Peşə liseyinin keçmiş direktoru haqda ŞOK İTTİHAMLAR - VİDEO
Gəncədəki 3 saylı peşə litseyinin sabiq direktoru Fazil İsmayılovun qanunsuz əməlləri ilə bağlı redaksiyamıza sözügedən təhsil ocağının müəllimi Əli Şərifli tərəfindən şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, təhsil naziri Ceyhun Bayramova, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət edən müəllim yazır:
“Gəncədəki 3 saylı peşə litseyinin sabiq direktoru Fazil İsmayılov rəhbərlik etdiyi təhsil ocağına özünün “pul xırmanı” kimi yanaşaraq, yetim şagirdlərin də təqaüdlərini mənimsəyirdi. Bu cür idarəçiliyi ilə korrupsiya və rüşvətxorluğa meydan açan, liseyin inventarlarını və digər maddi resurslarını qorxmadan talayan direktor ancaq varlanmağı hədəfləyirmiş. Sən demə, büdcə talançılığını həm də valideynlərini itirmiş şagirdlərinə qarşı, özü də amansızcasına edə bilirmiş...
Yetim-yazıq demədən əlinə keçən şagirdin aylıq təqaüdünü "həzm rabe"dən keçirən bu "elm adamı" nın yarıtmaz fəaliyyəti nəticəsində liseydə tədris və şagirdlərin dərslərə davamiyyəti aşağı olub. Çünki Fazil İsmayılovu şagirdlərə keyfiyyətli peşə tədrisi və nizam-intizam əsla maraqlandırmayıb, o, ancaq tabeliyindəkilərin əli ilə bac-xərac yığıb.
Onlarla tələbə təqaüdlərindən doymayan direktor və yaxın əlaltıları müxtəlif səbəbdən dərs buraxan şagirdlərin valideynlərindən əlavə haqq da yığdırıb. Biabırçı məqam isə odur ki, direktor görk olsun deyə, "sözünə baxmayan" şagirdlərin bir neçəsini liseydən (təhsildən) uzaqlaşdırıb.
Direktor litseyin şagirdi Ömər Həsənovun anasına telefon zəngi etdirərək Ömərin yanvar-fevral-mart ayları üçün dərsə gəlmədiyini, qiymətlərinin yazılmadığını bildirir. Əvəzində şagirdin anasından 3 aylıq təqaüdün pulunu ödəmələrini tələb edib. Son ay üçün isə kartı tələb edib. Ana isə cavabında oğlu Ömərin həmin pulu alıb xərclədiyini deyib, istənilən pulu vermək üçün özünün pensiyasını alması üçün vaxt istəyir. Nəticədə ana pulu verə bilmir və oğlu liseydən qovulur.
Bundan başqa, Ülvi Məmmədov adlı şagird də Bakıda yaşayır. Dərsə gəlməsə də liseydə "pul gücünə" təhsil alır. Bu şagirdin də kartı əlindən alınıb.
Bir valideynini itirmiş başqa şagirdlər də kartlarının direktor tərəfindən mənimsənilməsinə şikayət ediblər.
Bunlardan İsmayılov Əhliman Ruslan oğlu, Qasımov Murad Əbülfəz oğlu, Abdullayev Qurban Akif oğlu, Tanrıverdiyev İmran İlqar oğlu, Sadıqov Əziz Asif oğlunun yazmış olduqları ərizələri misal gətirmək olar. O şagirdlər də direktorun hədə-qorxu ilə "kart bazarı" açdığını, təcrübə adı ilə də 20 manat yığdırdığını yazırlar.
Yuxarıda qeyd edilən faktlarla əlaqədar qeyd etmək olar ki, şagirdlərin pul və təqaüd kartlarının mənimsənilməsində liseyin direktoruna yardım edənlər olub.
Şəkillərdə bir neçə tələbə onların təqaüd kartlarının Fazil İsmayılov tərəfindən mənimsənilməsini öz imzaları ilə təsdiq edib.
Aşağıdakı linkdə Fazil müəllimin qardaşı oğlunun köməyi ilə litseyin müəllimlərindən rüşvəti yığmaq videosunun biri verilib. Məlumat üçün bildirmək istəyirəm ki,videoda pulu verən müəllim mənəm (Əli Şərifli – red.).
Fazil İsmayılovun bunca cinayət əməllərinə, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tam susqunluq nümayiş etdirdi. Fazil İsmayılov da özünü ərköyün korrupsioner kimi aparırdı.
Nəhayət, Fazil İsmayılov tutduğu cinayət əməllərinə görə vəzifəsindən azad olundu. Bundan sonra, o, çalışdı ki, Gəncə Dövlət Universitetinə kafedra müdiri vəzifəsinə keçsin. Lakin rektor Yusif Yusibov buna imkan vermədi, onu işə götürmədi. Bunun əksinə, Azərbaycan Texnologiya Universiteti Fazil İsmayılova qucaq açdı.
