Qəzənfər Ağayevin rayonunda dərd dərd üstünə... - Başçı isə öz işindədir...
"Yağış yağanda kənd içində əl-ayaq çəkilir, heç kim evdən çölə çxmır. Çünki küçə ilə getmək, yolu keçmək mümkün deyil. Hər yeri su basır, bu yaxınlarda məktəbə gedən uşaq su ilə dolu çuxura düşdü, həyatını zorla xilas etdik. Uşaqları məktəbə göndərə bilmirik. Sonra da deyilər, kənd yerlərində məktəbə davamiyyət niyə aşağıdır. Gərək uşaq yol tapa ki, məktəbə gedə...”
Astaranın Pensər kəndində xeyli sosial problem var. Ancaq hazırda bu problemlərdən ən vacibi kəndiçi yollarla bağlıdır. Kənd sakinləri danışır ki, yağış yolları palçıqlı və keçilməz etdiyindən böyüklər işə, balacalar məktəbə gedə bilmir: "Sovet vaxtı heç olmasa vaxtaşırı gətirib bu yollara daş-çınqıl tökərdilər, indi kənd lap baxımsız qalıb. Bir kəndin vəziyyətini bilmək istəsən, eləcə yollarına bax, sənə hər şey aydın olar. Bizim də kəndin vəziyyəti yollarından bəlli... Uşaqları məktəbə yollaya bilmirik. Hamısı dizəcən palçığa batır. Bu tərəflərə təcili yardım maşını gəlmir, qışboyu qonaq-qara olmur, yağış yağanda evlərimizdən başımızı çölə çıxara bilmirik, çünki palçıqdan ayaq basmağa yer tapmırıq”.
"Dəfələrlə özümüz pul toplayıb çınqıl alıb tökmüşük. Kənd də kasıb kənddir, adamlarda çörək almağa pul yoxdur. Bunu tez-tez eləmək olmur. Bu problem dövlət səviyyəsində yerli-dibli həll olunmalıdır”, - kənd sakinləri deyir.
"Yayda uşaqlar bağçaya gedə bilmir, yolun bütün tozu uşaqların ciyərlərinə hopur, maşın keçəndə təkərlərin qopardığı toz dumanının içində uşaqlar itib-batırlar. Qışda da topuğa qədər palçıq, su ilə dolu çuxurlar yeriməyə çətinlik yaradır. Bir də görürsən bir ata uşağın birini boynunda oturdub, o birini qucağında tutub, ya kürəyinə şəlləyib, palçıqdan keçirib bağçaya, ya məktəbə aparır. Yollar təmir olunmadıqca palçıq, çıxırlar ilbəil daha da artır, dərinləşir”, - kənd sakinləri danışır.
Daha bir problem kənddəki 1 saylı orta məktəbin durumuyla bağlıdır. Sakinlər deyir, təmirsiz məktəb övladlarının həyatı üçün təhlükə mənbəyinə çevrilib: "Sovet vaxtı tikilmiş məktəb bircə dəfə də olsun əsaslı təmir edilməyib. Tavanı, döşəməsi köhnədir, sinif otaqları rütubətlidir, nəmişlik uşaqların daxili orqanlarını sıradan çıxarır. Bina qəzalı vəziyyətdədir, soyuqdur, uşaqları məktəbə göndəririk, saatlarla soyuq siniflərdə oturduqlarından tez-tez soyuqlayıb xəstələnirlər”.
Kənddə enerji transformatoru da istifadəyə yararsızdır. Sakinlərin deməsinə görə, nəticədə kənd tez-tez işıqsız qalır. Kənddəki yeni yaşayış massivində isə qaz xətti yoxdur.
Onlar illərdir sadalanan problemlərin həlli üçün aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər.