxlaqa söykənməlidir və söykənib də. Zaman-zaman öz partiyadaşlarına da Rüstəmxanlı bunu aşılayıb. Görünən budur ki, hər kəs öz dünyagörüşü, öz potensialı qədərində bu siyasətdən pay götürə bilib. Və bu Yolda hər kəsin davranışı o fərdin öz kimliyinin göstəricisi olub ki, kim əxlaqa söykənən siyasəti necə dərk edib, necə sərgiləyib...
Zaman-zaman VHP-nin parçalanmasında maraqlı olan qüvvvələr olub. Amma zamanı öz içindən keçirən Rüstəmxanlı məhz həmin kəslərin yanlış düşüncələrinin elə zaman faktoru çərçıvəsində yanlış olduğunu onlara anlada bilib. Dayaz düşüncələrin əsirinə çevrilməyib, Sözünün ağası olub...
Bunca illər ərzində saysız hesabsız müxalif birliklər yaranıb - VHP birinə qoşulub, digərinə qoşulmayıb. Və hər addımını da arqumentlərlə əsaslandırıb. Əvvəlcə topa tutulan bu əsaslandırmalar sonradan yüzə yüz öz təsdiqini tapıb. Qəribədir ki, VHP bu birliklərə qoşulanda da, qoşulmayanda da fərd olaraq Rüstəmxanlı ( məhz Rüstəmxanlı) kəskin tənqid edilib opponentləri tərəfindən....
Aynada görünən bir həqiqət də var: məhz tənqidlərin tüğyan etdiyi zamanlarda 1-2 siyasi fiqur istisna olmaqla VHP-nin ağır çəkililəri nədənsə çox zaman etibarlı limanlarda gözləmə mövqeyində olublar. Ya da səsləndirilən ittihamlara arqumentlər əsasında deyil, daha çox söz yığnağı formatında cavab veriblər. Hər kəsə qabına görə çəkən yenə də Rüstəmxanlı olub, sanki təkbaşına mübarizə aparırmış kimi. VHP-nin çörəyini yeyə-yeyə başqa siyasi liderin koordinatorları kimi davranan VHP-çilərin siyasi mübarizədə prinsipialcasına davranmamaları çox zaman həm bu siyasi qurumun, həm də Rüstəmxanlının açıq hədəfə çevrilməsində katalizator rolu oynayıb...
Sual olunur. Rüstəmxanlı bütün bunları görmürdümü? Təbii ki, görüb. Görünür ki, görüb susması, susub haqq etməsi, haqq edib həqiqətə doğru yürüməsi də Onun həmrəylik anatomiyasının tərkib hissəsidir. Ki, bunun çözülməsi də bizlik deyil...
Söhbətdə bulunduğum kəslərdən çoxları iddia edir ki, Rüstəmxanlının dostu Elçibəydən zəif cəhəti bu olub ki, Sabir bəy rəhbərlik etdiyi qurumda liderlər yetişdirə bilmədi.
Zahirən bu, belədir. Amma fakt olan budur ki, müstəqilliyimizə gələn yolda zamanın yetişdirdiyi liderlər onda bir Cəbhədə cəm oldular. Və bu Cəbhəyə rəhbərliyi elə həmin liderlər Elçibəyə həvalə etdilər. Yəni o liderləri zaman yetişdirmişdi. Ki, sonucda da həmin Cəbhəni xaraba qoyub orada Yurd salan da özünü cəmiyyətə lider kimi sırımaqda və indinin özündə də digərlərini linç etməyə çalışmaqdadı. ...
Rüstəmxanlının BÖYÜKLÜYÜ həm də ondadır ki,
başqaları kimi illərini söz oyunuyla başa vurmayıb, öz konseptual düşüncələrinə həyatilik verməyi bacarıb və indi də o yolun əsgəri kimi davranmadadır. Bineyi əzəldən Adam "həmrəylik" deyib durub və indi də o həmrəyliyin keşiyindədi.
Əfəndilər, unutmayaq, məhz bu HƏMRƏYLİK bizi öz istiqlalımıza qovuşdurdu!..
Məhz bu həmrəylik Azərbaycanımızı param-parça edilməkdən qurtardı!..
Məhz bu həmrəylik tanınmayan və tapdalanan haqqımız qarşılığında bizdə dözüm, iradə, səbr formalaşdırdı!..
Məhz bu həmrəylik bizə gah hiddətlə, gah qısqanclıqla qarşılanan Turan Sevgisini aşıladı!..
Və..və bu həmrəylik bizə QƏLƏBƏMİZİ bəxş etdi!..
Ki, bu Qələbənin nə qədər çətin, nə qədər çıxılmaz labirintdən keçəcəyini məhz Rüstəmxanlı hələ 1992-ci ildə, bu partiyanı yaradanda görmüşdü. Onda hərə öz atını dördnala istədiyi səmtə çapırdı, Azərbaycan da yerdə çırpınırdı...
Məhz belə bir dönəmdə Həmrəylik ideyası ilə Sabir Rüstəmxanlı yerdə çırpınan Azərbaycanı götürüb çiyinlərinə aldı, bugünümüzə yürüdü....
Eşq olsun bu həmrəyliyə, eşq olsun bu Yolun Adamına!
Bu gün Sabir Rüstəmxanlı kateqoriyasında olan Ağsaçlıların, Ağsaqqalların Doğum Günləri ayrı-ayrı hücrələrdə deyil, birbaşa dövlət səviyyəsində və ən böyük auditoriyalarda qutlanmalıdır! Və günün birində heç şübhədiz qutlanacaq da!
Bunu heç Rüstəmxanlının xətrinə deyil, yaxşı nümunə, yaxşı ənənə xətrinə etmək Dövlət Babanın borcudur. Sabah dövrani-fələk bir inqilab göstərəndə qoy bu ənənə yaşasın - dövlətimiz, millətimiz naminə!..
Onsuz da zatən Rüstəmxanlının buna ehtiyacı olmasa da, ancaq həmrəyliyimiz naminə buna ehtiyac duyulur. Rüstəmxanlı və bu kateqoriyada olan insanlar tarixi yaradıblar, bunun yazılması, gələcək nəslə ötürülməsisə bizim borcumuzdur. Onları yaşadan bu tarix olacaq, hansısa münasibətlər toplusu yox!...
Bütöv Azərbaycana Gedən Yolda Sabir Rüstəmxanlı çırağıyla yürüməyi, Türkün Yol Xəritəsində bütün qaranlıqları Sabir Rüstəmxanlı Nuruyla çözməyi Uca Tanrı Özü millətimizə, dövlətimizə nəsib etsin!
Uca Tanrıdan Sabir bəyə can sağlığı arzulayıram!