Bakıda "Nəqliyyat B2B Forumu" keçirilib
Bu gün “Caspian European Club”un təşkilatçılığı ilə Bakıda “Nəqliyyat və logistika” mövzusuna həsr olunmuş “B2B Forum Baku” keçirilib.
XəbərTv.info-nun APA-ya istinadən verdiyi məlumata görə, forum çərçivəsində “ADY Konteyner” MMC, “ASE ASIA SKY Express”, “Hellmann Worldwide Logistics”, “LV Caspian Shipping” şirkətlərinin nümayəndələri qısa təqdimatla çıxış edərək fəaliyyətləri barədə danışıblar.
Tədbirdə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyinin nümayəndələri, həmçinin diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin top-menecerləri və ekspertlər iştirak ediblər.
Forum “Caspian European Club” tərəfindən beynəlxalq biznes-netvorkinq üçün yaradılmış unikal platformadır. Forum çərçivəsində biznes təmsilçiləri qısa təqdimatlar keçirir və fəaliyyətləri barədə məlumat verirlər.
Bakı, Almatı və Tbilisidə hər ay keçirilən B2B forum qeyri-rəsmi şəraitdə ünsiyyət və Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələrin qurulması üçün əlavə platformadır.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.