Bəhmən Səfərəliyevin Hoçaz yüksəkliyində qıy vuran ruhu
AVMVİB rəhbərliyi və 713 saylı hərbi hissənin döyüşçülərinin iştirakıyla Şəhid BƏHMƏN ÇƏRKƏZ OĞLU SƏFƏRƏLİYEVin ailəsi ilə görüş keçirilib. Bu, həmin Bəhmən Səfərəliyevdir ki, ucaldığı Şəhidlik Zirvəsinə də taleyin bir ironiyası hakim kəsildi. Onun ölümündə də bölünmüş Azərbaycanın taleyi yaşandı.
Rusların və farsların işğalçı siyasəti nəticəsində Güney və Quzey Azərbaycana parçalanan Vətənimizin Şəhid Övladlarının talelərinə də belə parçalanmalar düşdü. Özləri bu gün Şəhidlər Xiyabanında uyusalar da, Şəhid qardaşlarımızın Kəsik Qolları, Kəsik Qıçları bu gün Qarabağ səması üstündə qıy vurur, para hesabına mənəviyyatı zorlanan millətin biganəliyinə, nankorluğuna, unutqanlığına baxıb “hanı yuvam, yurdum, hanı: qəmə boyun burdum, hanı: gəldi yazın kor dumanı: yəqin yalquzaq doğulur” deyə haray çəkib bizi səsləyirlər. Şəhid qardaşımız Bəhmən Səfərəliyevin də cisminin bir parçası bu gün Laçında düşmənlə hələ də mübarizə aparmaqda və bizləri səsləməkdədir...
CİSMİNİN YARISI ŞƏHİDLƏR XİYABANINDA, YARISI PİRCAHANDA...
HAŞİYƏ:
Bəhmən Səfərəliyev 10.01.1961-ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub. Orta məktəbi öz kəndlərində bitirdikdən sonra Şuşa texniki peşə məktəbində oxuyub. 1979-1981-ci illərdə sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra Bakıya gələn Bəhmən Qançöçürmə İnstitutunda və digər yerlərdə sürücü kimi işləyib.
1988-ci ildə erməni separatizmi baş qaldıranda Bəhmən öz doğma kəndinə qayıdıb ümumi səfərbərlikdə aktiv iştirakçılardan birinə çevrilib.
1992-ci il 18 mayda Laçın işğal olunandan sonra könüllü olaraq yeni formalaşan 713 saylı hərbi hissəyə daxil olur. Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
19.09.1992-ci ildə Laçın rayonu, Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə hərbi hissənin əsgərlərini ərzaq və silah sursatla təmin etmə işində misilsiz xidmət göstərmişdir. Döyüş zamanı yaralı silahdaşlarını idarə etdiyi maşınla aktiv döyüş zonasından çıxararkən minaya düşüb. Döyüş yoldaşları tərəfindən xəstəxanaya çatdırılsa da, bir gün sonra Bəhmən Səfərəliyev Şəhid olub. Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır.
Bu gün Pircahan kənd orta məktəbi ilk Şəhidi olan Bəhmən Səfərəliyevin adını daşıyır...
713 saylı hərbi hissənin döyüşçüləri də öz can qardaşlarının xatirəsini yad etmək üçün dünən Xırdalanda toplanmışdılar – öz Anaları sandıqları Bəhmən Səfərliyevin Anasının hüzurunda...
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yolunda canını fəda etmiş Şəhidlərimizin Ruhuna dualar oxunduqdan sonra keçmiş döyüşçülər Şəhid qardaşları haqqında öz xatirələrini dilə gətirdilər.
Azər Paşayev: “Bəhmən düşmən minasına yeddinci reysdə düşmüşdü”
Bəhmən Səfərəliyevlə bağlı xoş xatirələrini görüş iştirakçılarıyla bölüşən 713 saylı hərbi hissədə komendant rotasında xidmət etmiş AZƏR PAŞAYEV belə ziyarətlərin məqsədini həm Şəhidin anasına, həm də digər iştirakçılara açıqladı:
“Bəhmənin Ruhu hər zaman bizim üçün əzizdir. Anacan, sən biləsən ki, biz də hər birimiz sizin dərdinizə şərikik və hər zaman yanınızdayıq. O zaman bizə verilən iki maşına mən cavabdeh idim. Dedilər ki, masının birini göndərin getsin. Mən o maşını kimə verə bilərdim. O zaman hərbi təyinatlı maşın yox idi. Sonra məni çağırdılar Müdafiə Nazirliyinə və dedilər ki, həmin maşınlar elə bir şəxsə verilməlidir ki, o adam cəsur olmağıyla yanşı həm də bu maşınlarla çox yüksək xidmət göstərməyi bacarsın, dağlıq relyefdə gözəl idarəetmənin bacarsın. Ümumi söhbətlər aparılandan sonra bəlli oldu ki, belə bir adam var və bu da bizim Bəhmən qardaşımız idi. Və beləcə mən maşını Bəhmənə verib dedim qardaşım, sağ-salamat gələsən. Sonra eşitdim ki, harada bir od yağırsa, Bəhmən o odun içindən yaralılarımızı çıxarır. Bəhmən düşmən minasına yeddinci reysdə düşmüşdü”.
Kamil Şirinov: “Şəhidlər mükafatlarını Allah dərgahında alıblar”
Tədbirdə çıxış edən AVMVİB sədrinin birinci müavini, həm də 713 saylı hərbi hissədə həkim kimi döyüş yolu keçən Habil Şirinovun qardaşı KAMİL ŞİRİNOV təşkilatın sədri FÜZULİ RZAQULİYEVin salamlarını və bu tədbirdə üzürlü səbəblərə görə iştirak edə bilmədiyinə görə üzrxahlığını Şəhid Bəhmən Səfərəliyevin anası MƏHBUBƏ SƏFƏRƏLİYEVAya çatdırdı. Şəhid ailələrinə münasibətdə keçmiş döyüşçülərin belə sayğıyla yanaşmalarının bütövlükdə cəmiyyətə bir örnək olduğunu bildirdi:
"Bizim Şəhidlərimizin həyatı hərəsi bir əsərdir. Mənim Habil qardaşım da 713 saylı hərbi hissədə həkim kimi döyüşüb. Şəhidlər öz mükafatlarını Allah dərgahında alıblar. Onlar ölü deyillər, onlar diridilər. Allah bizləri onların yanında xəcalətli etməsin ki, onların yanında gedəndə alnıaçıq olaq. Biz AVMVİB olaraq bütün şəhid ailələrini, əlilərimizi hər zaman yad etmişik və bundan sonra da edəcəyik. Sevindirici haldır ki, belə qruplar da formalaşmaqdadır və bu qrupların öz döyüş yoldaşlarını arayıb axtarmaları gözəl bir haldır, alqışlanasıdır. Biz də Şəhid ailələrini hərt zaman yad etməyi öz boyun yükünmüz sanır və az da olsa onlara təsəlli timsalında öz daxili imkanlarımız hesabına təsis etdiyimiz “Müharibə veteranı” xatirə medalını təqdim edib hörmətlə yad edirik”.
Kamil Şirinov ona təşkilat tərəfindən təsis edilən müharibə veteranları üçün xatirə medalını təqdim etdi.
Rafiq Şükürov: “Tapşırıqları anındaca həll edirdi”
Görüşdə çıxış edən RAFİQ ŞÜKÜROV Bəhmənin həm uşaqlıq, həm də məktəb illərinin dostu olub. Şəhidimizlə bağlı duyğularını dilə gətirən Rafiq Şükürov Bəhmənlə çiyin-çiyinə erməni vandallarına qarşı birgə döyüşdüyündən qürur hissi keçirdiyin vurğuladı:
“Bəhmən haqqında danışmaq mənim üçün həm asan, həm də çətindir. Mən Bəhmənlə qonşu olmuşam. Uşaqlıq illərimiz bir yerdə keçib. Orta məktəbi bir yerdə oxumuşuq. Bəhmən çox gözəl xarakterə malik bir adam idi. Bəhmən nəyə söz verirdisə tam zamanında və qədərindən də artıq bir şəkildə yerinə yetirirdi. Müharibədə də belə idi. Bütün tapşırıqları anındaca həll edirdi”.
Daşqın Paşayev: “Bəhmənin timsalında qəhrəmanlıq salnaməsinin şahidi olmuşuq”
“Sovet dönəmində düşmən tərəfindən 21 əsgəri məhv edən döyüşçüyə “Sövet İttifaqı Qəhrəmanı” adı verilirdi” deyən 713 saylı hərbi hissənin keçmiş döyüşçülərindən olan DAŞQIN PAŞAYEVin bildirdiyinə görə “torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin Ruhu qarşısında bu gün biz hamımız günahkarıq. Çünki bizlər hələ də qan qardaşlarımızın, can qardaşlarımızın arzu və istəklərini gerçəkləşdirə bilməmişik. Biz Bəhmənin timsalında əsil qəhrəmanlıq salnaməsinin şahidi olmuşuq. Döyüş zamanı güllə yağış kimi yağdığı bir vaxtda hər oğulun işi deyildi ki, düşmənlə qarşı-qarşıya olsa da, maşınla yaralıları o zonadan çıxarsın. Maşın böyük hədəfdir. Bəhmən minaya düşdüyü yeri artıq yeddinci dəfə idi ki, keçirdi. Bəhmən sözün əsil mənasında qəhrəmandır. Belə Oğulların qəhrəmanlıqları cəmiyyətə daha geniş spektrdə təqdim olunmalıdır. Qardaşımızın anası bizim anamızdır. Bəhmənin oğlu İkram bu gün bizimlə bir yerdə Şəhid qardaşımızın amalları uğrunda çaslışmaqdadır. Allah Bəhmən qardaşımıza rəhmət eləsin”.
Müşfiq Rəhimov: “Bəhmən dedi ki, ölməyə yox, öldürməyə gəlmişik”
Bəhmən haqqında xoş xatirələrini danışan Şəhidimizin silahdaşlarından olan MÜŞFİQ RƏHİMOV üç övladını Vətən torpaqlarının müdafiəsinə yola salan Məhbubə Ananın qarşısında baş əyib, “yurdumuz belə uca varlıqların sayəsində var olacaq” söylədi:
“Anacan, sən özün bizim millət üçün bir qəhrəmanlıq simvolusan. Bu, hər kəsin bacaracağı iş deyil ki, Vətənin dar günündə üç övladına əsgər andı içdirib döyüşə göndərə. Bizim kənddə 5 nəfər fəxr ediləsi oğul varsa, onun biri də Bəhməndi. O vaxtı biz Kamran müəllimin evində qalırdıq. Gecə gördük ki, erməninin texnikası gəlir. O zaman orada başqa batalyondan olan uşaqlar da var idi, nə qədər ağrılı olsa da, demək zorundayam ki, səhərə yaxın onlar qaçdılar. Bizim kənddən orada 35-36 uşaq var idi. Onda Bəhmən bizə yaxınlaşıb dedi ki, birdən siz də qorxub qaçarsınız haaa. Mən də öz aləmimdə yekə-yekə dedim ki, biz hara qaçasıyıq, biz burada ölmək lazım olsa belə öləsiyik. Bəhmən mənə dedi ki, biz bura ölməyə yox, öldürməyə gəlmişik. Hamımıza ürək-dirək verirdi”.
Mehrab Bağırov: “Şəhid olmaq uca yaradanın bəndəsinə lütfüdür”
“Bəhmən ölməyib, bu gün də yaşayır” deyən 713 saylı hərbi hissədə əvvəlcə qranatamyotçu, sonradansa bu hərbi hissənin maliyyə işləri üzrə pəisi olan MEHRAB BAĞIROVun fikrincə, şəhid olmaq Uca Yaradanın öz bəndəsinə böyük bir lütfüdür:
“Bəhmən çox az danışan adam olsa da, ancaq söhbətlərində bir təmizlik, bir dürüstlük var idi. Həmişə öz böyüklüyünü göstərirdi. Səxavətli idi, axırıncı tikəsini belə yoldaşla bölməyi bacaran kişi idi Bəhmən. Mən elə bilirdim ki, onun övladı yoxdu, ancaq biləndə ki, bu, heç də belə deyil, onda çox sevindim. Bəhmən və Bəhmənin timsalında bütün Şəhidlərimiz bircə gün belə bizim yadımızdan çıxmayıb. Tez-tez Xiyabana baş çəkir, öz övladlarımıza Şəhid qardaşlarımız, onların döyüş yoluyla bağlı bütün informasiyaları veririk. Bəhmən Şəhidlik Zirvəsinə ucalmaqla anacan, sizə həm də bizlərin timsalında çoxlu övlad qazandırdı”.
Qəşəm Rzayev: “Özü Şəhid oldu, ancaq neçə yaralıya həyat bəxş etdi”
713 saylı hərbi hissədə həkim və həm də kəşfiyyatçı kimi döyüş yolu keçən QƏŞƏM RZAYEV “öz ölümüylə başqalarına həyat bəxş edən Bəhmən Səfərəliyev” haqqında danışmağa çətinlik çəkdiyini bildirsə də, ancaq müharibə dövrünün özəlliklərini nəzərə alaraq bu çətinliklərin özlüyündə bütövlükdə toplum üçün bir örnək olduğunu vurğuladı:
“Müharibənin özünəməxsus qanunları Bəhmənlə mənim aramda uzun-uzadı söhbətlərin baş tutmasına da təsirini göstərmişdi. Orada bizim bir-birimizdən daha çox, silahlarımız danışırdı – düşmənə tuşlanan silahlarımız. Bəhmənin minaya düşdüyü anda biz necə igid bir qardaşımızı itirdiyimizi anladıq. Hoçaz yüksəkliyi kimi strateji mövqeyi ələ keçirmək uğrunda gedən döyüşdə çoxli itki və yaralılar oldu. Həmin ərazi düşmən tərəfindən müdafiə olunduğuna görə döyüş çox ağır keçirdi. Yüksəklikdə mövqe tutan düşmən hər tərəfə atəş açırdı. Döyüş xəttini keçib yaralıları bu mövqedən uzaqlaşdırmaq çox böyük risq tələb edirdi. Yəni, əgər sürücü ora girirdisə, demək ki, bu adam öz həyatına risq edirdi. Çünki həmin ərazi minalanmış bir sahə idi. Bəhmən qardaşımız buna baxmayaraq həmin əraziyə girib yaralıları çıxarırdı. Üstəlik o ərazidən çıxandan sonra gəlib Mişni çayından keçilməli idi ki, burada da körpü yox idi. Çaydakı axın sürətinə müqabil belə kiçik maşınla oradan keçmək də mümkün deyildi. Relyefin çətinliyinə baxmayaraq Bəhmən bunun öhdəsindən çox qəhrəmanlıqla gəlsə də, çox təəssüf ki, özü də bu yolda Şəhid oldu. Bəhmən qardaşımız özü Şəhid olsa da, neçə yaralıya həyat bəxş etdi”.
ŞƏHİD QARDAŞININ ARZUSU
Görüşün sonunda Şəhid qardaşının Ruhuna sayğı göstərdiklərinə bütün ziyarətçilərə öz təşəkkürünü bildirən RƏHİM SƏFƏRƏLİYEV vətən torpaqlarının işğaldan azad edilməsinin ən müqəddəs vəzifə olduğunu vurğuladı:
“Bu gün Şəhid Ruhlarının harayı bunu bizdən tələb edir. Biz o haraya səs verməliyik. Uca Yaradan Şəhid qardaşlarımızın uğrunda can qoyduqları yurd yerlərimizi tezliklə işğaldan azad etməyi bizlərə nəsib etsin”...
Allah rəhmət eləsin!
BEYRƏK KAZIMLI
tv 713