Gürcüstanda İran: İslam inqilabı, işğalçılıq və ya ikinci Qəzza ssenariləri

Aktual / Siyasət / Manset / Yazarlar 26-noy, 08:259 tv713 6 0



MÜBARİZ ƏHMƏDOĞLU
politoloq





İranın Gürcüstan azərbaycanlıları arasında təsirinin tarixi maksimumda olması artıq müxtəlif geosiyasi mərkəzlərdə reaksiyalar yaradıb. Bu reaksiyaların heç biri azərbaycanlıların, Azərbaycan xalqının xeyrinə deyil. İranın Azərbaycan Respublikasına, dövlətçiliyinə, xalqına, Prezident İlham Əliyevə münasibəti bəllidir. İ. Əliyevə münasibətin kökündə onun həm də Ulu Öndər Heydər Əliyevin oğlu olması dayanır. İrandan baxdıqda ABŞ-a SSRİ, Azərbaycan SSR və Heydər Əliyev kimi görünürdü. İngilislər 1925-ci ildə azərbaycanlı Qacarlar sülaləsini İranda devirib, Pəhləvi sülaləsini gətirdilər və sonradan bu, onların tələblərini ödəyə bilmədi. SSRİ-nin İranla və ya İranın SSRİ ilə əlaqəsini dayandıra bilmədi. SSRİ getdikcə İranla əlaqələri daha da gücləndirirdi. İran da bu əlaqələrə meylli idi. Çünki ABŞ İrana lazım olanı verə bilmirdi. Neftini tam özününküləşdirmişdi, əhalidə isə inkişaf yox idi. Hətta 70-ci illərin ortalarına qədər Ərdəbil kimi vilayətdə neft lampası işlənilirdi, elektrik yox idi. Ona görə İran SSRİ ilə əlaqə saxlamağa məcbur idi, həm də torpaq islahatını SSRİ sayağı apardı. ABŞ şahı devirdi və S.R.Xomeynini hakimiyyətə gətirdi. Nəcəfdən Parisə gətirdi, üç ay mətbuatda populyarlaşdırdı və sonra Tehrana gətirdi. O dövrdən şiəlikdə ayrı cərəyan kimi Xomeyniçiliyin mövcud olduğunu iddia etmək olar.

Xomeyniçiliyin əsas mahiyyəti şiəliyin möhür tezisini neytrallaşdırmaq idi. Söhbət kəlmeyi-şəhadətin “Əliyyən vəliyyullah” (üçüncü) kəlməsindən gedir. Xomeyni onu məcburilikdən çıxartdı, müstəhəb etdi: desən, deməsən də olar, deməsən günah deyil, desən savabdır. Azərbaycan SSR-yə və İranda şiəliyin sahibi olan azərbaycanlılara qarşı mübarizə üçün bu vacib idi.

Sonra isə əhalinin davranışını, yəni hicabın və saqqalın quruluşunu müəyyən etdi. İranın təbəəsi kənardan tanınmalıdır, çünki Xomeyninin qarşısında duran əsas məqsədlərdən biri də İslam inqilabçılığı idi. Daha doğrusu, SSRİ-nin daxilində, xüsusilə Azərbaycanda İslam inqilabı məsələsi idi. Xomeyni sonradan ABŞ-la yola getmədi, ABŞ Xomeyni ilə kəskin mübarizə vəziyyətində oldu və o mübarizə indiyə qədər də davam edir.

Bu qısa izahdan sonra İranın Gürcüstanda gördüyü və görə biləcəyi işləri araşdırmaq fikrindəyik, əsas məqsədimiz də məhz budur.

İran-Gürcüstan münasibətləri uzun müddət gözə görünməyən, laqeyd münasibətlər sistemi olub. ABŞ-la Gürcüstanın münasibətində problem yaranan kimi Gürcüstanın hökuməti İrana meyilləndi. Məhz bunu ABŞ-a acıq vermək məqsədilə etdi. İran Gürcüstanın belə vəziyyətindən sui-istifadə etdi. İsraillə İran arasındakı gərginlikdə Gürcüstandan məhz İranın mövqeyini tutmağı tələb kimi ortaya qoydu. Arqumentasiyası 2008-ci il avqust hadisələrində Ermənistan vasitəsilə Gürcüstana qaz verməsini və verdiyi qazın pulunun ödənilməməsini göstərdi. Əlbəttə, o dövrdə epizodik bir hadisə oldu. Görünür, Gürcüstan hökumətində olan adamların həm də guya Azərbaycandan uzaqlaşmaq ehtirasını və bu səbəbdən bəlkə İrandan qaz almağın Azərbaycandan qaz almaqdan daha sərfəli olduğu düşüncəsini əsas götürüblər. Təbii ki, əlavə də bir-iki şey almışdı. Bunları indi yada salan İran Gürcüstanda mövqeyini xeyli möhkəmləndirdi və bundan əvvəl də artıq Gürcüstan hökuməti İran istiqamətində mövqeyini xeyli aktivləşdirmişdi. Həm prezident İ.Rəisinin inauqurasiyasında, həm də dəfn mərasimlərində Gürcüstanın Baş naziri, daha sonra S.Ə.Xameneinin dəfn mərasimində də Gürcüstanın prezidenti iştirak etdi.

