İGİD TEYMURLU
EMİN ƏMRULLAYEVİN "İSLAHATÇI" OBRAZI VƏ SƏNƏDÇİLİK SİNDROMU
Emin Əmrullayevin «islahatçı» imicinin məktəblərdəki görünməyən tərəfi ondan ibarətdir ki, bu gün təhsilin bütün yükü rəhbər işçilərlə müqayisədə həddindən artıq çox cüzi əmək haqqı alan sıravi müəllimlərin çiynində, müəllimlərin vaxtı isə sənədlərin arasında...
Təhsil sistemində islahatın mahiyyəti nədir? Müəllimin pedaqoji imkanlarını genişləndirmək, onun işini asanlaşdırmaq, tədrisin keyfiyyətini yüksəltmək, şagirdin bilik və bacarıqlarının inkişafına daha çox şərait yaratmaq. Əgər aparılan dəyişikliklər müəllimi birbaşa öz peşəsinin əsas missiyasından uzaqlaşdırırsa, deməli, burada islahatın məqsədi ilə nəticəsi arasında ciddi ziddiyyət yaranıb.
Bu gün Azərbaycan məktəblərində müşahidə olunan mənzərəyə nəzər salanda belə bir sual yaranır: müəllim məktəbə dərs deməyə gəlir, yoxsa gününü hesabat, arayış, cədvəl və müxtəlif sənədləri hazırlamaqla başa vurmağa?
Təəssüf ki, müasir məktəbdə müəllimin pedaqoji fəaliyyətinə paralel olaraq inzibati sənədləşmə də az qala ayrıca peşəyə çevrilib. Müəllimdən yalnız dərs keçmək, şagirdin biliyini qiymətləndirmək və nəticə əldə etmək tələb olunmur. O, eyni zamanda gördüyü işin hər mərhələsini yazılı şəkildə təsdiqləməli, müxtəlif hesabatlarla təqdim etməli, statistik məlumatları toplamalı, cədvəlləri doldurmalı və tələb olunan məlumatları müxtəlif platformalara yerləşdirməlidir.
SİYAHIYA BAXAQ: illik və perspektiv iş planları, təqvim-tematik planlaşdırma, dərs icmalları, elektron jurnal, davamiyyət cədvəlləri, KSQ və BSQ materialları, qiymətləndirmə nəticələrinin təhlili, monitorinq hesabatları, zəif nəticə göstərən şagirdlərlə fərdi iş planları, istedadlı şagirdlərlə işin sənədləşdirilməsi, metodbirləşmə protokolları, açıq dərs və dərsdinləmə materialları, qarşılıqlı dərs müşahidələrinin qeydləri, özünüqiymətləndirmə sənədləri, valideyn iclaslarının protokolları, tərbiyəvi iş planları, tədbir hesabatları, müxtəlif sorğu və anketlər, sosial vəziyyətə dair məlumatlar, statistik cədvəllər...
Bunlar müəllimin gündəlik fəaliyyətinə əlavə olunan işlərin yalnız görünən hissəsidir. Hələ müxtəlif vaxtlarda məktəb rəhbərliyindən, təhsil idarələrindən və digər qurumlardan tələb edilən təcili məlumatları, təkrar hesabatları və operativ arayışları demirəm.
Ən ciddi problem isə sənədlərin mövcudluğu deyil, onların bir-birini təkrarlaması, eyni məlumatın müxtəlif formalarda dəfələrlə tələb olunması və müəllimin vaxtının bu prosesə sərf edilməsidir.
Təbii ki, müasir təhsil sistemində planlaşdırma, qiymətləndirmə, monitorinq və hesabatlılıq zəruridir. Heç bir normal təhsil sistemi nəzarətsiz və plansız fəaliyyət göstərə bilməz. Ancaq burada incə bir sərhəd var: sənədləşmə tədris prosesinin keyfiyyətinə xidmət etməlidir, tədris prosesi sənədləşmənin girovuna çevrilməməlidir.
Bu sərhəd pozulanda məktəbdə prioritetlər də dəyişir. Müəllimin dərsə necə hazırlaşmasından daha çox, tələb olunan sənədi vaxtında təqdim edib-etməməsi müzakirə predmetinə çevrilir. Şagirdin mövzunu nə dərəcədə mənimsəməsi ilə yanaşı, həmin nəticənin neçə cədvəldə və hansı formada əks etdirilməsi də ayrıca tələbə çevrilir.
Beləliklə, təhsilin mahiyyəti ilə onun inzibati təqdimatı arasında qəribə bir rəqabət yaranır. Müəllim bir tərəfdən şagirdin biliyinə cavabdeh tutulur, digər tərəfdən həmin biliyin formalaşmasına sərf etməli olduğu vaxtı hesabat hazırlamağa məcbur olur.
