TOPONİMİN POLEMİK TƏHLİLİ
Zaman-zaman Azərbaycan toponimiyasında bəzi yer adları yazılı mənbələrdə fonetik və semantik transformasiyaya uğramış, nəticədə onların mənşəyi ilə bağlı ziddiyyətli izahlar meydana çıxmışdır.
Etnonim modelinə nəzər yetirsək, görərik ki, Azərbaycan toponimiyasında “Kürd + şəxs adı” tipli adlara rast gəlmək olur (Kürdhacı, Kürd Eldarbəyli, Kürdalı). Lakin bu toponimlərin quruluşu dilimizin qrammatik qaydalarına uyğun deyil. Buna baxmayaraq, tarixi-demoqrafik ehtimalı əsas götürərək, bu kəndlərin bünövrəsinin kürd mənşəli şəxs tərəfindən qoyulması ehtimalı irəli sürülür. Halbuki həmin kəndlərdə nə əvvəllər, nə də sonralar kürdlər yaşamamışdır. Bu toponimlərdən biri – indiki Laçın rayonunun ərazisində yerləşən Kürdhacı kəndinin adı ətrafında formalaşmış “Kürdhacı” və “Qurdqacı” [Qurdqajı] formaları ilə bağlı mübahisələri həm dilçilik, həm də etnoqrafik kontekstdə polemik müstəvidə araşdırmağa çalışmışam.
Qeyd edim ki, Qiyasəddin Qeybullayevə görə, toponimlərin etnik mənşə ilə izahı elmi baxımdan ehtiyatla aparılmalıdır. Lakin Q. Qeybullayev özü bu xəbərdarlığa əməl etməmiş, Kürdhacı toponiminin izahında və burada yaşayan tayfanın milli kimliyini dəqiq araşdırmadan yanlış məlumatlar təqdim etmişdir.
Xüsusilə inzibati sənədlərdə fonetik adaptasiya nəticəsində yaranmış formalar çox zaman gözlənilməyən etimoloji yanlışlıqlara səbəb olur. “Kürdhacı” ↔ “Qurdqacı” mübahisəsi də məhz bu kontekstdə meydana çıxmışdır. Bu günkü Kürdhacı kəndi ilə heç bir əlaqəsi olmayan, əsasən xaricdə yaşayan kürd mənşəli bir qrup şəxs toponimi “Kürd” etnonimi + “Hacı” titulu (və ya antroponim) kimi izah etməyə çalışır. Halbuki Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinə aid müfəssəl dəftərlərində və rus inzibati sənədlərindəki qeydlər bu yanaşmanı dəstəkləmir. Əksinə, sözün fonetik xüsusiyyətləri, dialektoloji materiallar və qədim türk leksikası bu izahın elmi baxımdan əsasız olduğunu ortaya qoyur.
Bu səbəbdən əvvəlcə “Kürdhacı” sözünün izahında istifadə olunan arqumentlərə nəzər salmaq məqsədəuyğundur. “Kürdhacı” izahı əsasən aşağıdakı zəif və qeyri-elmi arqumentlərə əsaslanır.
Tarixi mənbələrin təhlili göstərir ki, 1593-cü il tarixli Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinə aid müfəssəl dəftərdə Qurdqacı/Kürdhacı adına rast gəlinməməsi ciddi suallar doğurur və tarixi boşluq yaradır. 1727-ci ilə qədər belə bir kəndin tamamilə qeydiyyatsız qalması inandırıcı görünmür. Ya kənd (məzrə) o qədər kiçik olmuşdur ki, digər yaşayış məntəqələrinin tərkibində qeydə alınmışdır, ya da ümumiyyətlə mövcud olmamışdır. 1727-ci il müfəssəl dəftərində isə indiki Kürdhacı kəndi Qurd Qacı (قورد قاجی) formasına yaxın yazılışla qeyd edilmişdir. 1823-cü il Rusiya inzibati təsvirində Курд-Гаджи, 1832-ci il kameral siyahılarda isə Курдгаджи / Курдгачи formaları göstərilmişdir.
Fonetik təhlil zamanı daha ciddi uyğunsuzluq üzə çıxır. Rus mənbələrində qeydə alınmış Курд-Гаджи / Курдгаджи / Кюрдгаджи / Курдгачи formaları təhlil edilərkən məlum olur ki, “Hacı” antroponimi rus dilində “Хаджи” kimi verilməli idi. Bu fakt göstərir ki, -гаджи / -гачи komponenti “Hacı” deyil, “qacı” leksik vahididir. Rus dilində /q/ səsinin olmaması və Şərq mənşəli sözlərdə bu səsin /k/ ilə əvəz olunması məlum fonetik qanunauyğunluqdur. Beləliklə, “Курдгаджи” və ya “Кюрдгаджи” formaları fonetik və transliterasiya baxımından “Qurdqacı” oxunuşunu “Kürdhacı”dan daha real edir.
Semantik baxımdan da “Kürdhacı” izahı süni görünür. Toponimiyada “etnonim + şəxs adı” modeli adətən konkret tarixi şəxsiyyətə bağlanır. Lakin “Kürdhacı” toponimi üçün belə bir şəxsə dair nə şifahi, nə də yazılı mənbələrdə məlumat mövcuddur. Əgər toponimi “etnonim + titul” kimi izah etməyə çalışsaq, bu zaman da dilin qrammatik normaları pozulur. Çünki Azərbaycan dilində həccə gedən şəxsin titulu adətən adın əvvəlində işlədilir.
