İGİD TEYMURLU
GÜNEY AZƏRBAYCAN VƏ TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ QARŞISINDA DURAN VƏZİFƏ
Güney Azərbaycanda baş verən proseslər təkcə İranın daxili məsələsi deyil – bu, Türk dünyasının gələcəyini müəyyən edə biləcək yeni geosiyasi xəritənin konturlarıdır.
Bəzən bir millətin qarşılaşdığı ən böyük təhlükə tanklar, toplar və raketlər olmur. Ən böyük təhlükə diqqətin yayındırılması, düşüncənin dumanlandırılmasıdır. Çünki millət real təhlükəni görmədiyi anda tarix səssizcə onun taleyi üzərində qərarlar verir.
Biz türkıər bu gün də məhz belə bir mərhələdən keçirik.
İctimai gündəmin böyük hissəsi xırda informasiya qalmaqalları ilə doldurulur: hansısa verilişin bağlanması, hansısa müğənniyə qoyulan qadağa, sosial mediada süni şəkildə şişirdilən mövzular... Cəmiyyətin diqqəti bu xırda dalğaların içində itib gedərkən, regionda daha böyük və daha dərin proseslər baş verir. Sanki kimsə qəsdən baxışları yayındırır ki, əsas məsələ görünməsin.
Halbuki bu gün Güney Azərbaycanda baş verən proseslər artıq təkcə bir dövlətin daxili məsələsi kimi izah edilə bilməz.
Tarixi Azərbaycan torpaqları üzərində müxtəlif geosiyasi layihələrin kölgəsi dolaşır. Böyük güclərin regionu yenidən xəritələşdirmək niyyətləri isə artıq gizli deyil. Müxtəlif etnik faktorlar üzərindən yeni siyasi qurumların yaradılması barədə ssenarilər açıq müzakirə mövzusuna çevrilib.
Belə planlar isə həmin ərazilərdə yaşayan yerli xalqların, xüsusilə də milyonlarla türkün gələcək taleyi ilə bağlı ciddi suallar doğurur.
Tarix göstərir ki, geosiyasi layihələr kağız üzərində qurulanda çox vaxt orada yaşayan insanların taleyi nəzərə alınmır. Amma proseslər real müstəviyə keçəndə ilk zərbə məhz mülki əhaliyə dəyir. Əgər bu gün Güney Azərbaycan ərazisində quru əməliyyatları başlayarsa, bunun ən ağır nəticəsini də orada yaşayan yerli türk əhalisi çəkəcək. Amerika və İsrailin birbaşa dəstəyilə ərazidə farsların və kürdlərin əliylə türklərin soyqırımı həyata keçiriləcək. Bu isə artıq təkcə regional deyil, həm də milli məsuliyyət məsələsidir.
Bütün bunların fonunda diqqəti çəkən başqa bir mənzərə var – ölkə daxilində hökm sürən sükut.
İstər siyasi mühitdə, istər intellektual çevrələrdə, istər akademik dairələrdə hökm sürən ağır sükut. Halbuki tarix boyu millətlərin taleyini müəyyən edən məqamlarda ilk danışanlar məhz ziyalılar olub. Onlar cəmiyyətin vicdanı sayılıb, hadisələrə mənəvi ölçü veriblər.
Bu gün isə cəmiyyət haqlı olaraq soruşur: hanı bu sözün sahibləri? Hanı bu məmləkətin "akademikləri, professorları, şairləri, yazıçıları"? Bəs bunları susduran kim və nədir?!
Çox təəssüf ki, Azərbaycan ictimai mühitində diqqət daha çox gündəlik informasiya qalmaqallarına yönəlir. Halbuki regionda daha böyük strateji proseslər baş verir. Türk dünyasının geosiyasi xəritəsi yenidən qurulmağa çalışılır. Bu proseslərə münasibət bildirmək isə təkcə siyasətçilərin deyil, düşüncə adamlarının da borcudur.
Məsələnin başqa bir tərəfi də var.
Son illərdə türkçülük ideyasının üzərində qəribə bir informasiya dumanı yaradılıb. Bu ideya ya ifrat romantika kimi təqdim olunur, ya da təhlükəli siyasi ideologiya kimi qələmə verilir. Halbuki türkçülük mahiyyət etibarilə bir millətin öz tarixi kimliyini, dilini və mədəniyyətini qorumaq hüququndan başqa bir şey deyil.
Tarixə baxdıqda görürük ki, böyük güclər regionlara təsir etmək üçün tez-tez dini və ideoloji faktorları vasitəyə çeviriblər. Yaxın Şərqdə və ətraf bölgələrdə baş verən hadisələr də çox vaxt müxtəlif sivilizasiya layihələrinin toqquşması kimi təqdim olunur. Enerji marşrutları, təhlükəsizlik strategiyaları və geosiyasi maraqlar bu regionu daim böyük güclərin diqqət mərkəzində saxlayır.
Bu mənzərədə İranın mövcud teokratik rejimi də ayrıca faktor kimi çıxış edir. Onun daxili siyasəti, etnik məsələlərə yanaşması və regional gərginliklər bəzən xarici müdaxilələr üçün arqumentə çevrilir və indiki oyunlar da elə molla rejiminin yanlış idarəetməsinin sonucudur. Beləliklə, regionda yaranan hər bir böhran yeni layihələrin və yeni planların qapısını açır. Amerika və İsrailin bölgəyə gəlişində katalizator rolu oynayan teokratik rejimin yanlışları oldu.
Məhz buna görə də Güney Azərbaycan məsələsi təkcə siyasi problem deyil. Bu, həm də böyük bir sivilizasiya məkanının taleyi ilə bağlı məsələdir.
Bu gün artıq Türk Dövlətləri Təşkilatı təkcə mədəni platforma kimi deyil, həm də geosiyasi əməkdaşlıq mexanizmi kimi qəbul olunur. Türk xalqlarının təhlükəsizliyi, siyasi sabitliyi və tarixi irsinin qorunması bu əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilir. Çünki XXI əsrdə dövlətlər yalnız öz sərhədləri daxilində deyil, həm də ortaq sivilizasiya məkanları çərçivəsində düşünmək məcburiyyətində qalırlar.
Güney Azərbaycanda yaşayan milyonlarla türk isə təkcə demoqrafik fakt deyil. İran adlanan bugünkü dövlət min ildən artıq bir müddətdə məhz türklərin qurub yaratdıqları və hakimiyyətdə olduqları hüquqi subyektdir. Onlar böyük bir tarixi və mədəni məkanın canlı davamıdır. Onların hüquqları, təhlükəsizliyi və gələcəyi barədə düşünmək təkcə siyasi məsələ deyil, həm də mənəvi məsuliyyətdir.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, bəzən millətlər real təhlükəni görə bilmir. Çünki onların gözləri qarşısında duman yaradılır. Bu duman informasiya dumanıdır, siyasi manipulyasiya dumanıdır, gündəlik qalmaqalların yaratdığı səs-küy dumanıdır.
Amma tarix bir həqiqəti dəfələrlə sübut edib: duman gec-tez çəkilir.
O zaman isə xalqlar qarşılarında qurulan xəritəni bütün aydınlığı ilə görürlər. Əsas məsələ budur ki, həmin an gələndə artıq gec olmasın. Türk dünyasının qarşısında duran ən böyük vəzifə də elə budur – dumanı vaxtında dağıtmaq və dumanın arxasında qurulan xəritəni görmək



