Burada daha bir paradoks var: təhsil sistemində rəqəmsallaşmadan danışılır, amma rəqəmsallaşma bəzən müəllimin yükünü azaltmaq əvəzinə, onun qarşısına yeni elektron hesabatlar, əlavə məlumat bazaları və paralel qeydiyyat tələbləri çıxarır. Kağız üzərində aparılan iş elektron formaya keçirilir, lakin təkrarçılıq aradan qaldırılmır. Nəticədə müəllim həm ənənəvi sənədləşməni, həm də elektron hesabatlılığı həyata keçirməli olur.
Bəs bu, rəqəmsal islahatdır, yoxsa köhnə bürokratiyanın yeni texnologiyalar vasitəsilə davam etdirilməsi?
Təhsilin keyfiyyətini müəllimin doldurduğu cədvəllərin sayı ilə ölçmək olmaz. Çünki sənədin mövcudluğu görülən işin keyfiyyətinə, hesabatın həcmi isə şagirdin bilik səviyyəsinə zəmanət vermir. Yaxşı hazırlanmış dərs icmalı zəif keçirilmiş dərsi keyfiyyətli edə bilmədiyi kimi, mükəmməl tərtib edilmiş hesabat da məktəbdə real təhsil mühitinin göstəricisi deyil.
Məsələnin başqa bir tərəfi də var. Müəllim məktəbdə yalnız dərs deyən texniki icraçı deyil. O, şagirdlə ünsiyyət qurmalı, onun psixoloji vəziyyətini müşahidə etməli, fərdi çətinliklərini müəyyənləşdirməli, valideynlərlə işləməli, əlavə izahat və məsləhətlər verməlidir. Bunların heç biri cədvəllə ölçülmür. Ən əsası isə bu fəaliyyətlər vaxt tələb edir. Müəllimin vaxtı əlindən alındıqda ilk növbədə məhz şagirdlə fərdi iş, yaradıcı yanaşma və dərsə keyfiyyətli hazırlıq zərər görür.
Emin Əmrullayevin təhsil naziri kimi formalaşdırdığı «islahatçı» obrazı da məhz bu reallıqlar fonunda qiymətləndirilməlidir. İslahatçılıq yalnız yeni terminlər, elektron platformalar, qiymətləndirmə modelləri və təqdimatlarla ölçülmür. İslahatın həqiqi nəticəsi məktəbdə, müəllimin gündəlik işində və şagirdin qazandığı bilikdə görünməlidir.
Əgər müəllim əvvəlkindən daha çox sənədləşmə ilə məşğuldursa, dərsə hazırlığa daha az vaxt ayırırsa, inzibati tələblər pedaqoji fəaliyyətin önünə keçirsə, onda bu islahatların müəllim üçün nəyi yaxşılaşdırdığı barədə ciddi suallar verməyin vaxtıdır.
Təhsil idarəçiliyinin əsas vəzifəsi müəllimin üzərinə daha çox öhdəlik qoymaq deyil, onun pedaqoji fəaliyyətinə mane olan süni bürokratik əngəlləri aradan qaldırmaqdır. Eyni məlumat müxtəlif formalarda təkrar tələb edilməməli, bir dəfə daxil edilən informasiya bütün aidiyyəti sistemlərdə istifadə olunmalı, müəllimdən yalnız pedaqoji baxımdan zəruri olan sənədlər tələb edilməlidir. Hesabatlılıq müəllimin əsas işinə çevrilməməlidir.
Hələ səsləndirilən fikitlərə istinad etsək mən bir çox məktəblərdə təmir-təsərrüfat xərclərinin də müəllimlərin şəxsi vəsaiti hesabına qarşılanması praktikasına toxunmuram. Bu, ayrıca bir mövzunun söhbətidir. Bütn bunlar təhsil sistemində məsuliyyət bölgüsünün nə qədər təhrif olunduğunu göstərən ayrıca və ciddi problemdir.
Məncə, Elm və Təhsil Nazirliyi ilk növbədə məktəblərdə müəllimlərin faktiki sənədləşmə yükünü araşdırmalı, hansı sənədlərin zəruri, hansılarının təkrar və formal xarakter daşıdığını müəyyənləşdirməlidir. Bu işi kabinetlərdə hazırlanmış arayışlarla deyil, müəllimlərin real iş şəraitini öyrənməklə həyata keçirmək lazımdır.
Çünki təhsilin keyfiyyətini yüksəltmək istəyən sistem müəllimin vaxtını qorumalıdır.
UNUTMAYAQ: müəllim hesabat yazmaq üçün deyil, insan yetişdirmək üçün var. Müəllimin qələmini şagirdin dəftərindən alıb inzibati cədvəllərə yönəldən idarəçilik nə qədər müasir görünməyə çalışsa da, mahiyyət etibarilə köhnə bürokratik təfəkkürün məhsuludur.
İslahatın adı yox, müəllimin həyatında yaratdığı dəyişiklik əsasdır. Məktəbdə müəllimə dərs deməyə vaxt qalmırsa, deməli, təhsil sistemində nəyisə kökündən dəyişmək lazımdır.


















