İGİD TEYMURLU
BU XALQ İLLƏRDİR ÖZ ÖMRÜNÜ, BALASINI, ÜMİDİNİ QURBAN VERİR...
“Biz hamımız bu Vətənin qurbanlarıyıq...” Amma bizi bu hala salan Vətən deyil...
Vətən — şəhid qanıyla islanan torpaqdır… Şəhid Anasının gözünün "yol çəkdiyi" qapıdır… donmuş əsgərin səngərdə “Vətən sağ olsun” deyə pıçıldadığı son nəfəsdir…
İnsanı içindən öldürən isə — o müqəddəs adın arxasında gizlənib bu xalqa illərlə ağrı yaşadanlardır.
Qurban bayramı gələndə insanlar bıçaq itiləyib qurbanlıq axtarır… Amma bir dönüb bu millətin taleyinə baxan varmı?
Bu xalq onsuz da illərdir qurban verilir…
Bir ana oğlunu verib. Bir qazi ayağını. Bir ata evini. Bir köçkün bütün ömrünü. Bir uşaq uşaqlığını…
Bu torpaqda bəzən qoyundan çox insan doğranıb taleyin qabağında…
Bir tərəfdə oğlunun şəklini qucaqlayıb səhərə qədər ağlayan ana, o biri tərəfdə şəhid adıyla özünə karyera quran adam…
Bir tərəfdə səngərdə qan qoyan igid, o biri tərəfdə onun haqqını yeyib harınlayan vicdansız…
Bir tərəfdə “Vətən” deyib torpağa girənlər, o biri tərəfdə “Vətən” deyib cib dolduranlar…
Budur insanın canını yandıran.
Yoxsa bu xalq qurban verməyi bilmirmi?
Bu məmləkətin hər evində bir ağrı var...
Bu məmləkətin hər ocağında yarımçıq qalan bir nəfəs var.
Bu məmləkətdə elə evlər var ki, qapısı açılan kimi adamın üstünə şəhid qoxusu gəlir…
Bu məmləkətdə elə evlər var ki, qapısı açılan kimi Dövlət Babanın sahib çıxmağa tələsmədiyi bir Vətən sevdalısının, sağlamlığı məhdud ciyərparasının dərdi ilə təkbətək qaldığını görərsən…
O evlərin divarından susqun ah-nalə axır, havasından unudulmuş talelərin ağırlığı keçir…
Qapı açılan kimi adamın üzünə kimsəsizliyin, yarımçıq ümidlərin və səssiz fəryadın soyuq nəfəsi dəyir…
Sonra da eyni adamlar çıxıb bizə qurbanlıqdan danışırlar…
Bəzən adamın boğazında düyün olur: Bu qədər anaların göz yaşı tökülmüşkən, bu qədər tabut daşınmışkən, bizə doğrudanmı yenə bıçaq götürüb qurban kəsmək düşür?
Bəlkə artıq kəsilməli olan başqa şeylərdir — xalqın taleyi üstündə qurulan saxta şöhrətlər… riyakar patriotizm… vicdansızlıq… harınlıq… insan ağrısından qazanc çıxaran simasızlıq…
Çünki Tanrı bəlkə də bu xalqdan daha çox qan yox, bir az vicdan istəyir… bir az mərhəmət… bir az insanlıq…
Biz onsuz da bu Vətənin qurbanları olmuşuq…
İndi isə növbə, bu xalqı illərlə içindən yaralayanların vicdanınadır…


