ABŞ-a acıq verməklə yanaşı, Gürcüstanda Azərbaycan qazını, Azərbaycanı İranın vasitəsilə sıxışdırmaq kimi başa düşülən proses meydana çıxdı. İran bundan dərhal istifadə etdi. Səfir S.Ə.Mocani gürcülərin İrana meyillənməsinin 410 illiyi adlı tədbir keçirdi. Tədbir geniş əhatəli oldu və böyük rezonans yaratdı. Bu, Fereydan gürcülərinin tarixi idi. Əslində Gürcüstanın real tarixi isə həmin 410 illik Şah Abbasın və sonra da Qacarlar sülaləsinin Gürcüstanı işğal etməsi və gürcülərə zülm etməsi kimi xarakterizə olunur. Gürcüstanın Rusiya ilə o zaman “Georgi traktı”nı imzalamasının əsas səbəblərindən biri də məhz Qacarların Gürcüstanı işğal etməsi idi.

Gürcüstan rəhbərliyi İranı öz üzərinə həvəsləndirdi. Nəticədə İran Gürcüstanla bağlı hərtərəfli davranış manerasını qurdu. Bəlkə də konsepsiya da adlandırmaq olar:

- İran osetinləri həmişə irandilli skiflər hesab edib, son illərdə isə osetinlər arasında İranın gördüyü işlər xeyli artdı. Bu mövzuda azərbaycanlı və erməni mütəxəssislər də iştirak etdi. Cənubi Osetiya Rusiya üçün idarəolunmaz hala düşdü. Rusiya Cənubi Osetiyada rəhbərliyi dəyişməli oldu.

- İranın Abxaziyada da müəyyən qədər gördüyü işlər var. Hətta bunu çox uğurla Türkiyənin siyasəti kimi təqdim edə və Rusiyanı Türkiyədən narazı sala bilir.

- İranın ən böyük siyasəti Gürcüstandakı azərbaycanlılar üzərində qurulmuşdu. İran Borçalıya, azərbaycanlıların yaşadığı regionlara gəldi və dini təhsil sistemini qurdu. Bunu Gürcüstan hökuməti başa düşdü və Türkiyə ilə əlaqəyə girərək İranın Borçalıdakı təsirini yığışdırdı. Sonradan Gürcüstan yenidən Azərbaycandan qorxmağa başladı və Azərbaycanın Borçalıda gördüyü işləri dayandırdı. Qafqaz Müsəlmanları İdarəsinin Borçalıdakı işlərini sıfıra endirdi, əlaqəni tamamilə kəsdi. Rəsmi Bakı Gürcüstanla əlaqələri vacib, dini sahəni də ikinci-üçüncü dərəcəli hesab etdiyinə görə ciddi məşğul olmadı. İran ikinci axında Borçalıya gəldi. Bu dəfə artıq Türkiyə, Gürcüstan və ya Azərbaycan İranı oradan çıxara bilmədilər. Əsas qılaf dini təhsildir. İranın Qum şəhərində yerləşən əl-Mustafa Universitetinin Borçalı filialını yaratdı. Əsas işlər də hazırda o adla görülür.

İranın Gürcüstanın Borçalı regionunda möhkəmlənməsi Gürcüstanın daxilində müəyyən müddətdən sonra reaksiya yaratdı, Gürcüstan müxalifəti narazılıq bildirdi. Xüsusilə keçmiş müdafiə naziri Tina Xidaşeli mətbuat konfransı keçirdi, vəziyyətin İranın Gürcüstanın bir hissəsini işğal etmək səviyyəsinə çatdığını bildirdi və bunu Gürcüstan üçün böyük təhlükə adlandırdı. İranla sıx əlaqədə olan Gürcüstan hökuməti T.Xidaşeliyə qarşı çıxdı, hətta T.Xidaşelinin ideyasını dəstəkləyənlər barədə cinayət işi açıldı. Bu zaman artıq ABŞ Konqresi İranın əl-Mustafa Universitetinin Gürcüstanda möhkəmlənməsini Gürcüstanın Qərbə inteqrasiyasına maneçilik kimi təqdim etdi. Əsas versiyalardan biri Gürcüstanın Qərb yolundan dönməsini müəyyən qədər dramatik təqdim etdi. Konqresmen C.Vilson bu fikrindən geri çəkilmədi. İki, bəlkə də üç dəfə Konqresdə bu mövzu müzakirə olundu. Konqresdə müzakirə olunanların əsasən sonu Dövlət Departamentində və ya Ağ Evdə bitir. Yəqin ki, M.Rubionun da İranın şiəçilikdən qəribə istifadəsi barədə bildirdikləri Gürcüstan mənşəlidir, Konqresin Gürcüstan üzrə hazırladığı sənədlərdən istifadə etdi.

Avropa İttifaqı məsələyə reaksiya verdi.

Nəhayət, Rusiya da başladı. Rusiya indi erməni və gürcü xristianlığını birləşdirməklə Cənubi Qafqazda xristianlığın arealını genişləndirmək kursu götürüb, hələ ki, bu, ekspertlər səviyyəsindədir. Rusiyanın siyasəti bəllidir, bu gün ekspertlər hökumətdən göstəriş almadan o ideyaya girişə bilməzdilər.

- İran üçün Gürcüstan istiqamətində ən vacib məsələ Gürcüstana birbaşa yolun olmasıdır. Bunun üçün Ermənistan çox vacibdir. Hətta İranın Fars Dili Akademiyasının rəhbəri, parlamentin spikeri, ali rəhbər S.Ə.Xameneinin qudası Həddad Adil Türkiyə və Azərbaycandan kənar keçən Ermənistan vasitəsilə yolu həyati əhəmiyyətli adlandırdı. Ermənistan vasitəsilə Gürcüstana gedən kommunikasiya ilk olaraq Azərbaycan və osetin mövzusuna əl qatmaq üçündür, sonra imkan olsa, Qərbə də logistika vasitəsi kimi istifadə oluna bilər.

- İranın Ermənistana etdiyi güzəştlər, xüsusilə Azərbaycan məscidini “İran-Ermənistan birgə mədəni irsi” kimi təqdim etməsi, erməni şairi Yeqişe Çarentsin adına zalın açılması təsadüfi deyil, Azərbaycanı cəzalandırmaq üçün olan vasitələrdən biridir. Azərbaycan Qarabağda erməni dini abidələrini guya dağıdır, əvəzində isə İran Ermənistana dəstək verir. Bu böyük mövzudur. Real kommunikasiya uğrunda mübarizə aparması isə bu dəqiqə bəlli olan fikirdir və bizim bugünkü yazımız üçün bu kontekst kifayət edir.

İran Gürcüstana gəlib çatması üçün hər şeyi edəcək. Məqsədi Gürcüstanda İslam inqilabı etmək, lazım olarsa, qanlı yol ssenarisini də seçə bilər. Qəzzada etdiklərini İran Gürcüstanda təkrarlaya bilər. Sonda isə artıq Gürcüstan ərazisi vasitəsilə Krasnodarın Qızlar kəndinə qədər o əraziləri öz nəzarəti altına salmağa başlayacaq. Çünki İranın nəzəriyyəsinə görə, həmin ərazilər İrana aiddir. 200 il bundan əvvəl İran zəif və daxili çəkişmədə olduğu üçün Çar Rusiyası bu əraziləri işğal edib. İndi İran həmin əraziləri qaytarmalıdır. Hazırda İranın ssenarisindən geri çəkiləcəyini diktə edən heç bir əlamət görünmür.

Yaranmış vəziyyətdə Azərbaycan və Gürcüstan birlikdə hərəkət etməlidirlər. Çünki İranın Ermənistanda möhkəmlənməsi təkcə İrandan gəlib kimlərinsə Ermənistanda araq içməsi, sərxoşluq etməsi və ya İranın Ermənistandakı səfirliyini, eləcə də Göy məscidi sərxoşluq obyektinə çevirməsi kimi qəbul edilməməlidir. İranın mövqeyi ciddi qəbul edilməlidir.

Bu gün Gürcüstanın XİN naziri M.Boçorişvilinin Azərbaycana qəfil gəlişindən istifadə etmək lazımdır. Ehtimal ki, bu, Kumxuri kilsəsinə (Kurmux - Kurmuk) gürcülərin buraxılmaması ilə əlaqədardır. Gürcüstan hökuməti indi öz daxilində dindarlardan ciddi surətdə çəkinir. Kazino açmaqla Gürcü Pravoslav Kilsəsinin qəzəbinə tuş gəldi. Dərhal surroqat analığı dayandırdı və bununla da Gürcü Pravoslav Kilsəsinin xoşuna gəlmək istədi. Görünür, Kumxuri (Kurmux - Kurmuk) kilsəsində vəziyyət gərginləşməmiş Gürcüstan hökuməti Azərbaycanın üstünə xahişlə gəlir. Əlbəttə, yaranmış vəziyyətdə Azərbaycanın da M.Boçorişvilini dəvət etməsi çox mümkündür.