İndi isə “Qurdqacı” [Qurdqajı] sözünün izahına nəzər salaq. Aparılmış araşdırmalar göstərir ki, bu forma qədim türk mənşəli toponim kimi daha əsaslıdır.
Morfoloji baxımdan söz Qurd + qac + -ı modelinə uyğun gəlir. Professor, akademik Telman Əliyevin qeyd etdiyi kimi, bu struktur türk toponimlərinə xas olan “zooloji ad + relyef termini” modelinə tam uyğundur. Burada -ı şəkilçisi mənsubiyyət bildirir.
“Qurdqacı” mürəkkəb söz olub üç hissədən ibarətdir. “Qurd” komponenti qədim türk dillərində yalnız zooloji məna daşımır, həm də igid, ər, bahadır, nəsil rəmzi mənalarında işlənmişdir. Türk mifologiyasında qurd yolgöstərən, qoruyucu və nəsil yaradan sakral varlıq kimi qəbul edilir (Aşina və Bozqurd mifləri). Bu semantika Orxon–Yenisey abidələrində və sonrakı epik ənənədə aydın şəkildə müşahidə olunur.
Dialektoloji baxımdan “qac” komponenti Azərbaycan dialektlərində dərə, çala, çuxur, sığınacaq məkan mənalarında işlənir və əsasən Qarabağ, Laçın–Kəlbəcər və Zəngəzur bölgələrində geniş yayılmışdır. Qac komponentinin toponimlərdə relyef bildirən termin kimi çıxış etməsi tamamilə təbiidir. Qeyd etmək lazımdır ki, bu söz qədim türk leksikasına məxsusdur və bir sıra toponimlərin tərkibində mövcuddur. Filologiya üzrə elmlər doktoru İlhami Cəfərovun fikrincə, hətta “Gəncə” sözünün özü də “qac” kökü ilə bağlıdır.
Mübahisənin digər tərəfi isə kənd əhalisinin etnik mənsubiyyəti ilə bağlıdır. Burada iki mövqe mövcuddur:
a) Kəndin əhalisi əvvəldən türk olmuş, “kürd” komponenti sonradan əlavə edilmiş təhrifdir.
b) Kəndin əhalisi əvvəlcə kürd olmuş, sonradan türkləşmişdir.
Lev Qumilyova görə: “Əgər etnos dəyişmişdirsə, bu, ad sistemində və kollektiv yaddaşda mütləq iz buraxır.” Bu yanaşmadan çıxış etsək, assimilyasiya olunmuş əhali arasında kürd mənşəli nəsil adlarına, kürdcə ləqəblərə və dil izlərinə rast gəlinməli idi. Halbuki kənd əhalisinin danışığında nə kürd dilinə məxsus fonetik xüsusiyyətlər, nə də leksik izlər mövcuddur.
“Azərbaycan dilinin dialektoloji atlası” kitabının girişində qeyd olunur:
“Assimilyasiya olunmuş əhali dilində substrat elementləri uzun müddət qalır.” Lakin Kürdhacı kəndi əhalisinin danışığında belə substrat elementlərə rast gəlinmir.
Fonetik transformasiya baxımından “Qurdqacı” → “Kürdhacı” keçidi əsasən Osmanlı və xüsusilə rus yazı ənənəsinin təsiri ilə formalaşmışdır: Q → К, D → Т, Г → H, C → ДЖ və s. dəyişmələri nəticəsində toponim süni şəkildə “Kürd” və “Hacı” komponentlərinə parçalanmışdır. Bu cür hallar toponimik materiallarda geniş yayılmışdır.
XIX əsrin sonu – XX əsrin əvvəllərindən etibarən “Qurdqacı” adının mənbələrdə “Kürdhacı” kimi formalaşması sürətlənmiş və bəzi mənbələrdə kənd əhalisinin kürd mənşəli olması iddiaları ortaya çıxmışdır. Lakin tarixi sənədlərin təhlili bu iddiaların əsassız olduğunu göstərir.
Yerli əhali və ətraf kənd sakinlərinin şifahi məlumatları da təsdiq edir ki, “Kürdhacı” sonrakı yazı təhrifinin nəticəsidir və ilkin forma “Qurdqacı” olmuşdur. Toponimin təhrifə uğraması XX əsrin əvvəllərində, sovet hakimiyyətinin ilk illərində baş vermişdir. Həmin dövrdə türk kimliyinin zəiflədilməsi, bölgədə süni kürdləşmə siyasətinin aparılması və savadlı şəxslərin repressiyaya məruz qalması bu prosesə təsir göstərmişdir.
Beləliklə, aparılmış polemik təhlil göstərir ki, “Kürdhacı” forması fonetik və semantik baxımdan qeyri-sabit və süni xarakter daşıyır. “Qurdqacı” isə qədim türk leksikasına söykənir, dialektoloji və toponimik paralellərlə təsdiqlənir və tarixi-fonetik proseslərlə izah olunur.
Nəticə olaraq demək olar ki, “Kürdhacı” forması ilkin olaraq katiblərin tələffüzü düzgün qavramaması və ya məqsədli təhrif nəticəsində meydana çıxmışdır. Elmi baxımdan əsaslı və tarixi reallığa uyğun forma isə “Qurdqacı” toponimidir və bu ad “igidlərin yaşadığı məkan (dərə)” mənasını ifadə edir.
Bütün bunlar sadə fikir deyil, morfoloji, fonetik, paleoqrafik, mənbə və digər müqayisələrin nəticəsidir.
Sultan Hümbətov
tədqiqatçı jurnalist



















