Azərbaycan iqtisadiyyatı “kölgə”dən “işığa” çıxır
İqtisadi inkişaf cəmiyyətin rifahı üçün əsas şərtlərdəndir. İnkişaf etmiş iqtisadi sistem yüksək sosial təminat deməkdir. Başqa sözlə, iqtisadiyyatı güclü olan dövlətin vətəndaşı da zəngin olur.
“Kölgədə olan günəşi görə bilməz”
Doğru deyimdir... Çünki iqtisadiyyatı kölgədə olan ölkənin vətəndaşları üçün işıqlı gələcək xəyaldır və iqtisadiyyatın inkişafını ləngidən səbəblər birbaşa vətəndaşın güzəranına da təsir edir. Buna görə də qanunsuz yollarla əldə olunan gəlirlərin həcminin azaldılması və “kölgə”də qalan iqtisadi sahələrin aşkara çıxarılması vacibdir. Azərbaycanda bu sahədə vəziyyət optimist notlara köklənib. Son zamanlar iqtisadi sahədə görülən işlər bu sahədə şəffaflaşmanın təmin olunmasına yönəlib və görünən odur ki, “kölgə”də olan sahələrin gün işığına çıxması müsbət nəticələrə səbəb olub.
Qeyd edək ki, 2019-cu ildən başlayaraq qeyri-neft sektorunun özəl bölməsində çalışan, aylıq əməkhaqqı səkkiz min manata qədər olan vətəndaşlar üçün yeddi il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib. Əhalinin əksər hissəsinin səkkiz min manatdan az maaş aldığını nəzərə alsaq, bu güzəştin böyük əhatə dairəsi olduğunu görmək çətin deyil.
Dövlət özəl sektor üçün çox böyük güzəşt etdi. Rəsmi açıqlamalara görə, güzəştin əsas hədəfi “kölgə iqtisadiyyatı”nın həcmini azaltmaq, əhali arasında məşğulluğu artırmaq, xüsusilə əməkhaqlarının leqallaşmasına nail olmaq idi. Dəyişiklikdən sonra – 2019-cu ildə ölkədə əmək müqavilələrinin sayı 153 min artdı. Onların böyük hissəsi – 99 minə yaxını məhz güzəştlərin verildiyi özəl sektorda qeydə alındı. Üstəlik, vətəndaşların büdcəyə ödəməli olduqları 300 milyon manatdan çox vəsait özlərinin sərəncamında qaldı.
Digər bir məqam 2019-cu ildən etibarən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin Vergilər Nazirliyinə həvalə edilməsidir. Sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin Vergilər Nazirliyinin funksiyasına aid edilməsində məqsəd sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin qanun çərçivəsinə salınması, əməkhaqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi idi. Burada sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması ilə bağlı məqam xüsusilə vurğulanmalıdır.
Qeyd edək ki, əvvəllər bu funksiya Dövlət Sosial Müdafiə Fonduna aid idi. Yəni Dövlət Sosial Müdafiə Fondu sosial sığorta haqlarını toplayıb dövlət büdcəsinə yönəldirdi. Lakin yığımı sahəsində olan boşluqlar vəsaitlərin büdcəyə yönəlməsinə əngəl törədirdi. Üstəlik, məcburi dövlət sosial sığorta haqlarınının yığılmasında artımla bağlı rəqəmlər səsləndirilsə də, bunu vətəndaşlar hiss etmirdi. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondu çatışmayan vəsaiti dövlət büdcəsindən alırdı və bu, qurumun büdcədən asılığını artırırdı.
Vergilər Nazirliyi bu sahədə işlərin təkmilləşdirilməsi üçün ilk növbədə, dövlət sosial sığorta haqlarının yığımı sahəsində problemləri təhlil etdi, mövcud çətinlikləri ictimai müzakirələrə çıxardı, bu sahədə təklifləri dəyərləndirdi və yeni mexanimzlər tətbiq etdi. Görülmüş işlərin nəticəsi olaraq, 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz artaraq, 2milyon 931 min 300 manata çatdı. İşsizlikdən sığorta üzrə daxilolmalar isə 39.1 faiz artaraq, proqnoz 125.9 faiz yerinə yetirildi.
Beləliklə, aparılmış işlərin nəticəsi olaraq nəzərdə tutulandan 183 milyon manatdan çox məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları toplandı. Daxilolmaların artması isə büdcə vəsaitlərindən asılılığı əhəmiyyətli şəkildə azaltdı. Təkcə 2019-cu ildə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 150 milyon manat azaldıldı.
Digər tərəfdən, sosial hesabatların vahid quruma təqdim edilməsi, onların sadələşdirilməsinə və elektronlaşdırılmasına yol açmaqla, vergi ödəyicilərinin işini asanlaşdırdı.
Və nəhayət, vergi daxilolmaları... Vergi sahəsində aparılan işlərin effektivliyi, ilk növbədə, vergi daxilolmalarının həcmində aydın görünür. 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7 672,6 milyon manata çatdı. Vergilər Nazirliyinin rəsmilərinin açıqlamalarına görə, ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1% yerinə yetirilib ki, bu da indiyə qədər əldə edilmiş ən yüksək göstəricidir: “Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və yaxud 9,1% artaraq 5 432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8% təşkil edir. Regionlar üzrə daxilolmalar isə 11,9% artaraq 795,4 milyon manat olub”.
Göründüyü kimi, büdcəyə daxil olan vəsaitlərin həcmində kifayət qədər yüksək artımlar var. Və bu artımlara paralel olaraq ölkədə ciddi sosial islahatlar aparılıb, pensiya sisteminin maliyyə dayanıqlığı gücləndirilib və pensiyalar artırılıb. Nəticədə, 2019-cu il ərzində yaşa görə əmək pensiyasınn orta məbləği 15 faiz artaraq, 295 manata çatıb.
Ümumilikdə isə respublika üzrə orta pensiya məbləği 262 manata çatıb. Son indeksasiyadan sonra isə yaşa görə orta pensiyanın məbləği 344 manata çatacaq. Ötən il fevral-mart aylarında pensiyaların minimum məbləği ilkin olaraq artırıldı. Minimum əməkhaqqı isə il ərzində iki dəfə artırıldı.
Bundan əlavə, 2019-cu ilin birinci yarısında problemli kreditlərlə bağlı müvafiq qanunvericilik aktı imzalandı. Bu da minlərlə insana həmin kreditləri ödəməyə kömək etdi. Məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrə ödənilmiş təqaüdlərinin məbləği artırıldı. 2019-cu ilin aprel ayında, demək olar ki, bütün növ müavinətlərin, Prezident təqaüdlərinin məbləğləri orta hesabla iki dəfə artırıldı.
Sosial müavinətlər əhalinin həssas kateqoriyasına verilən dövlət yardımıdır. Sosial müavinət alanların böyük əksəriyyəti əlilliyi olan şəxslərdir. Həmin artımlar ümumilikdə 570 mindən çox vətəndaşa şamil edildi ki, onların da 370 min nəfərə qədəri əlilliyi olan şəxslərdir. Müharibə iştirakçılarını fərqləndirmək məqsədilə onlar üçün yeni Prezident təqaüdü təsis edildi və 80 manat məbləğ müəyyən edildi. Ötən il təsis edilən daha bir təqaüd birinci dərəcəli əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşına çatmamış uşaqlara qulluq edən şəxslərə təyin edildi. 50 manat məbləğində bu təqaüd ümumilikdə 120 min nəfərdən çox şəxsə şamil olunub.
Ötən ilin iyun ayında müxtəlif fərmanlarla bir çox sahələrdə çalışan insanların əməkhaqları artırıldı. Burada artımlar 20-100 faiz arasında oldu.
Sentyabr-oktyabr aylarında il ərzində pensiyanın minimum məbləği ikinci dəfə artırılaraq, 200 manata, minimum əməkhaqqının məbləği isə 250 manata çatdırıldı. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər iki dəfə artırıldı. Ən əsası isə bu, son deyil. Daha çox gəlir daha çox sosial təminat deməkdir. Dövlət büdcəsinin gəlirləri artdıqca, vətəndaşlar bunu aldıqları məvacibdən tutmuş, istifadə etdikləri xidmətlərin keyfiyyətinə kimi bütün sahələrdə hiss etməyə başlayıblar.
“Günəşi görmək istəyirsənsə, kölgədən çıx!”
Azərbaycanda dövlət büdcəsinin təqribən 40 faizi sosial yönümlü xərclərə yönəldilib. Göründüyü kimi, “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması ilə bağlı həyata keçirilən tədbirlərin faydasını ən çox vətəndaş görür. Qısa müddət keçsə də, əldə olunan nəticələr sosial sahədə, cəmiyyətin həyatında ciddi bir canlanma yaradıb. Bütün bunlar qeyri-leqal fəaliyyətlə məşğul olanların cibinə gedən vəsaitin büdcəyə yönəldilməsi, dövlət və özəl sektorlarında şəffaflığın təmin edilməsi, struktur islahatları və s. nəticəsində mümkün olub və əldə edilmiş yeni gəlirlərin hesabına baş tutub.
Hazırda dövlət tərəfindən vətəndaşın sosial təminatının qorunması üçün müxtəlif alətlər tətbiq olunur. Lakin bəzi hallarda vətəndaşlar özləri də bilmədən “kölgə iqtisadiyyatı”nın iştirakçısına çevrilirlər və fərqinə varmadan sosial təminatlarını təhlükə altına salırlar. Nəticədə, illərlə işləyib, sonda az məbləğdə pensiya almalı olurlar. Bəzi hallarda isə pensiya almaqdan, ümumiyyətlə, məhrum olurlar. Buna görə vətəndaşlar da təşəbbüskar olmalı və ölkə iqtisadiyyatının “kölgə”dən tam çıxmasına yardım etməlidirlər.
Onlar iş yerlərində əmək müqaviləsini tələb etməli, vergiləri ödəməli, qanunsuz yollarla gəlir əldə etməkdən birdəfəlik imtina etməli, alış-veriş zamanı kassa çeki tələb etməli, qısacası, öz hüquqlarını müdafiə etməyi bacarmalı və şəffaf fəaliyyətə can atmalıdırlar. Çünki şəffaflıq parlaq gələcəyin qurulması üçün əsas şərtdir. Məşhur çin filosofu Konfutsinin dediyi kimi, “Günəşi görmək istəyirsənsə, kölgədən çıxmaq” ən düzgün yoldur.