İlk ikitərəfli Azərbaycan-Gürcüstan birliyi İranın qarşısında müəyyən məsələləri qaldırmalıdır:

I. İran və Gürcüstan arasında bir-birinin daxili işlərinə qarışmamaqla bağlı müqavilənin imzalanmasıdır. Azərbaycan İranla belə müqavilə imzalayıb. İranın Azərbaycanın daxili işlərinə qarışmasının tam qarşısı alınmadı, amma çox köməyi oldu. Gürcüstan da İranla belə müqavilə imzalaya bilər.

II. Borçalıda dini vəziyyəti İranın adamları və İranın əl-Mustafa Universiteti deyil, məhz Qafqaz Müsəlmanları İdarəsinin Qərbi Azərbaycan Qaziliyi idarə etməlidir və Gürcüstan-Azərbaycanla razılaşma əsasında hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də nümayəndəsi həmin regionda fəaliyyətə başlaya bilər.

Azərbaycan bunun əvəzində Kumxuri (Kurmux - Kurmuk) kilsəsində rəsmi Gürcüstanın iştirakçı üçün nümayəndə təyin etməsinə bu və digər dərəcədə razılıq verə bilər.

III. Gürcüstan Borçalıdakı azərbaycanlılardan Fereydan gürcülərinin probleminin həlli üçün istifadə edə bilər. Əgər İran Gürcüstan azərbaycanlılarını xarici ölkələrə casusluq üçün göndərirsə, Gürcüstanı sevən, Borçalıda yaşayan azərbaycanlılar Fereydanda (İranda) yaşayıb, 410 il bundan əvvəl köçmüş gürcülərin Gürcüstana qayıtmasına kömək edə bilər. Bu məsələ aktualdır. Orada ən böyük problem sənədləşmə ilə bağlıdır. Gürcüstanda fars dilini və şiə ənənələrini bilən kifayət qədər etnik gürcü mütəxəssis yoxdur. Borçalıda olan azərbaycanlılar həm fars dilini, həm gürcü dilini, həm də, təbii ki, şiə ənənələrini bilir.

IV. İran Borçalıdakı azərbaycanlılardan Azərbaycana qarşı istifadə edir, bunun üçün Bakı Tiflis ilə birlikdə bu təhlükədən özünü sığortalama mexanizmi hazırlamalıdır.

V. Borçalı azərbaycanlılarının Bakıda indiki konsentrasiyası Borçalıda ziyalılığın indeksini aşağı salıb, intellektual səviyyədə də müəyyən problemlər görünür. Borçalıda vəziyyətin idarəçiliyinin tam sahibi İrana bağlı qüvvələrdir. Ziyalıların əksəriyyəti müqavimət göstərə bilmir. Bir qrupu İranın tələblərini bu və ya digər dərəcədə icra edir.

Bakıda fəaliyyət göstərən Gürcüstanla əlaqəli strukturlar, rəsmi Bakı Bakıda və digər yerlərdə yaşayan borçalıların bir qismini müvəqqəti və ya daimi olaraq Borçalıya qaytarmalıdır. Bu, ümummilli məsələ elan edilməlidir.

VI. Gürcüstanda İranın mövqeyində dayanan din xadimləri ənənəvi şiəliklə onların təbliğ etdiyi şiəlik arasındakı fərqi izah etməlidirlər. S.R.Xomeyninin şiəliyin kəlmeyi-şəhadətində üçüncü cümləni çıxartmasının izahını verməlidirlər. Bəzən həddindən artıq radikal hərəkətlər edirlər, tədbirlər kütləvi psixoz nümayiş etdirir, Qərbi, ABŞ-ı və Rusiyanı da qorxudan budur.

Gürcüstan iki məngənənin arasındadır. Bu, Borçalı azərbaycanlılarının deportasiyasına gətirə bilər. Ona görə dindarların vəziyyəti könüllü izah etmələrindən çox şey asılıdır. Dindarlar Borçalı əhalisi ilə baş verən bəzi qapalı məqamlara aydınlıq gətirməlidir. Məqsəd gələcəkdə daxili və yaxud xarici qüvvələrin o faktları aşkarlayıb borçalıların deportasiyası üçün istifadə edə bilməməsidir.

Xüsusilə İrana gedən qız-qadınlarla bağlı, İranın sözü ilə xaricə döyüşməyə gedən borçalılar barədə geniş məlumat verilməlidir.

İdeal variant indiki molla-axundların könüllü istefa verməsidir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr