AZAL 1,5 milyard manat zərərlə işləyib
"Azərbaycan Hava Yolları” QSC (AZAL) 2017-ci ili 41,568 milyon manat zərərlə başa vurub.
Qaynarinfo aviaşirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 83,7% azdır.
Bununla belə, qurumun yığılmış zərəri 3% də artaraq 1 433,579 milyon manata çatıb.
2017-ci ildə AZAL-ın əməliyyat gəlirləri 879,904 milyon manat (2016-cı illə müqayisədə 27,9% çox), əməliyyat xərcləri 883,184 milyon manat (25,05% çox), maliyyə xərcləri 91,636 milyon manat (33,2% çox), valyuta məzənnələrinin dəyişməsindən gəlirləri isə 53,348 milyon manat (2016-cı ildə zərər olub) təşkil edib.
2018-ci il yanvarın 1-nə AZAL-ın aktivləri 2 129,027 milyon manat olub ki, bu da bir il əvvələ nisbətən 1,2% azdır. Bunun 1 864,432 milyon manatı əmlak və avadanlıqlardır. Bu isə illik müqayisədə 1,4% çoxdur.
Hesabat dövründə aviaşirkətin öhdəlikləri 12,4% artaraq 2 634,027 milyon manata, balans kapitalının çatışmazlığı isə 2,7 dəfə artaraq 505 milyon manata çatıb.
Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Səhmləri 100% dövlətə məxsus aviaşirkətin nizamnamə kapitalı 823,974 milyon manatdır.