Bəli, Azərbaycan Texnologiya Universiteti və Peşə Təhsili üzrə Dövlət Agentliyi 3 saylı peşə liseyinin sabiq dirktoru Fazil İsmayılovu himayəsinə alıb desək, yəqin ki, yanılmarıq. Belə ki, əvvəllər avtobus parkında mühasib, daha sonra isə GDU-da müəllim vəzifəsində çalışan, ixtisasça əmək təlimi müəllimi olan, lakin naməlum səbəblərdən iqtisadçı olan Fazil İsmayılov çox keçmədi ki, ona “arxa-dayaq” olan şəxslərin köməkliyi ilə 2016-cı ilin oktyabr ayında 3 saylı Peşə Liseyinə direktor təyin olundu. Təyinatından az sonra o, liseydə “reformalar” keçirmək adı altında, bir neçə nəfəri işindən uzaqlaşdırıb, onları işsiz qoya bildi. Bu şəxs direktor işlədiyi ötən illər ərzində liseyin daxilində çəkişmələr, söz-söhbətlər “pik nöqtə” yə çatdı və baş verən hoqqalar səbəbindən də, neçə-neçə şəxslər işsiz qaldı. Elə şəxslər də oldu ki, onlar Fazil İsmayılovla “dil tapmağın” mümkünsüzlüyünü hiss edib, özləri liseydən uzaqlaşdılar və başqa sahələrdə iş axtarışına çıxdılar.
Peşə Təhsili üzrə Dövlət Agentliyində baş verənlərlə bağlı lazımi qədər məlumatlı olsalar da, nədənsə agentlikdə səlahiyyət sahibi olanlar Fazil İsmayılovun hoqqalarına göz yummaq qərarı verdilər. Həmin dönəmdə işçilərdən bir neçəsi məhkəməyə müraciət edib bəraət ala bilsələr də, onlar sabiq direktorun şər-böhtanlarından kənarda qalmaq üçün bir daha liseyə qayıtmadılar. Əldə etdiyimiz məlumatlara görə, həmin şəxslər bu gün də işsiz qalmaqdadırlar.
Bir faktı da qeyd edək ki, Fazil İsmayılov direktor işlədiyi illər ərzində narazılıqlar getdikcə artdı və vəziyyət o həddə gəlib çatdı ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi bu şəxsə “jest edib” onu kollegiyanın qərarı ilə deyil, məhz yumşaq şəkildə desək, öz ərizəsi əsasında daşıdığı vəzifəsindən uzaqlaşdırmaq üçün razı sala bilirlər. Düşündürücü hal odur ki, Fazil İsmayılov hansı kollektivə rəhbərlik edibsə, bütün zamanlarda işlədiyi kollektivdə narazılıqlar yaradıb. Yəni bu şəxsin xarakterik xüsusiyyəti, həyata keçirdiyi idarəçiliyin mahiyyəti belə olub.
Bütün bunlara baxmayaraq, adıçəkilən bu şəxsi Gəncə Dövlət Universitetinin rəhbərliyi deyil, Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi işə qəbul etdi. Bu şəxsin yarıtmaz idarəçiliyi sayəsində işsiz qalanlar, hələ də işlə təmin olunmasalar da, artıq Fazil İsmayılov yeni vəzifəsinin icrasına “start verdi”.
Bildirək ki, bu şəxsə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən edilən güzəştlər yenə də davam etməkdədir. Belə ki, heç bir korrupsiyaya yol vermədən fəaliyyət göstərdiyini iddia edən Azərbaycan Texnologiya Universiteti, vaxtilə işdə qol qoyduğu ciddi nöqsanlar səbəbindən daşıdığı vəzifəsindən azad olunan Fazil İsmayılovu əmək kitabçası olmadan işə qəbul edib. Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən bu günə kimi Fazil İsmayılova əmək kitabçasının qaytarılmamasının səbəbi isə, onun ticarət və xidmət üzrə 3 saylı Peşə Liseyində direktor vəzifəsini daşıyarkən, liseyi təhvil-təslim etməməsidir. O, 2019-cu ilin avqust ayında direktor vəzifəsindən xaric olunsa da, işlədiyi 3 saylı Peşə Liseyinin invertarları, mühasibatlığı və s. təhvil-təslim etmədən, bu gün eyni nazirliyə tabe olan təhsil müəssisəsində işlə təmin olunması Fazil İsmayılovun güclü himayədar tərəfindən himayə olunmasından xəbər verir. Bu da onu söyləməyə əsas verir ki, Təhsil Nazirliyi ilə bərabər, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi də sabiq direktora “yaşıl işıq” yandırıb. O halda sual oluna bilər ki, görəsən Fazil İsmayılovun günahı ucbatından işsiz qalan şəxslərə nə vaxt “yaşıl işıq” yandırılacaq?! Belə bir düşündürücü sualın cavabı uzun müddətdir ki, bu sahədən məlumatlı olan gəncəliləri hələ də düşündürməkdədir
İndi isə Fazil İsmayılov yenidən Gəncə Dövlət Universitetində müəllim olmaq üçün dəridən qabıqdan çıxır. Tələbələrin kartlarını mənimsəyən, litseyin avadanlıqlarını yeyib dağıdan bir insan müəllim adını necə daşıya bilər?!
Bu adam bu günlərdə Təhsil Naziri Ceyhun Bayramova müraciət edib ki, Azərbaycan Texnologiya Universiteti ilə bərabər, Gəncə Dövlət Universitetində də yarım ştat müəllim vəzifəsini tutmaq üçün ona köməklik göstərsin.
Bəli, demək, kimin “daydayı”sı varsa, həmin şəxsə hər şey olar, kim sıradan bir şəxsdirsə, həmin şəxsin işsiz qalması kimisə düşündürməz. Bax, budur faciə, budur özgürlük!”
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//hurriyyet.org//